AZ EN RU

Muxtar respublikada tikinti-quruculuq işləri uğurla davam etdirilir

10 aprel İnşaatçılar Günüdür 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
    İnşaat sektorunun inkişafı, bütövlükdə, ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biri hesab edilir. Məhz buna görədir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdi. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə milli memarlıq üslubu saxlanılmaqla genişmiqyaslı quruculuq proqramı həyata keçirilmişdir.

    Ulu öndərin siyasi xəttinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da, nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur. 

    Bu gün Naxçıvan Muxtar Respublikasında yenidənqurma, qurucu­luq işləri uğurla davam etdirilir, şəhər və rayonlarımızda müasir binalar ucaldılır, tarixi abidələr bərpa olunur. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. Kifayət qədər təcrübə sahibi olan muxtar respublika inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür, Naxçıvan memarlıq məktəbinin ənənələri yaşadılır. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada tarazlı inkişaf təmin olunmuş, investisiya qoyuluşları bütün fəaliyyət istiqamətlərini əhatə etmişdir. Belə ki, 2021-ci ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 1 milyard 62 milyon 165 min 800 manat vəsait yönəldilmişdir ki, bunun da 1 milyard 6 milyon 544 min 300 manatı və ya 94,8 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Aparılan işlər təsərrüfat həyatının bütün sahələrini əhatə edir.     Ötən il muxtar respublikada 2944 şagird yerlik 10 məktəb binası, 10 kənd və 10 xidmət mərkəzi daxil olmaqla, 355 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 149 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir. 2021-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.

    Müstəqillik illərində muxtar respublikanın quruculuq xəritəsi xeyli genişlənmiş, yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilərək istifadəyə verilmişdir. Belə ki, ötən dövrdə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri 12 milyard 852 milyon 434 min 800 manat olmuşdur ki, bunun da 11 milyard 591 milyon 423 min 600 manatı və ya 90,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuş, 233 elm və təhsil ocağı, o cümlədən 174 ümumtəhsil məktəbi, 364 mədəniyyət obyekti, 252 səhiyyə obyekti, 29 idman obyekti, 353 inzibati bina, o cümlədən 153 şəhər, qəsəbə və kənd mərkəzləri, 61 nasos stansiyası, 328 subartezian quyusu, 1346 istehsal və xidmət sahəsi, 109 körpü tikilərək, 198 elm və təhsil ocağı, o cümlədən 135 ümumtəhsil məktəbi, 205 mədəniyyət obyekti, 70 səhiyyə obyekti, 29 idman obyekti, 288 inzibati bina, o cümlədən 29 kənd mərkəzi, 114 nasos stansiyası, 122 subartezian quyusu, 86 körpü, 3918,3 kilometr yol yenidən qurularaq və ya əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
    Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində ötən il 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının və Şərur rayonunda Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Şərur rayonunun Maxta və Muğanlı kəndlərində 35/10 kilovoltluq transformator yarımstansiyalarının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılmış, Culfa rayonunda 132/110/35 kilovoltluq elektrik yarımstansiyasının tikintisi davam etdirilmişdir.
    Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Yol-nəqliyyat infrastrukturunun da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu gün muxtar respublikada aparılan tikinti-qurucu­luq işlərinin əsasını təşkil edir. Son illər muxtar respublikanın bütün bölgələrində avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin olunmuş, şəhər və rayon mərkəzlərində müasir yollar çəkilmiş, magistral və yerli əhəmiyyətli yollar yenidən qurulmuşdur. Ötən il Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən Culfa-Ordubad magistral avtomobil yolu inşa olunmuşdur. Həmçinin Naxçıvan şəhərində iki avtomobil yolunun, Culfa şəhərində daxili avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Babək rayonunun Göynük, Araz, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs, Ordubad şəhər-Aşağı Əndəmic və Şərur rayonunun Şəhriyar, Çərçiboğan, Dərvişlər kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılmışdır. Naxçıvan şəhərində iki avtomobil yolunun, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhər-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
    Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Çərçiboğan, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz kənd­lərində feldşer-mama məntəqələrinin tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, Ordubad Rayon Uşaq Xəstəxanası binalarının və Babək rayonunun Göynük kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılmışdır.
    Muxtar respublikada milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bu istiqamətdə 2021-ci ildə Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmiş, Naxçıvan şəhərində Uşaq Kitabxanasının və Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmişdir. 
    Ötən ilin ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirak etmiş, “ASAN xidmət” Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubad Dəmir Yolu Stansiyasının yenidən qurulması ilə tanış olmuşdur. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
    Peşə bayramlarını qeyd edən muxtar respublika inşaatçıları bundan sonra da əzmlə çalışacaq, yaradıcı əməklərini müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daha da inkişafına sərf edəcəklər.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Nəşr edilib : 09.04.2022 23:50