AZ EN RU

Muxtar respublikada taxıl biçini başlayıb

2021-ci ilin payızı və 2022-ci ilin yazında ümumilikdə muxtar respublikada 33466 hektar sahədə taxıl əkini həyata keçirilib. Bunun da 21378 hektarını buğda, 12088 hektarını isə arpa əkini təşkil edir.

Muxtar respublikada mütəşəkkil hazırlıqdan sonra taxıl biçininə başlanılıb. 93 kombayn, 690 traktor, 314 presvuran, yüzlərlə digər maşın və mexanizm cəlb olunmaqla biçin kampaniyasının optimal müddətdə başa çatdırılması təmin olunacaq. İlkin olaraq Ordubad, Culfa və Kəngərli rayonlarının taxılçıları sahələrə çıxıblar.

Muxtar respublikada taxılçılığın geniş inkişaf etdiyi bölgələrdən biri də Ordubad rayonudur. Bu il rayonda 1607 hektarda taxıl yetişdirilib. Bunun 530 hektarını buğda, 1077 hektarını isə arpa təşkil edir. Sahələrdə taxılçılıqda mütərəqqi metod sayılan şırım üsulu tətbiq olunub. Aqrotexniki tədbirlərə düzgün əməl edildiyindən sahələrdə bol məhsul ərsəyə gətirilib. Taxılın vaxtında və itkisiz biçilib götürülməsi üçün lazımi hazırlıq işləri də aparılıb. “Naxçıvan Aqrolizinq” ASC-nin Ordubad rayon bazasında mövcud olan texnikaların sayəsində  biçin mütəşəkkil olaraq həyata keçirilir.

Dəstə Ordubad rayonunun ən iri yaşayış məntəqəsi olmaqla yanaşı, həm də taxılçılığın inkişafına görə seçilən kəndlərindən biridir. Hər il bu iri yaşayış məntəqəsində 500 hektardan artıq taxıl əkilib becərilir. Builki mövsümdə də kəndin taxılçıları bol məhsul ərsəyə gətiriblər. Hazırda sahələrdə məhsul müasir texnikaların qüvvəsi ilə itkisiz olaraq toplanılır.

Artıq Ordubadın Vənənd, Azadkənd, Düylün kəndlərində də taxıl yığımına başlanılıb. Məqsəd ona yönəldilib ki, elin müqəddəs neməti mütəşəkkil olaraq yığılsın, itkiyə yol verilməsin.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.06.2022 11:53