AZ EN RU

Muxtar respublikada su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq mart ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilib, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2024-cü ilin mart ayının sonuna 156,35 milyon kubmetr su ehtiyatı toplanılıb. Su istifadəçilərinə mart ayı ərzində 1,52 milyon kubmetr su verilib, bunun müqabilində 1247 hektar torpaq sahəsi suvarılıb.

2024-cü ilin mart ayı ərzində 0,36 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 37,4 kilometr beton və torpaq kanallar, 25,89 kilometr ara arxlar, 8,2 kilometr kollektor lildən təmizlənib, 8,04 kilometr içməli su, 0,01 kilometr kanalizasiya xətti çəkilib, 2,57 kilometr mövcud içməli su xətlərində, 0,12 kilometr kanalizasiya xətlərində, 1,38 kilometr suvarma boru xətlərində, 1,41 kilometr təzyiqli boru xətlərində, 0,13 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Belə ki, Şərur rayonunda Qorçulu kollektorunda 1,5 kilometr, Muğanlı kollektorunda 1,8 kilometr, Babək rayonunda Nehrəm kollektorunda 3 kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda 1,9 kilometr olmaqla, ümumilikdə, 8,2 kilometr kollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 40 hektar, Babək rayonunun və Naxçıvan şəhərinin 65 hektar olmaqla, ümumilikdə, 105 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

İçməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Çeşməbasar kəndində 2800 metr, Güznüt kəndində 2650 metr yeni paylayıcı, Culfa rayonunun Dizə kəndində isə yeni tikilmiş subartezian quyusundan 2395 metr yeni suaparıcı boru xətti çəkilib.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2” nasos stansiyasının təzyiqli boru xəttində 1 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,01 kilometr, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının və Ayrınc subartezian quyusunun təzyiqli boru xətlərində 0,08 kilometr, Ordubad rayonunda “Dəstə-2” və “Əylis-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,2 kilometr, Kəngərli rayonunda “Kərki”, “Şahtaxtı” və “Qıvraq-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 kilometr, Naxçıvan şəhərində “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,01 kilometr təmir-bərpa işləri aparılıb.

Cari ilin mart ayı ərzində 2 kəhrizdə cari təmir işləri davam etdirilib, kəhrizlərdə 180 metr kürə təmizlənib, 10 metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4 ədədinə yeni nasos quraşdırılmaqla, 20 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Culfa rayonunun Dizə kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 yeni subartezian quyusunun tikintisi başa çatdırılaraq, istifadəyə verilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 5 evin içməli su xəttinə, 202 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb. Həmçinin Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi işləri başa çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

 

 

 

 

Nəşr edilib : 11.04.2024 19:05