AZ EN RU

Muxtar respublikada sənayeləşmə prosesi sürətləndirilib

“Sənaye ili” – 2022

    Sənaye istehsalı iqtisadi tərəqqinin əsas aparıcı qüvvəsi hesab edildiyi üçün muxtar respublikada bu sahənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini ötən il daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.  2021-ci ildə muxtar respublikada 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələmişdir.

    Sənaye məhsulu istehsalının 94,6 faizi malların, 5,4 faizi isə xidmətlərin payına düşmüşdür. 
    Sənayenin uğurlu inkişafı birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilmişdir. Təsadüfi deyil ki, istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 faiz təşkil etmişdir.  

     2021-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 52 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
    Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında 2021-ci il 24 noyabr tarixdə Sərəncam imzalanmışdır.    
    Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilib. Bu, muxtar respublikada rəqabətədavamlı və ixracyönümlü sənaye məhsulu istehsalının artmasına, istehsal olunmuş məhsullarda keyfiyyət və kəmiyyət dəyişikliyinə, sahibkarlığın inkişafına, müxtəlif yeni istehsal müəssisələrinin yaradılmasına öz töhfəsini verəcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 02.03.2022 18:49