AZ EN RU

Muxtar respublikada sənaye yeni inkişaf mərhələsindədir

    2022-ci ilin muxtar respublikamızda “Sənaye ili” elan edilməsini diyarımızda bu sahənin inkişafının yeni mərhələyə qədəm qoyması kimi də dəyərləndirmək olar. “Şərq qapısı” qəzeti ötən müddət ərzində dəfələrlə öz səhifələrində bu mövzuya yer ayırıb; redaksiyamıza bu sahə üzrə sahibkarlıq subyektlərinin nümayəndələri, iqtisadçı mütəxəssislər dəvət olunub, onların söhbətləri oxucularımıza təqdim edilib. Növbəti müsahibədə isə mövzu ilə bağlı suallarımızı iqtisad üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova cavablandırır.

     – İstərdik ki, söhbətimizə muxtar respublikada sənaye məhsulları istehsalının ilkin dövrləri barədə məlumat verməklə başlayaq...
    – Naxçıvan Muxtar Respublikası tarixən sənaye sahəsində zəngin ənənələrə malik olmuş, Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuşdur. Tarixi mənbələrə görə, XVIII əsrdə Naxçıvanda, əsasən, dəriçilik, papaqçılıq, çəkməçilik, dəmirçilik, misgərlik, toxuculuq, ipəkçilik və sair peşə və sənətkarlıq sahələri mövcud olmuş və inkişaf etmişdir. XIX əsrdə Naxçıvan və Ordubad şəhərləri diyarın ticarət və sənətkarlıq mərkəzləri kimi tanınmış, burada iqtisadiyyatın əsas sahələrini pambıqçılıq və ipəkçilik təşkil etmişdir. XX əsrin ortalarından başlayaraq bu sahə daha intensiv inkişaf yoluna qədəm qoymuş, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra yeni vüsət almışdır. 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyularaq alt trikotaj fabriki, taxıl məhsulları və iri evtikmə kombinatları, yeni mineral sudoldurma, şüşə qablar, dəmir-beton məmulatları zavodları, Şahtaxtı daş karxanası, bütövlükdə, 22 sənaye müəssisəsi, qonşu İran dövləti ilə birgə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası tikilib istifadəyə verilmişdir.

    Yurdumuzun dilbər guşəsi olan Qarabağ bölgəsinə Ermənistanın ərazi iddiası və bununla bağlı başlanan müharibə, SSRİ-nin dağılması nəticəsində iqtisadi əlaqələrin pozulması və digər amillər nəticəsində 1990-cı illərin birinci yarısında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, xüsusilə sənayesi ağır vəziyyətə düşdü. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılmış, sənaye məhsulunun həcmində də hər il dinamik artım olmuş və bu proses davam etməkdədir.
    – 1995-ci il sentyabrın 29-da “1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın qəbul edilməsi ölkəmizdə aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri olmaqla muxtar respublika iqtisadiyyatına öz müsbət təsirini göstərmişdir...
    – 1995-2001-ci illərdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika iqtisadiyyatında yaranmış durğunluq tamamilə aradan qaldırılmış, 2001-ci ildə sənayenin ümumi məhsulunun həcmi 1995-ci illə müqayisədə 1,7 dəfə artmışdır. Muxtar respublikanın blokada şəraitində olmasına, xammalın və materialın daşınması sahəsində çətinliklərə baxmayaraq, alt trikotaj, tikiş və mebel fabriklərinin, emal müəssisələrinin, elektrotexnika zavodunun fəaliyyəti bərpa edilmiş, Badamlı-Vayxır-Naxçıvan mineral su kəmərinin çəkilməsi ilə mineral su istehsalı artmışdır. Şüşə qablar zavodunda energetika sənayesi üçün keramik izolyatorların, dəmir-beton zavodunda beton elektrik dirəklərinin, yol kənarına döşəmək üçün beton plitələrin və digər məmulatların istehsalına başlanılmışdır. 1999-cu ildə Ordubad rayonunun Parağaçay və Ağdərə mədən yataqlarının kəşfiyyat və istismarı üzrə Böyük Britaniya şirkətləri ilə bağlanmış müqavilə muxtar respublikamızda mədən sənayesinin bərpasına təkan vermiş, tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər istehsalına başlanılmış və nadir tikinti məhsullarının dünya bazarına çıxarılması təmin edilmişdir. 

    – Sonrakı illərdə muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinə meylin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə məqsədli proqramlar hazırlanmışdır. 
    – Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının uğurla həyata keçirilməsi müəyyən edilmiş məqsədlərə çatmaq üçün öz töhfəsini verdi. 2004-2021-ci illərdə müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması nəticəsində istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə yüksəldi. Əldə olunan nailiyyətlərin rəqəmlərlə ifadəsi onu göstərir ki, ümumilikdə, bu müddət ərzində sənaye məhsulları istehsalı 42 dəfə artıb. Tarixə nəzər salarkən görürük ki, Naxçıvan Muxtar Respublikası aqrar iqtisadiyyatdan sənaye istehsalına qədər uzun bir inkişaf yolu keçmiş və 2008-ci ildən etibarən ilk dəfə olaraq sənaye məhsulunun istehsalı kənd təsərrüfatı məhsulunun istehsalını 2,6 dəfə ötmüşdür. Bunun səbəblərindən biri sənayenin baza şərti olan xammal baxımından muxtar respublikanın böyük üstünlüklərə malik olmasıdır. 
    Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayı müstəqillik illərinin əvvəli ilə müqayisədə 46-dan 442-yə çatdırılmış, bu müəssisələrin istehsal etdiyi sənaye məhsulunun həcmi isə 1995-ci illə müqayisədə 119 dəfə artmışdır. 1996-cı ildə muxtar respublikada cəmi 10 adda məhsul istehsal olunurdusa, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində bu gün həmin rəqəm 384-ə çatdırılmışdır ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. 
    – Bildiyimizə görə, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində görülən tədbirlərin nəticəsində təkcə 2021-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmışdır. 
    – Sənayenin ümumi məhsulunun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinə görə 93 faizlik payla Naxçıvan 14 iqtisadi rayon arasında ilk yerdədir. Sənaye məhsulunun ümumi daxili məhsulda xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2021-ci ildə 27,1 faizə çatmışdır. Ümumilikdə, sənaye sahəsi üzrə əldə edilmiş nailiyyətlərə nəzər salsaq görərik ki, müstəqillik illəri ərzində sənaye məhsulunun ümumi həcmi 270 dəfə, sənaye sahəsində işləyənlərin orta sayı 9,3 dəfə, sənaye sahəsində bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 48,3 dəfə artımla müşahidə olunmuşdur.
    Bu gün muxtar respublikada sənayenin sahə strukturunda əsas yerə sahib olan yeyinti sənayesi içki və tütün də daxil olmaqla bir sıra qida məhsullarının istehsalını, yüngül sənaye isə toxuculuq, tikiş, dəri, dəri məmulatları və ayaqqabı istehsalını əhatə edir. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Regionun tikinti materiallarının böyük miqdarda ehtiyatı burada tikinti məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsinə imkan verir. Son illər artan istehsal müəssisələri sırasında 2010-cu ildə istismara verilmiş Naxçıvan Avtomobil Zavodu əhəmiyyətli yerlərdən birini tutmaqla ölkəmizdə maşınqayırma sənayesinin güclənməsinə geniş imkanlar açır.
    – Sənayenin inkişafını şərtləndirən əsas amillər barədə də ətraflı məlumat verməyinizi xahiş edirik...
    – İnvestisiya prosesi iqtisadi artımı təmin edən mühüm proses olduğundan 2020-ci ildə 2005-ci ilə nisbətən muxtar respublikada sənaye sahəsinə yönəldilən investisiyaların həcmi 7,1 dəfə artmış, əsas fondların dəyərində isə 7,5 dəfə yüksəlmə qeydə alınmışdır. Makroiqtisadi sabitliyin iqtisadi artıma doğru istiqamətlənməsi nəticəsində ümumi daxili məhsulun yüksəlməsi investisiya potensialının da genişləndirilməsinə, əldə edilən gəlirin investisiyalara köçürülməsi isə sahibkarlığın inkişafı, infrastrukturun yaradılması, xidmətlərə çıxışın asanlaşdırılmasına, ixracın böyüməsinə müsbət təsir göstərib. 2009-cu ildən etibarən xarici ticarət dövriyyəsinin strukturunda köklü dəyişikliyin baş verməsi muxtar respublikada yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaqla onun tərkibində müsbət saldo yaranıb, regiona valyuta axını təmin edilib. Bu müddət ərzində sahibkarlıq subyektlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və yerli istehsal məhsullarının xarici ölkələrdə tanıdılması üçün sahibkarların yerli və xarici ölkələrdə keçirilən biznes-forum, konfrans və sərgilərdə iştirakı təmin edilib. Blokada şəraitində olan muxtar respublikamızda istehsal edilən bir çox kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına rüsumsuz ixracı barədə qərar qəbul olunub. Bu gün muxtar respublikanın ayrı-ayrı müəssisələrində istehsal edilən bəzi məhsullar Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Oman Sultanlığı, Yəmən, Əfqanıstan və digər ölkələrə ixrac olunur.
     – Sənayenin bəzi sahələrini aqrar sahədən ayrı təsəvvür etmək mümkün deyil. 
    – 2020-ci ilin statistikasına əsasən emal sənayesi bütün sənayenin 93,5 faizini təşkil edir. Emal sənayesinin tərkibində yeyinti sənayesi 60 faizlik paya sahibdir. Sənayenin, demək olar ki, bütün emaledici sahələri məhz kənd təsərrüfatına bağlıdır. Yüngül və yeyinti sahələrinin inkişafı kənd təsərrüfatının istehsal həcmindən asılıdır. Bunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamlar imzalayıb. Meyvə və tərəvəz məhsullarının istehsalı ilə yanaşı, yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, qarğıdalı yağı istehsalına başlanılması, gülab və gül yağı istehsalının dəstəklənməsi, müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması və sair kimi məsələlər bir-birini tamamlayan proqramlarda öz əksini tapıb. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi paralel şəkildə sənayeni daha da inkişaf etdirmək imkanları yaradır. Sənaye quruculuğu istiqamətində muxtar respublika rəhbərinin yüksək siyasi iradə nümayiş etdirməsinin təzahürü kimi 2022-ci il muxtar respublikamızda “Sənaye ili” elan olunub. Hazırkı mərhələ müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması, rayonlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılmasını zərurətə çevirir. Bu da iqtisadiyyatın əsas prioriteti hesab olunan müasir sənaye quruculuğuna innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanmağın gələcək inkişaf hədəflərimizdən biri olduğunu göstərir.
    – Bir iqtisadçı, mütəxəssis kimi yeni yaranan sənaye müəssisələrinin əhəmiyyəti barədə fikirləriniz də oxucularımız üçün maraqlı olardı...
    – Muxtar respublikada sənaye məhəllələrinin yaradılmasının müəyyən edilməsi yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması və rayonların sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi yeni sənayeləşmə siyasətinə uyğun olaraq Şərur Sənaye Məhəlləsinin yaradılması rəqabətqabiliyyətli və yüksək texnologiyalara əsaslanan sənaye istehsalının artırılması, elm tutumlu sənaye sahələrinin inkişafı və sahibkar­lar üçün əlverişli şəraitin yaradılmasına geniş imkanlar açmışdır. Sənayeləşmədə əsas baza sütunları innovativ modellər kimi sənaye məhəllələrinin, texnoparkların yaradılmasından ibarətdir. Bu modellər mövcud və yeni biliklərin, ixtiraların texnologiyalara və texnologiyaların kommersiya məhsullarına çevrilməsinə, elm tutumlu müəssisələr vasitəsilə texnologiyaların sənaye sferasına ötürülməsinə, biznes sahəsində müəssisələrin dəstəklənməsinə, sənayenin strukturunun yenidən qurulmasına, rayonların qeyri-bərabər inkişaf səviyyəsinin azalmasına, məşğulluq probleminin həllinə, elmi-texniki nailiyyətlərin sürətli tətbiqinə gətirib çıxarır. Sənaye məhəllələri ayrıca bir ərazidə fəaliyyət göstərməsinə və ixtisaslaşmış güclü sənaye rayonuna çevrilməsinə səbəb olur. Şərur Sənaye Məhəlləsinin də cari ildə istifadəyə verilməsi “Sənaye ili”nə bir töhfə olacaqdır. 
    – Maraqlı söhbət üçün sağ olun.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 09.06.2022 19:04