AZ EN RU

Muxtar respublikada “Sənaye ili” çərçivəsində məqsədyönlü tədbirlər görülür

    Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri muxtar respublikada sənayenin üstün inkişafının təmin edilməsi olmuş, sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2021-ci ildə 27,1 faizədək yüksəlmiş, muxtar respublikada 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamış, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər hesabına ümumi dəyəri 112 milyon 509 min manat olan 279 sənaye layihəsi maliyyələşdirilmişdir. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci ilin “Sənaye ili” elan olunması bu sahədə işləri daha da genişləndirmiş, sənayeləşməni sürətləndirmişdir. Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda prioritet istiqamətlər – sənaye potensialının, eləcə də sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, ixracyönümlülüyün və rəqabətqabiliyyətliliyin təmin edilməsi, təbliğat və təşviqat işləri müəyyənləşdirilmişdir. 
    Bu istiqamətlərə uyğun olaraq cari ilin ötən dövrü ərzində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, yerli xammala əsaslanan istehsal sahələrinin qurulması, keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması məqsədilə 67 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin, salfet, spirtli içki, yun iplik, kiçik kənd təsərrüfatı alətləri istehsalları sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
    Sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən cari ilin ötən dövrü ərzində 10 layihənin maliyyələşdirilməsinə 4 milyon 775 min manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulu üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. 
    Sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağırışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahəsidir. Rəqabətqabiliyyətli və yüksək texnologiyalara əsaslanan sənaye istehsalının artırılması, elmtutumlu sənaye sahələrinin inkişafı məqsədilə yeni mexanizmlər tətbiq olunur. Bu baxımdan innovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın inkişafı məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər aparılır.
    Şərur Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilmişdir.
    Eyni zamanda, Sənaye məhəlləsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə qarşılıqlı əlaqədə olaraq onlara inzibati prosedurların sadələşdirilməsi, güzəştli kreditlərin verilməsi, gəlir vergisinə güzəştin tətbiq olunması kimi hüquqların müdafiəsi həyata keçiriləcəkdir.
    İlk mərhələdə bitki yağı, kağız-paket və karton tara, ayaqqabı, mebel məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən         4 layihə təqdim edilmişdir. Bu layihələr çərçivəsində 50 yeni iş yeri yaradılması nəzərdə tutulmuşdur ki, bu da rayonda məşğulluğun və əhalinin rifahının artırılmasına öz töhfəsini verəcəkdir.
    Bunlarla yanaşı, Şərur rayonunun əmək ehtiyatları və təbii resursları nəzərə alınaraq məhəllədə süd emalı, meyvə-tərəvəzin konservləşdirilməsi, tomat, ofis ləvazimatları, corab istehsalı sahələrinin yaradılması məqsədilə iqtisadi cəhətdən əsaslandırılmış layihələr hazırlanmış və bu sahələr üzrə sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi istiqamətində işlər həyata keçirilməkdədir.
    Bununla yanaşı, məhəllədə kiçik sahibkarlıq subyektləri və ailə təsərrüfatları tərəfindən yaradılması məqsədəuyğun hesab edilmiş arıçılıq məhsullarının qablaşdırılması, şirniyyat istehsalı, tekstil məhsulları və digər kiçik istehsal sahələri üçün də yerlər müəyyən edilmişdir. Dövlətin güzəşt və qayğısı ilə əhatə olunmuş məhəllədə bu sahələrin qurulması gələcəkdə təsərrüfatların gəlirlərinin daha da artırılmasına, ixrac imkanlarının genişlənməsinə şərait yaradacaqdır.
    Bu mühüm layihənin reallaşması muxtar respublikanın sosial-iqtisadi inkişafına təsir göstərməklə yanaşı, həm də sənayenin şaxələndirilməsinə dəstək olacaqdır.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2022 22:23