AZ EN RU

Muxtar respublikada sanitar-epidemioloji sabitlik təmin edilib

    Naxçıvan Muxtar Respublikasında insan amilinə verilən dəyərin parlaq nümunələrindən biri əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasıdır. Muxtar respublikada yeni tikilən və ya əsaslı surətdə təmir olunan səhiyyə müəssisələrinin sayının ildən-ilə artması, hətta ən ucqar kəndlərdə də müasir tələblərə cavab verən həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin istifadəyə verilməsi, qeyd edilən müəssisələrin lazımi avadanlıqlarla təchiz olunması deyilənlərin əyani sübutudur. 

    Əhalinin sağlamlığının qorunması gigiyena və epidemiologiya sahəsində görülən işlərin də tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Son illərdə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, eləcə də onun yerli qurumlarının maddi-texniki bazasının gücləndirilməsi və həmin qurumlarda müasir iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər Naxçıvanda bu sahənin inkişafının xüsusi diqqətdə saxlanıldığını deməyə əsas verir. Görülən işlərin nəticəsidir ki, ötən müddətdə muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yüksəldilmiş və sanitar-epidemioloji sabitlik təmin olunmuşdur. Bu işlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmiş, fevralın 18-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində müvafiq Dövlət proqramının təqdimatı keçirilmişdir. 

    Həmin dövrdən etibarən proqramda nəzərdə tutulan tapşırıqların icrasına başlanılmış və fevral-iyun aylarında bu istiqamətdə bir sıra işlər görülmüşdür. Proqramın icrası çərçivəsində həyata keçirilən profilaktik tədbirlər muxtar respublika əhalisinin sanitar-epidemioloji salamatlığının təmin olunmasına yönəlmişdir. Belə ki, bu dövrdə 14 xəstəxana, 32 kənd həkim ambulatoriyası, 18 feldşer-mama məntəqəsi, 32 əczaxana, 28 bərbərxana və 55 gözəllik salonunda sanitar-epidemioloji vəziyyətlə bağlı monitorinq­lər aparılmış, aşkar edilən nöqsanlarla əlaqədar qanunauyğun tədbirlər görülmüşdür. Həmçinin vətəndaşlara pandemiya ilə mübarizə məqsədilə 250 min 176 doza peyvənd vurulmuş, Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsi tərəfindən 3715 laboratoriya analizi aparılmışdır. Əlavə olaraq idarəolunan yoluxucu xəstəliklərin profilaktikası məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 11 xəstəliyə qarşı vaksinasiya tədbirləri həyata keçirilmiş, o cümlədən 14 tibb müəssisəsində çalışan 1976 tibb işçisinə hepatit B virusuna qarşı peyvənd vurulmuşdur.

    Dövlət proqramında təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması, uşaqlar arasında qurd invaziyalarının və vərəm xəstəliyinin profilaktikasına nəzarət olunması ilə bağlı tapşırıqların nəzərdə tutulması muxtar respublikada uşaqların yüksək dövlət qayğısı ilə əhatə edilməsindən xəbər verir. Bu istiqamətdə fevral-iyun aylarında vərəm xəstəliyinin profilaktikası məqsədilə 17 min 794 məktəblidə tuberkulin sınağı, 3403 məktəblidə isə ağciyərlərin flüoroqrafik müayinəsi həyata keçirilmişdir. Həmçinin qurd invaziyasına qarşı 1946 məktəblidə müayinə aparılmış, xəstəliyin əlamətlərinin aşkarlandığı məktəblilər dərman preparatları ilə təmin olunmuşdur. Proqramın icrası çərçivəsində həyata keçirilən müayinələr uşaqlar arasında xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə tədbirlərinin həyata keçirilməsinə şərait yaratmışdır. 
    Əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, eləcə də cəmiyyətdə sağlam həyat tərzinin formalaşdırılması baxımından sanitariya qaydalarına və gigiyena normativlərinə əməl olunması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə görülən işlər həmin qayda və normativlərə riayət edilməsi sahəsində pozuntuların qarşısını almağa, nəticə etibarilə, insan sağlamlığının qorunmasına şərait yaradır. Dövlət proqramının icrası istiqamətində fevral-iyun aylarında 11 tikinti obyektində əmək gigiyenası qaydalarının monitorinqi aparılmış, Gigiyena və Epidemiologiya Mərkəzinin Toksikoloji laboratoriyasında müxtəlif istehsal müəssisələri tərəfindən istehsal olunan 25 qeyri-ərzaq nümunəsində 77, eləcə də 37 ərzaq nümunəsində 145 müayinə aparılaraq müvafiq sertifikat verilmişdir. Həmçinin bu dövrdə 7 məktəbəqədər və 18 ictimai iaşə müəssisəsindən götürülən 36 yemək nümunəsinin qida dəyəri yoxlanılmışdır. Eyni zamanda qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına nəzarət olunması da diqqətdə saxlanılmış, bu məqsədlə bir sıra təsərrüfat subyektlərinə baxış keçirilmiş, aşkarlanmış nöqsanların aradan qaldırılması təmin edilmişdir.
    İnsan sağlamlığının ətraf mühit amillərinin mənfi təsirindən qorunması sanitar-epidemioloji salamatlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən digər tədbirlərdəndir. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tədbirlərin icrası da fevral-iyun aylarında diqqətdə saxlanılmış, açıq və qapalı içməli su hövzələrində 30 su nümunəsi üzərində 420 analiz aparılmışdır. Həmçinin bu dövrdə muxtar respublika ərazisində 17 radiasiya ölçməsi həyata keçirilmiş və nəticələrin normativə uyğun olduğu müəyyənləşmişdir. 
    Proqramın icrasına uyğun olaraq yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə muxtar respublikanın bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun şəkildə dezinfeksiya işləri həyata keçirilmişdir. Bu istiqamətdə qeyd edilən dövrdə Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 xüsusi təyinatlı avtomobil və 79 əməkdaş cəlb olunmaqla, 12 milyon 200 min kvadratmetr sahədə xüsusi məhlullarla dezinfeksiya işi aparılmışdır. Görülən işlər epidemioloji vəziyyətin sabitliyinin qorunmasına şərait yaratmışdır.
    Gigiyena və epidemiologiya sahəsində davamlı inkişafı təmin etməyin digər mühüm vasitəsi isə bu istiqamətdə ixtisaslı kadr potensialının formalaşdırılmasıdır. Dövlət pro­qramında da ali təhsil müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin praktik fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Tapşırığın icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil alan 32 tələbə üçün Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq laboratoriyalarında praktik dərslərin keçilməsi təmin edilmişdir. Həmçinin mərkəzdə və onun yerli qurumlarında 46 tələbənin yay aylarında təcrübə keçməsi üçün şərait yaradılmışdır. 
    Dövlət proqramının icrası çərçivəsində gigiyena və epidemiologiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi muxtar respublikada bundan sonra da sanitar-epidemioloji sabitliyin qorunub saxlanılmasına imkan verəcəkdir.

“Şərq qapısı”

Nəşr edilib : 30.08.2022 18:45