AZ EN RU

Muxtar respublikada sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilir

    Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada da sahibkarlığın inkişafına yol açıb, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın güclənməsində rolunu artırıb. Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazir­liyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasına öz töhfəsini verib. Bu isə keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətədavamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq həlledici amilə çevrilməkdədir. 
    Sahibkarlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun imkanlarından istifadə edir. Fondun əsas fəaliyyət istiqaməti də muxtar respublikada sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin ödənilməsini təmin etmək, iş adamlarının səmərəli biznes layihələrini reallaşdırmasına yardım məqsədi daşıyır.
    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, ötən il fond tərəfindən 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat maliyyə dəstəyi göstərilib. Bu dövrdə sahibkarlara 7 milyon 184 min 600 manat güzəştli kredit verilib. İl ərzində verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılır. Bu ildən isə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə daha geniş kapitalın ayrılması planlaşdırılır. 
    Qeyd edək ki, fond tərəfindən yeni ailə təsərrüfatlarının yaradılmasına dəstək, onların fəaliyyətinin stimullaşdırılması və istehsal sahələrinin genişləndirilməsi məqsədilə daha geniş imkanlar yaradılacaq. Bu da muxtar respublikada sahibkarlığa daha çox maraq göstərilməsinə, investorların cəlbinə geniş şərait yaradacaq.

Xəbərlər şöbəsi

Nəşr edilib : 24.01.2023 19:01