AZ EN RU

Muxtar respublikada qeydiyyata alınan daşınmaz əmlakın sayı 1000-i ötüb

    Cari ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, vətəndaşlara operativ xidmət göstərilməsi diqqətdə saxlanılıb. 
    Ötən ay aidiyyəti qurumlarla birgə Culfa rayonunun bələdiyyə sədrləri üçün “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
    Vətəndaşlara göstərilən xidmətlər çərçivəsində muxtar respublika üzrə, ümumilikdə, 1006 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınıb. Müraciətlər əsasında 322 əmlaka dair texniki pasport, 509 torpaq sahəsinə dair plan-ölçü olmaqla, 831 texniki sənəd hazırlanıb. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 104 daşınmaz əmlak obyektinə ünvan verilib, 173 torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 264 arayış verilib. Təqdim edilən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 108 müraciət icra məqsədilə aidiyyəti üzrə yönəldilib.
    Sentyabr ayı ərzində “ASAN xidmət” mərkəzində müəyyən xidmət növləri üzrə 1866 müraciətə baxılıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 881 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 
    Hesabat dövründə səyyar xidmət qrupu tərəfindən Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında vətəndaşlara xidmət göstərilib, qəbul edilən müraciətlər operativ icra olunub. 

Naxçıvan Muxtar Respublikası 
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə 
Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 12.10.2023 21:30