AZ EN RU

Muxtar respublikada qəbul olunan Dövlət proqramlarında sənayenin xüsusi yeri var

“Sənaye ili” – 2022

    Sənaye iqtisadiyyatın mühüm sahələrindən biridir. Bu sahənin inkişaf etməsi cəmiyyətdə istehsal gücünün artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.  Sənaye dedikdə, gözümüzün qabağında müəssisələrin, zavodların, fabriklərin toplusu canlanır. O, əsasən, iki böyük sahəyə ayrılır: emal və hasilat sənayesi. Son dövrlərə qədər ölkəmizin sənayesi üçün əsas xüsusiyyət onun neft-qaz sahəsi və metallurgiya üzrə ixtisaslaşması olmuşdur. Lakin son illər ərzində yeni Dövlət proqramlarının və strateji yol xəritələrinin hazırlanması digər sənaye sahələri istiqamətində də geniş perspektivlər açmışdır. 

    Uzun illər blokada vəziyyətində olan muxtar respublikamız üçün sənayenin inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır. Aqrar bölgə kimi tanınan regionumuzda son zamanlar aparılan genişmiqyaslı islahatlar burada güclü sənaye potensialının yaradıldığını deməyə əsas verir. Muxtar respublikada 2022-ci ilin “Sənaye ili” elan edilməsi və bununla bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi həm dövlət qurumları, həm də irili-xırdalı müəssisələr qarşısında geniş vəzifələr müəyyən edir. Beləliklə, “Sənaye ili” həm də öncəki illərdə bu sahədə görülən işlərin tətbiqini sürətləndirir, yerli istehsalın həcmini artırır. Nəzərə alaq ki, bu gün muxtar respublikada ixracyönümlü və rəqabətə davamlı məhsulların istehsalı, yeni texnologiyalara əsaslanan müəssisələrin qurulması və bu istiqamətdə artım tempinin əldə olunması qarşıda duran əsas vəzifələrdir.

    Bu günə qədər qəbul olunmuş Dövlət proqramlarında iqtisadiyyatın bütün digər sahələri ilə yanaşı, sənayedə də infrastruktur təminatının gücləndirilməsi, rəqabətqabiliyyətli müəssisələrin yaradılması yönündə çoxsaylı layihələr həyata keçirilmiş, yeni iş yerləri açılmış, məşğulluq imkanları artırılmışdır. Ümumi sosial-iqtisadi inkişafla bağlı müəyyən illəri əhatə edən əsas layihələr – “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı” (2005-2008-ci illər), “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”dır. Sadalanan ilk üç proqramın icrası başa çatdırılmış və sənayenin inkişafında əhəmiyyətli nəticələr əldə olunmuşdur. 2005-ci ildə muxtar respublikada istehsal olunmuş sənaye məhsulu orta hesabla 41 milyon 207 min manat təşkil etmişdir. 2008-ci ildə isə sənaye məhsulunun həcmi 164 milyon 452 min manat olmuşdur. Yəni Dövlət proqramının icra olunması dövründə məhsul istehsalı 4 dəfəyə yaxın bir artımla müşahidə olunmuşdur. 2009-2013-cü illəri əhatə edən sosial-iqtisadi inkişafla bağlı növbəti Dövlət proqramının icrası müddətində sənaye məhsulunun istehsalında 4 dəfədən çox artım qeydə alınmışdır. 2013-cü ildə məhsul istehsalının həcmi 862 milyon 870 min manat olmuşdur. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası dövründə isə, sənaye məhsulunun həcmi yekun ildə 990 milyon 67 min manat məbləğində olmuşdur ki, bu da proqram işə başlayan dövrlə müqayisədə 10 faizə yaxın artım deməkdir.

    Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”dır. Proqramın əhatə dairəsi genişdir və muxtar respublikanın hərtərəfli inkişafında böyük əhəmiyyət daşıyır. Proqramda sənaye sahəsinin daha da inkişaf etdirilməsi üçün mühüm vəzifələr qarşıya qoyulmuş və “Tədbirlər Planı” hazırlanmışdır. Onu da qeyd edək ki, ilk dəfə olaraq 2019-cu ildə muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcmi 1 milyard manatı keçmişdir. Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsi üzrə “Tədbirlər Planı”nda sənaye üzrə bir sıra inkişaf tədbirləri nəzərdə tutulmuşdur. İcraya əsasən Naxçıvan Muxtar Respublikasında yeni sənaye müəssisələrinin yaradılmasının davam etdirilməsi, fəaliyyəti dayanmış sənaye və emal müəssisələrinin fəaliyyətinin bərpasının dəstəklənməsi əsas diqqət mərkəzində saxlanılmışdır. Sənayedə getdikcə yüksələn artım tempi həm də bu sahədə çalışan işçilərin sayında müşahidə olunmaqdadır. Dövlət proqramlarının yekun illərinə nəzər saldıqda görmək olur ki, bu sahə üzrə dövlət və özəl sektorda çalışan işçilərin ümumi sayı 2008-ci ildə 7701, 2013-cü ildə 15385, 2018-ci ildə 16557, 2021-ci ildə isə 17087 nəfər olmuşdur. Halbuki 2005-ci ildə sənayedə çalışanların sayı 3830 idi. 
    2022-ci ilin “Sənaye ili” elan edilməsi muxtar respublikada dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm öhdəliklər qoyur. Sənaye sahəsində əsaslı nailiyyətlərə nail olmaq muxtar respublika iqtisadiyyatının daha da şaxələndirilməsinə, ümumi sosial-iqtisadi inkişafa ciddi təsir göstərəcəkdir. 

Eltun İbrahimov
AMEA Naxçıvan Bölməsinin 
əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru

Nəşr edilib : 29.06.2022 19:06