AZ EN RU

Muxtar respublikada qadınlar qayğı ilə əhatə olunurlar

“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlara hörmət, qadınlara təşəkkül, qadınlara cansağlığı!”

Ümummilli Lider Heydər Əliyev  

Azərbaycan qadını tarixin bütün dövrlərində ictimai-siyasi fəaliyyəti və analıq missiyası ilə öz ucalığını daim seçilmişdir. Belə ki, Azərbaycan qadını hüquqlarının bərqərar olunması yolunda tarixən misilsiz uğurlar əldə edərək, bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatının əsas təkanverici qüvvəsinə çevrilmişdir. Bunun əsas səbəbi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin uğurlu nəticəsidir. Ümummilli Liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın hərəkatının təşəkkül tapmasını və həyata keçirilməsini dövlətçiliyin prioritet istiqaməti olaraq daim diqqətdə saxlamışdır. Hal-hazırda Azərbaycan qadını onun üzərinə düşən yükün ağırlığını dərk edərək bütün işlərdə kişilərlə bərabər çiyin-çiyinə cəmiyyətdəki mövqeyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlarla irəliləyir.

Azərbaycan Respublikasında qadın hüquqları ilə əlaqədar möhkəm, dayanıqlı hüquqi baza yaradılmış, ölkəmiz müvafiq sahə ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşdur. Belə ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləmiş, qadınların demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratmışdır. Həmçinin “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncam və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanın Ulu Öndər tərəfindən imzalanması ölkədə uğurla həyata keçirilən dövlət qadın və gender siyasətinin nə qədər önəm kəsb etdiyindən xəbər verir.

“Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.

Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar” deyən ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən hazırda müstəqil ölkəmizdə Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gender siyasəti uğurla həyata keçirilir. Qadınların hüquqlarının qorunması, sosial problemlərinin həlli ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilir, dövlət proqramları qəbul edilir. Ölkəmizdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranması və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, xüsusən də 2006-cı il 10 oktyabr tarixində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində və həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Gender siyasətinin tələblərinə uyğun olaraq hazırda ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. Hal-hazırda qadınlarımız arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qeyd olunanlar Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında görünür. Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahəyə olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin, xüsusən də ailə, qadın və uşaqlarla bağlı layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir.

          Muxtar respublikada da Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gender siyasəti ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Naxçıvan qadınları muxtar respublikanın sosial-iqtisadı, mədəni, ictimai həyatında fəal iştirak edirlər. Onlar dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil, mədəniyyət, idman, kənd təsərrüffatı və digər sahələrdə fəaliyyət göstərirlər. Bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, muxtar respublika əhalisinin 50.05 faizi, işləyən təbəqənin 33 faizi, qadınların payına düşür. Təhsil sahəsində işləyənlərin 70.13 faizini, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 82.05 faizini, istirahət, əyləncə-incəsənət sahəsində işləyənlərin isə 61.37 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda işləyənlərin 24,1 faizi qadınlardır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24.44 faizini qadınlar təşkil edir. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 25605-i, yaxud 44.14 faizi qadındır ki, onların da 110-u ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 10-u bələdiyyə sədridir. Muxtar respublikada Ali Məhkəmənin Sədri, Ombudsman, icra başçısı,nazir, komitə sədri, həmçinin müavinləri, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır.Muxtar respublikanın idarə və təşkilatlarında onlarla qadın rəhbər vəzifələrdə işləyir. Muxtar respublikada 8 mindən artıq qadın idmana məşğul olur ki, bu da idmanla məşğul olanların 26 faizi deməkdir.

Muxtar respublikda təhsilin inkişafına xüsusi qaygı göstərilir, belə ki, hər il onlarla məktəb, məktəbdənkər, məktəbəqədər, peşə təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə təmir olunaraq uşaqlarımızın istifadəsinə verilir. Bu da gələcəyimiz olan uçaqların yüksək təhsil almasına və hər il ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin sayının, xüsusən də qızların sayının artmasına səbəb olur. Təkcə 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 50.87 faizini, yəni 883 nəfərini qızlar təşkil etmişdir ki, bunların içərisində 500-700 intervalında bal toplayanların 153-ü, yaxud 60.23 faizi qızlar olmuşdur.

Naxçıvan qadınları professor, elmlər doktoru, dosent, fəlsəfə doktoru kimi elmi dərəcələrə yiyələnərək, elmi fəaliyyətləri ilə Azərbaycan elminə mühüm töhfələr verir. Belə ki, muxtar respublikada 1 professor, 6 elmlər doktoru, 60-dan artıq dosent, 100-dən artıq fəlsəfə doktorları olan qadın var.

Məlumdur ki, qadın siyasətinin nüvəsini təşkil edən amillərdən biri də qadın sağlamlığıdır. Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsi daim nəzarətdə saxlanılır. Bunun üçün mühüm olan digər tərbirlərlə yanaşı səhiyyə maarifi işi də aparılır. Mütəmadi olaraq kənd mərkəzlərində, ali və orta ixtisas təhsili müəssisələrində aid mütəxəssislərin iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri”, “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir”, “Erkən nikah ailə institutunun məhvidir” mövzularında tədbirlər keçirilmiş, ailə dəyərlərimiz, milli dəyərlərimiz, nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsinin vacibliyi, sağlam uşaqların dünyaya gəlməsi ilə bağlı çıxışlar olmuş, tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış müvafiq mövzularda maarifləndirici broşürlər paylanılmışdır.

Ölkə Prezidentinin diqqət və qayğısı ilə icbari tibbi sığortanın 2020-ci ildən muxtar respublikada öz fəaliyyətinə başlaması, insan və vətəndaş amilinə göstərilən diqqətin təzahürü olmaqla yanaşı qadın sağlamlığında müsbət təsir göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” qəbul olunmüşdur. Bununla əlaqədar muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluqlarının təmin olanması istiqamətində tədbirlər həyata keçirilir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışlar, səyyar sərgi-satışlar, satış-yarmarkalar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir. Ötən il müvafiq sərgilərdə və satış yarmarkalarında 505 istedadlı şəxsin 59417 manat dəyərində 5309 rəsm, əl işi və ailə təsərrüfatı məhsulları satılaraq iş sahiblərinə ödənilmişdir.

Naxçıvan Muxtar Respublikasında qadınların özünüməşğulluqlarının artırılması, eyni zamanda mikrosahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi üçün qrant layihələr həyata keçirilir. Belə ki, ötən 4 il ərzində Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan və müvafiq olaraq Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması”, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihələri uğurla icra olunmuşdur. İcra olunan layihələr çərçivəsində aztəminatlı və sağlamlıq imkanları məhdud olan 192 qadına 156250 manat dəyərində sərmayə kapitalı verilmiş, maliyyə dəstəyi gösərilmişdir. Sərmayə kapitalının 70 faizdən çoxu ailə təsərrüfatlarını qurmaq və ya genişləndirmək üçün, 30 faizə yaxını isə digər sahələrdə məşğul olunması üçün verilmişdir. Sərmayə kapitalı alan qadınların iş yeri və təsərrüfat sahəsində mütəmadi olaraq verilmş sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinqlər keçirilir. Hazırda həmin qadınlar maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, zərgərlik, dərzilik, toxuculuq, xalçaçılıq, konservləşdirmə, çörək istehsalı və sair sahələr üzrə fəaliyyətlərini qurmuş, müvafiq sahədən gəlir əldə edərək onu daha da artırmışlar.

Həmçinin muxtar respublikada tənha, ahıl qadınlara sosial xidmətlər göstərilir, şəhid, əlil, aztəminatlı, tək ailə başçısı olan qadınların problemlərinın həlli ilə əlaqədar tədbirlər görülür, onların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçı, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur, peşəyönümlü təlimlərə cəlb olunurlar.

Muxtar respublikada davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın yüksəldilməsində qadınlarımızın xüsusi rolu vardır. Qadınların kiçik və orta sahibkarlıqda geniş təmsil olunmaları ilə bağlı tədbirlər görülür.

Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatlarının inkişafına xüsusi diqqət göstərilir. Bu siyasət ailələrin özünümüşğulluqlarının təmin olunması ilə yanaşı, kənd qadınlarının məşğulluqlarının təmin olunmasına əsas verir. Onlara güzəştli şərtlərlə kreditlər verilir, lazımi köməkliklər göstərilir, həmçinin 2022-ci il ərzində 389 ailə özünüməşğulluq proqramına cəlb edilmişdir ki, bunun da 122-si qadındır. Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Belə ki, hazırda 1377 ailə təsərrüfatı qeydiyyata alınmışdır ki, bunun da 156-sı qadınlar tərəfindən idarə olunur. Ailə təsərrüfatlarının yaradılması qadınların məşğulluqlarının təmin olunması ilə yanaşı mikro və makro sahibkarlara çevrilməsində əsas faktordur.

Ölkəmiz müstəqillik qazandığı ötən müddət ərzində muxtar respublika qadınlarının fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, fəxri adlara, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, 185 qadın Azərbaycan Respublikasının, 188 qadın Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 171 qadın isə orden, medal və nişanlarla təltif olunmuşdur.

İnanırıq ki, Azərbaycan qadınları dövlətimizin hərtərəfli qayğısından bəhrələnərək istər ailədə, istərsə də cəmiyyətdəki tarixən formalaşmış əzmkar mövqeyini qoruyub saxlayacaq,“Heydər Əliyev İli”ndə də muxtar respublikamızın qadınları onlara göstərilən etimadı doğruldacaq, dövlətimizin inkişafına öz töhfəsini verəcək, cəmiyyətimiz üçün layiqli vətəndaşlar böyüdəcəklər.

Naxçıvan Muxtar Respublikasında Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 07.03.2023 16:35