AZ EN RU

Muxtar respublikada ötən il 400-ə yaxın, cari ilin yanvar ayında isə 24 elektron imza sertifikatı verilib

    Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. 
    Muxtar respublikada elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi uğurla həyata keçirilir. Elektron imza vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin tamamilə elektron formata keçirilməsi və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərinin təmin edilməsi kimi bir sıra üstünlüklərə malikdir. İmzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. 
    Muxtar respublikada cari ilin yanvar ayında 2 sahibkar, 6 hüquqi şəxs və 16 dövlət qurumu olmaqla, ümumilikdə, 24 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib. 
    Elektron imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və üçüncü tərəfə informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmasıdır.
     Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.
    Qeyd edək ki, 2022-ci il ərzində 12 vətəndaş, 54 sahibkar, 64 hüquqi şəxs və 262 dövlət qurumu olmaqla, ümumilikdə, 392 elektron imza sertifikatı istifadəçilərə təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni 
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 02.02.2023 18:54