AZ EN RU

Muxtar respublikada muzey əməkdaşları üçün keçirilən seminar-treninqlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə muxtar respublikada muzey əməkdaşlarının peşə biliklərinin artırılması məqsədi ilə təşkil edilən növbəti seminar-treninq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində keçirilib. Seminar-treninq  “Açıq səma altında nümayiş etdirilən eksponatların qeydiyyatı, uçota alınması və mühafizəsi” mövzusunda təşkil edilib. Tədbiri giriş sözü ilə  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədova açaraq qeyd edib ki, muxtar diyarda  mövcud olan 30-dan çox muzey və 1000-dən çox tarix-mədəniyyət abidəsi xalqımızn  zəngin mədəniyyətini təcəssüm etdirir. Açıq səma altında nümayiş olunan eksponatların uçot-mühafizəsi, qorunması qaydalarına  xüsusi diqqət göstərilir.

Sonra mövzu ilə bağlı “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın  çıxışı dinlənilib.  Muxtar respublikanın ərazisində daş qoç və qoyun heykəllərinin yayılmasına görə ilk yerlərdən birini tutduğunu, muzeydə ümumilikdə 237 ədəd daş abidənin qorunub saxlanıldığını vurğulayan elmi işçi  iştirakçıların diqqətinə çatdırıb ki, açıq səma altında nümayiş olunan müxtəlif  tərkibli və keyfiyyətli daş abidələrin qorunması, eyni zamanda bərpası “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının uçotu və mühafizəsinə dair Təlimat”a əsasən həyata keçirilir. Təlimata görə,  muzeylərdə sərgilənən daş abidələrin mühüm konstruktiv detallar ilə bağlı olan bərpa işlərinə yalnız abidənin qabaqcadan hərtərəfli tədqiqindən sonra icazə verilir. Daşdan düzəldilmiş məmulatlarda nömrələr və şifr yağlı boya, yaxud tuşla yazılmalı, sonradan tuşun üzəri şəffaf boya ilə örtülərək əşyanın altlığına vurulmalıdır. Eksponatlara vurulan uçot nişanları zaman-zaman günəş şüaları və yağış suları nəticəsində keyfiyyətini itirdiyi üçün onlar mütəmadi olaraq qalıcılıq keyfiyyəti yüksək olan müxtəlif ləvazimatlarla yenilənir.

Seminar-treninqin sonunda iştirakçıların sualları cavablandırılıb.

Sonda muzey ekzpoziyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.06.2023 17:44