AZ EN RU

Muxtar respublikada mülki müdafiə tədbirləri uğurla reallaşdırılır

1 mart Ümumdünya Mülki Müdafiə Günüdür

    Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
    “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanunvericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuşdur. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır... Yəni bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur... Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir”.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addımlardan biridir. Ötən illər ərzində böyük inkişaf yolu keçən Fövqəladə Hallar Nazirliyi və onun struktur qurumları üçün müasir inzibati binalar tikilib istifadəyə verilmiş, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilmiş, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarəetmə sistemləri yaradılmışdır. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad Rayon şöbələri, 2013-cü ildə Şərur və Babək Rayon şöbələri, 2014-cü ildə Sədərək Rayon Şöbəsi, 2020-ci ildə isə Culfa Rayon Şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır. Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilmiş, peşəkar xilasedicilərin hazırlanması məqsədilə təlim mərkəzi yaradılmış və onun ərazisində helikopter meydançası tikilmişdir.

    Muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi və nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmış və bu sahədə fəaliyyətin nümunəvi təşkili üçün zəruri addımlar atılmışdır. Muxtar respublika ərazisində baş verən təbii, texnogen hadisələrin statistikasının aparılması, belə hadisələrə çevik reaksiyanın verilməsi məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılmışdır.
    Tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə muxtar respublikada 2010-cu ildən etibarən Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi fəaliyyətə başlamış, onun nəzdində Mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılaraq ən müasir sınaq avadanlıqları və cihazları ilə təchiz edilmişdir. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqətdə saxlanılır. Belə ki, nazirliyin zabit-gizir ailələri üçün Naxçıvan şəhərində 48 mənzilli yaşayış binası tikilmiş və 2017-ci il yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə şəxsi heyətin istifadəsinə verilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunmuşdur. 6 bölmədən ibarət olan atlasda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilmiş, eyni zamanda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilmişdir. Atlasda muxtar respublika ərazisində ehtimal olunan daşqın-subasma hadisələri, çöl yanğınları, təhlükəli hidrometereoloji hadisələrdən olan doluvurma, anomal aşağı temperaturlar, eroziya və səhralaşma prosesləri, torpaqların şoranlaşması, güclü küləklər, su qıtlığı təhlükəsi və atmosfer quraqlığı da öz əksini tapmışdır. Bundan başqa, atlasda təbii fövqəladə hal mənbələrinin mövcudluğu, yayılma arealı və təhlükəsi, əvvəlki illərdə muxtar respublikada baş vermiş bu tip təbii fəlakətlər, onların vurduğu ziyan haqqında statistik məlumatlar yer alır. Fövqəladə hallar atlası fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, bu zaman fəaliyyət üzrə idarəetmə orqanlarının və qüvvələrinin fəaliyyətinin planlaşdırılması, təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.
    Nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Ötən il Mülki Müdafiə Alayında əsaslı təmir və yenidənqurma işləri aparılmış, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə əsgər yataqxanası və yeməkxanasında, qərargah binasında təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Belə ki, istilik, su, kanalizasiya və elektrik sistemləri quraşdırılmış, yaşayış və qeyri-yaşayış binalarının dam örtükləri yenidən boyanmış, sıra meydanlarına asfalt örtüyü salınmış, ərazidə abadlıq işləri aparılmışdır.
    Nazirlik tərəfindən mütəxəssis hazırlığına xüsusi diqqət verilərək   “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən Mülki Müdаfiə Alаyının və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin xilasediciləri “Qar uçqunlarında zərərçəkənlərin axtarışı və xilasedilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi idarəetmənin təşkili” mövzusunda təlimin kеçirilməsinə cəlb olunmuşdur. Nazirliyin müvafiq qurumlarının heyətlərinin təcrübə qazanması məqsədilə Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq – 2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təlimində iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində ötən ilin 11-19 dekabr tarixlərdə Qusar rayonunda dağ alpinizmi və qar uçqunlarında axtarış-xilasetmə üzrə təliminə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq şəxsi heyəti də cəlb edilmişdir. Təlim nəzəri və praktik hissədən ibarət olmaqla keçirilmiş, sonda xilasedicilərə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunmuşdur. Həmçinin Mülki Müdаfiə Alаyı və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin xilasedici dalğıclarının peşə hazırlığı keçirilən taktiki-xüsusi təlimdə təkmilləşdirilmişdir.
    Muxtar respublikada fövqəladə hallar zamanı təxliyə (evakuasiya) olunan əhalinin və zərərçəkənlərin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkili, habelə ehtimal olunan radioaktiv, kimyəvi və bioloji zəhərlənmələr zamanı əhaliyə vaxtında fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə nazirliyin mülki müdafiə qüvvələrinin fəaliyyət göstərməsi üçün müasirtipli radiasiya axtarış və ölçü cihazları alınıb gətirilmiş, bu cihazlarla işləyən mütəxəssislərin hazırlığı ixtisasartırma kurslarında təkmilləşdirilmişdir.
    Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi diqqətdə saxlanılaraq şəhər və rayonlarda quraşdırılan elektrik sirenlərinin sazlığı mütəmadi yoxlanılmışdır. İçməli su mənbələrində monitorinqlər keçirilərək sanitar-gigiyena norma və qaydalarına əməl edilməsinə, çay hövzələrində sel axınlarına qarşı tikilən bəndlərin, suburaxıcı və selötürücü qurğuların vəziyyətinə, eləcə də irihəcmli su anbarları bəndlərinin təhlükəsizliyinə və hidrotexniki qurğuların fəaliyyət rejiminə nəzarət edilmişdir. Muxtar respublikada mülki müdafiə işinin təşkili ilə bağlı obyektlərdə taktiki-xüsusi təlim, əməli məşğələ, konfranslar, mааrifləndirici tədbirlər keçirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkə­mizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.
    Fövqəladə Hallar Nazirliyi bundan sonra da mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində zəruri tədbirləri həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2022 20:25