AZ EN RU

Muxtar respublikada müəllimlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

    Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur. 
    Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşünə, nümunəvi əxlaqa malik insanlar yetişir. 
    “...Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”, – deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmiş, savadlı və vətənpərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil sahəsində qanunvericilik bazası təkmilləşdirilir, Dövlət proqramları qəbul olunaraq icra edilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə olmaqla yanaşı, həm də  elm və təhsil ölkəsi kimi tanınır. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.
    Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Təkcə 2021-2022-ci tədris ilində 7 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, hazırda 15 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Yeni tədris ilində isə Kimya-Biologiya Təmayüllü  Lisey və Babək rayon Sirab kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilir. Yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltmək üçün ümumtəhsil müəssisələrində sürətli internetə çıxışı olan 7 mindən çox kompüter və 700-dən artıq elektron lövhə quraşdırılmış, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunmuşdur. Həmçinin qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin və STEAM təhsil metodunun tətbiqi genişləndirilmiş, 108 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmışdır. Ümumtəhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqi ilə yanaşı, şagirdlərin istedad və bacarıqlarının inkişafına, eləcə də onların elmi axtarışlara sövq edilməsinə yönəlmiş bir sıra layihələr də tətbiq olunur. Bu layihələrdən biri də 2019-2020-ci tədris ilindən tətbiq edilən “Sabahın tədqiqatçıları” layihəsidir. Layihə çərçivəsində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülür, şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılır, məruzə, tezis, referat və hesabatlar hazırlanır. 
    Muxtar respublikada müəllimlərin əməyi daim qiymətləndirilir. Öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Muxtar respublikada müəllim əməyinin qiymətləndirilməsi ilə yanaşı, onların maddi rifah halının yüksəldilməsi, əmək haqlarının artırılması da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən 2022-ci il yanvarın 1-dən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənc­lərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Həmçinin yeni tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına təhsilalanların sayına görə, təhsilverənlərin aylıq maaşlarına isə sertifikatlaşdırmanın nəticəsinə görə əlavələr edilmişdir. Sertifikatlaşdırmanın test mərhələsinin nəticəsinə uyğun olaraq 50-dən yuxarı bal toplamış 592 müəllimin əməkhaqlarına 35 faiz, 4256 müəllimin isə əməkhaqlarına 10 faiz əlavələr olunmuşdur.
    Muxtar respublikada təhsil sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib. Bu amil nəzərə alınaraq müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilərək 2018-ci ildən müsabiqə mexanizminə başlanılmışdır. Həmin ildən bu günədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərən gənclərdən 824-ü müəllim, 192-si isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə, 1016 gənc kadr işlə təmin olunmuşdur. Bunlarla yanaşı, 2022-ci ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə də işə qəbul müsabiqə yolu ilə həyata keçirilmiş, 19 tərbiyəçi-müəllim, 6 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla, ümumilikdə, 26 gənc kadr uşaq bağçalarına işə qəbul edilmişdir.
    Gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədilə “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis  edilmişdir. Eyni zamanda uzun illər pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin təkmilləşdirilməsi, eləcə də onların peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş, təhsilverənlərin sertifikasiyası aparılmışdır. Ötən tədris ilində beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin 1200-dən çox pedaqoji heyəti müxtəlif istiqamətlərdə kurs və təlimlərə cəlb edilmişdir. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər hazırda fəaliyyət göstərən müəllimlərlə yanaşı, gələcəyin müəllimləri olacaq pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələri də əhatə etmişdir. Belə ki, fevralın 17-dən mayın sonunadək Naxçıvan Dövlət Universitetinin 379, “Naxçıvan” Universitetinin 195, Naxçıvan Müəllimlər İnstitutunun isə 236 təcrübəçi tələbəsi ümumtəhsil məktəblərində pedaqoji təcrübəyə cəlb edilmiş, ümumilikdə, 810 tələbənin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri, məktəb kitabxanalarından, laboratoriya, elektron lövhələrdən istifadə etmələri və təcrübə dövründə açıq dərslərin təşkili ilə bağlı lazımi şərait yaradılmışdır. Onların iştirakı ilə yeni tədris ili üçün nəşr olunacaq dərsliklərin müzakirəsi davam etdirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə təhsil müəssisələrində mütərəqqi təhsil metodlarının tətbiqi üçün yaradılan müasir tədris şəraiti, müəllim əməyinə verilən yüksək qiymət sayəsində muxtar respublikada öz sənətini sevən kifayət qədər peşəkar müəllim ordusu formalaşmış, müəllimlər arasında sağlam rəqabət və motivasiya güclənmişdir. Belə ki, cari ildə ölkə üzrə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 8-i qalib olmuşdur.
    Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı sayəsində ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraitinin, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla keçirilən ənənəvi görüşlərin, ümumtəhsil məktəblərində nümunəvi və interaktiv dərslərin keçilməsinin nəticəsidir ki, 2022-ci ildə də təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların sayı artmışdır. Belə ki, tam orta təhsil bazasını bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasını bitirənlərdən isə 56-sı fərqlənmə attestatına layiq görülmüş,  keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 329 şagird qalib olmuşdur. 
    2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini bitirən məzunların  2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, onlardan 2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 254-ü imtahanlarda 500-700 bal arası nəticə göstərmiş,              6 məzun Prezident təqaüdünə layiq görülmüşdür. Muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymət, onların fəaliyyəti üçün yaradılan müasir şərait müəllimlik peşəsinə marağı artırmışdır. Bu qayğının nəticəsidir ki, ötən tədris ilində 500-dən yuxarı bal toplayan 254 məzundan 45-i, ümumilikdə isə 527-si müəllimlik ixtisasını seçmişdir. Muxtar respublikada müəllim olmaq istəyən məzunların sayının ilbəil artması Ali Məclis Sədrinin təhsilin davamlı inkişafına diqqət və qayğısının təzahürü, müəllimlik peşəsinə verdiyi yüksək dəyərin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təhsilin yeni yanaşma əsasında qurulmasını və rəqabət əsaslı inkişaf etdirilməsini təhsil işçiləri qarşısında mühüm vəzifə kimi qoyaraq demişdir: “Muxtar respublikanın təhsil işçilərinin qarşısında duran başlıca vəzifə vətənpərvər, təhsilli və peşə sahibi olan gənclər yetişdirməkdir. Sözsüz ki, müəllim hazırlığı olmadan buna nail olmaq mümkün deyil. Ona görə də müəllimlər öz ixtisaslarını daim təkmilləşdirməli, müasir tədris metodlarını mənimsəməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq səviyyəsində qurulmalıdır”.
    Peşə bayramlarını qeyd edən muxtar respublika müəllimləri bundan sonra da Ali Məclis Sədrinin tövsiyələrini əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirəcək, təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.10.2022 23:50