AZ EN RU

Muxtar respublikada müasir vergi sistemi yaradılıb

    Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə vergi münasibətlərinin tənzimlənməsi sahəsindəki sistemsizlik və boşluqlar aradan qaldırılmış, bu sahənin kompleks inkişafı təmin edilmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qəbul olunması isə qanunvericilik bazasını möhkəmləndirmişdir. 
    Ötən dövrdə iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də əsaslı islahatlar aparılmış, bu sistem müasir standartlar səviyyəsində formalaşdırılmışdır. Ümummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vergi orqanlarında elektron vergi sisteminin yaradılması, axtarış-hesabat sistemlərinin qurulması və geniş elektron təhlil bazasının formalaşması, vergitutma bazasının genişləndirilməsi və vergilərin ödənilməsi üzərində nəzarətin gücləndirilməsinə gətirib çıxarmışdır.
    Azərbaycan Respublikasının vergi sistemində aparılan islahatlar muxtar respublikanı da əhatə etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi yaradılmış, Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Fərmanı ilə dövlət orqanlarında müvafiq struktur dəyişikliklərinin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilmişdir. Fəaliyyət göstərdiyi dövrdə xidmət böyük inkişaf yolu keçmiş, onun maddi-texniki bazası xeyli gücləndirilmiş, vergi qurumları üçün müasir standartlara cavab verən binalar tikilərək istifadəyə verilmiş, əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov vergi orqanları əməkdaşlarının qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Muxtar respublikanın vergi orqanlarında çalışanlar öz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, hüquqi və fiziki şəxslər tərəfindən vergilərin vaxtlı-vaxtında ödənilməsi, vergiödəyicilərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və vətəndaşlar arasında maarifləndirmə işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
    Muxtar respublikada vergiödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi müasir dövrün ən aktual məsələlərindən biridir. Məqsəd perspektivdə vergiödəyiciləri ilə canlı əlaqə formalarını məhdudlaşdırmaq və bu sahədə müasir informasiya texnologiyalarından istifadə etməklə vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada tətbiqinin genişləndirilməsinə nail olmaqdır. Dövlət Vergi Xidmətində 2007-ci ilin dekabr ayından avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) tətbiq edilərək daxili sənəd dövriyyəsi, hesabat-məlumat sistemi tam elektronlaşdırılmış, bəyannamələrin elektron formada göndərilməsinə və vergiödəyicilərinə elektron xidmətlərin daha geniş şəkildə göstərilməsinə başlanılmışdır. Xidmət tərəfindən “Elektron-bəyannamə” sisteminin tətbiqi isə vergi orqanları ilə vergiödəyiciləri arasında əlaqələrin tam şəffaflaşmasına səbəb olmuş, vergi öhdəliklərinin yerinə yetirilməsinə sərf olunan vaxt itkisinin qarşısını almışdır. Vətəndaşlar və vergiödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsini təmin etmək məqsədilə 2010-cu ildən etibarən “onlayn kargüzarlıq” sisteminin tətbiqinə başlanmışdır. Artıq vergiödəyiciləri vergi orqanları ilə yazışmaları internet vasitəsi ilə aparır. Bu sistemlə həm də vergi ödəyicilərinin məlumatlandırılması, onların ərizə, şikayət və təkliflərinə baxılması, vergi orqanlarına göndərilən məktubların daxili hərəkətinə nəzarət həyata keçirilir.
    2008-ci il yanvar ayının 1-dən sahibkarlıq subyektlərinin qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi kommersiya hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və sərf edilən müddətin azalması ilə nəticələnmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində 2011-ci il iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qeydiyyatına başlanmışdır. Bu sistemin tətbiqi ilə fiziki şəxslərin vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən bir neçə dəqiqəyə elektron qaydada qeydiyyata düşməsi təmin edilir. Ona görə də sahibkarlıq fəaliyyətinə başlamaq üçün qeydiyyata düşənlərin sayı sürətlə artır. Belə ki, 2008-ci il yanvar ayının 1-dən 2022-ci il fevral ayının 1-dək 415 kommersiya hüquqi şəxs və 29051 fiziki şəxs qeydiyyata alınmışdır.
    Muxtar respublikada nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamına əsasən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq mövcud rəqəmsal ödəniş infrastrukturunun (POS-terminal, bankomat və digər ödəniş terminalları) daha da təkmilləşdirilməsi, özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada (ödəniş kartları vasitəsilə) ödənişinin başa çatdırılması və digər istiqamətdə işlər davam etdirilmiş, nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlər keçirilir. 2014-cü ildən başlayaraq keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin, ümumilikdə, 16 tirajında  4733 muxtar respublika sakini 290 min manat dəyərində müxtəlif hədiyyələr qazanmışdır.
    Ölkə iqtisadiyyatında makroiqtisadi göstəricilərin daha da yaxşılaşdırılması fonunda Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməklə sahibkarların vergi yükü azaldılır, vergi inzibatçılığı daha da təkmilləşdirilir. 2022-ci il yanvarın 1-dən etibarən edilən əlavə və dəyişikliklərə əsasən vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Vergi Məcəlləsinə dəyişikliklər bərabər və şəffaf mühitin təmin edilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması kimi məqsədləri əhatə etmişdir.
    Dövlət Vergi Xidməti tərəfindən kadr islahatlarına da diqqət artırılmış, gənc kadrların işə qəbulu davam etdirilmişdir. 2009-2022-ci illərdə dövlət vergi orqanlarına xidmətə qəbul test imtahanı ilə keçirilmiş, 114 namizəd vergi orqanlarında xidmətə qəbul edilmişdir.
    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə göstərilən dövlət qayğısı təkcə maddi-texniki bazanın yaxşılaşdırılması ilə məhdudlaşmır. Belə ki, vergi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, əməkhaqları artırılır, səmərəli fəaliyyət göstərən vergi əməkdaşlarının əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, onlar müxtəlif dövlət mükafatlarına layiq görülürlər. Dövlət Vergi Xidmətinin kollektivi göstərilən dövlət qayğısının və yaradılan şəraitin müqabilində qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq, muxtar respublikanın davamlı inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2022 19:40