AZ EN RU

Muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi uğurla davam etdirilir

Zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında reallaşdırılan sabitləşmə, dönüş və inkişaf konsepsiyası bu gün iqtisadi və sosial müstəvidə artan templə uğurla davam etdirilir. Bütün parametrlər üzrə əldə edilən yüksək nailiyyətlər, eyni zamanda dayanıqlı sabitlik, davamlı inkişaf və yüksək rifah, nəticə etibarilə xarici ölkə vətəndaşlarının muxtar respublikaya marağının daha da artmasına və müxtəlif məqsədlərlə səfərinə təşviq edir.

Bu gün əcnəbilərin hüquq və azadlıqlarının etibarlı təminatçısına çevrilən Dövlət Miqrasiya Xidməti muxtar respublikanın milli maraqları və təhlükəsizliyi çərçivəsində miqrasiya axınlarını nəzarətdə saxlamaq, miqrasiya proseslərini qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək, həmçinin miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasını daha da gücləndirən və yeni perspektivlərə yol açan Dövlət proqramlarının vaxtında, dəqiq və uğurlu icrası fəaliyyət göstərdiyi dövr ərzində Dövlət Miqrasiya Xidmətinin də diqqətində saxlanılan prioritet vəzifələrdən biri olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması diqqət mərkəzində saxlanılıb, əməkçi miqrantlara olan tələbatların maksimum səviyyədə yerli əmək ehtiyatlarından istifadəsi ətraflı təhlil edilib, habelə onların qanunsuz əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılaraq müxtəlif tədbirlər həyata keçirilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən də mühüm addımlar atılıb, muxtar respublikada əlverişli turizm mühitinin formalaşması məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin uğurla reallaşdırılmasının mühüm faktorlarından biri də dövlət sərhəddinin buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyətidir. Əminliklə deyə bilərik ki, bu gün muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarət operativ və keyfiyyətli şəkildə həyata keçirilir. Müasir dövrdə qeyri-qanuni miqrasiyaya qarşı ən səmərəli mübarizə tədbirlərindən biri də qanuni miqrasiyanın təbliği və təşviqidir. Bu baxımdan sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya daxil olduğu ilk andan etibarən maarifləndirilməsi istiqamətində də zəruri addımlar atılıb. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələri, onlara operativ və yerində xidmətlərin göstərilməsi təmin olunub, miqrasiya proseslərinə nəzarət daha da gücləndirilib, maarifləndirmə tədbirləri sayəsində qanun pozuntularının sayı xeyli azalıb.

Bu gün blokadanın yaratdığı çətinliklərə olmasına baxmayaraq idarəetmənin düzgün təşkili, iqtisadiyyatın şaxələndirilməsi, sağlam və əlverişli biznes mühitinin formalaşdırılması bütün sahələr üzrə makroiqtisadi göstəricilərin artımı ilə müşayiət olunmaqda davam edir. Muxtar respublikada siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən mühüm işlər, burada yaşamaq, işləmək, təhsil almaq, xüsusilə də Azərbaycan vətəndaşı olmaq arzusunda olanların sayını ildən-ilə artırmaqdadır. Qeyd etmək lazımdır ki, aparılan uğurlu və məqsədyönlü siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edib.

Müasir dövrün yeni çağırış və tələblərinə uyğun olaraq, miqrasiya sahəsi üzrə vətəndaşlara göstərilən elektron xidmətlərin yüksək səviyyədə təşkili, sənədləşmə zamanı prosedurların sadələşdirilməsi, vətəndaşla dövlət orqanı arasında şəffaflığın daha da artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Miqrasiya Xidmətində mövcud xidmətlərin yeni formada, müasir tərzdə göstərilməsi, təmassız, onlayn rejimdə tətbiqinin genişləndirilməsi məqsədilə konkret sahələr üzrə 9 xidmət növünü əhatə edən “Elektron hökumət” formalaşdırılıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda ölkə vətəndaşlarının istifadəsinə verilən həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.

Əminliklə demək olar ki, Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri bütün sahələr üzrə tam gücü ilə fəaliyyət göstərir. Bu gün miqrasiya sahəsi üzrə tətbiq edilən xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan elektron xidmətlərdən biri də xidmətin rəsmi internet səhifəsidir. Üç dildə fəaliyyət göstərən, eyni zamanda funksionallıq və dizayn baxımından müasir standartlara cavab verən xidmətin rəsmi internet səhifəsində miqrasiya məsələləri ilə bağlı yaranan bütün suallara tam və obyektiv cavab tapmaq mümkündür. Elektron xidmətlərin göstərilməsi zamanı vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış “202 – Miqrasiya Məlumat Mərkəzi”nin rolunu da xüsusi qeyd etmək lazımdır. Məlumat Mərkəzinin fəaliyyəti miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Xidmət elektronlaşdırılma ilə bağlı proseslərin sürətləndirilməsi, o cümlədən bu sahədə səmərəliliyin və keyfiyyətin artırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu xüsusda insanların rahatlığını və məmnuniyyətini təmin etmək, müraciətlərini operativ cavablandırmaq, habelə onların müraciətetmə imkanlarını genişləndirmək məqsədilə Xidmətin həm “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti), həm də “Instagram” (nmr_miqrasiya_xidmeti) səhifələri fəaliyyətini günün tələblərinə uyğun davam etdirir. Bununla da sosial şəbəkə istifadəçiləri əlavə vaxt itkisinə yol vermədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə əlaqədar operativ olaraq müraciətlər göndərə, həmçinin xidmətin fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı, hüquqi maarifləndirmə mövzularında məlumatlarla da daha yaxından tanış ola bilirlər.

Bu gün muxtar respublikamızda miqrasiya sahəsində çevik, şəffaf və səmərəli idarəçilik modeli qurulmuşdur. Bu istiqamətdə reallaşdırılan tədbirlərin davamı kimi, ötən ildən etibarən Dövlət Miqrasiya Xidmətində müraciətlərin hərəkətliliyini təmin etmək, bütün istiqamətlərdə operativlik və şəffaflığı artırmaq, eləcə də kağız sənəd dövriyyəsini minumuma endirmək məqsədilə, Elektron Sənəd Dövriyyəsi Sistemi qurulmuş və sistem üçün proqram təminatı hazırlanmışdır. Elektron Sənəd Dövriyyəsi Sisteminin yaradılması imkan verir ki, bu gün Xidmət əməkdaşları arasında sənəd dövriyyəsi daha operativ təşkil olunsun, eyni zamanda vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılsın, icrasına və icraya nəzarət mərkəzlişdirilmiş qaydada həyata keçirilsin.

Reallıqdır ki, bu gün əcnəbilərin muxtar respublikada rahat və təhlükəsiz hərəkət etmələrinin əsasında həm də maarifləndirici tədbirlər dayanır. Beynəlxalq təcrübələrdən də göründüyü kimi, öz hüquq, azadlıq və vəzifələrini, eyni zamanda miqrasiya qanunvericiliyinin tələblərini bilməyən əcnəbilər, təbii ki, məsuliyyətə cəlb oluna, habelə qanunsuz miqranta çevrilə bilərlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mövzunun aktuallığını və əhəmiyyətini ön plana çəkərək demişdir: “Miqrasiya xidmətinin qarşısında mühüm vəzifələr durur. Kollektiv, ilk növbədə, qanunsuz miqrasiyanın qarşısını almalı, əcnəbilərin yaşayış yeri üzrə qeydiyyatını aparmalı, iş icazəsi verməli və onların qanunlara əməl etmələrinə nəzarəti həyata keçirməlidir. Bundan başqa Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çalışmalıdırlar ki, əcnəbilər qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini və mədəniyyətini də öyrənsinlər”. Fəaliyyət istiqamətlərində hər zaman Ali Məclis Sədrinin tapşırıq və tövsiyələrini rəhbər tutan Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada müvəqqəti olan və yaşayan, təhsil alan, o cümlədən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə müxtəlif maarifləndirmə tədbirləri keçirilir, onların tarixi abidələrə, muzeylərə və turizm obyektlərinə ekskursiyaları təşkil olunur.

Bu gün Naxçıvan Muxtar Respublikasında hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Muxtar respublikada əcnəbilərin hüquq və azadlıqlarına, onların qanuni mənafelərinin etibarlı təminatına xüsusi diqqətlə və həssaslıqla yanaşılır. Əminliklə demək olar ki, muxtar respublikanın paytaxt şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti burada insan amilinə verilən yüksək dəyərlə yanaşı, həm də miqrantlara göstərilən qayğının daha bir ifadəsidir. Mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə hər cür lazımi şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi muxtar respublikamızın inkişafı və tərəqqisi naminə Ali Məclis Sədrinin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlərə öz töhfəsini vermək üçün qarşıya qoyulan bütün vəzifələri bundan sonra da səy və bacarıqla həyata keçirməyə çalışacaq, eyni zamanda bu sahədə dövlət siyasətinin uğurla reallaşdırılması istiqamətində fəal miqrasiya siyasəti yürüdəcəkdir.

Naxçıvan Muxtar Respublikası

 Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

 

Nəşr edilib : 31.05.2022 10:50