AZ EN RU

Muxtar respublikada kitabxanaların təşəkkül və inkişaf tarixindən bəhs edən qiymətli tədris nəşrləri

Yeni nəşrlər

    Azərbaycan mədəniyyətinin mühüm tərkib hissələrindən biri kitab və kitabxana mədəniyyətidir. Yazının meydana gəlməsi, əlifbanın yaranması, kitabın təşəkkülü və inkişafı, kitabxanaların yaranması xalqımızın mədəniyyət tarixinin inkişafında və formalaşmasında mühüm yer tutur. Çox haqlı olaraq professor Abuzər Xələfov kitabxanaların tarixini onu yaradan cəmiyyətin tarixi ilə əlaqələndirir və kitabxana işinin tərəqqisini xalqımızın mədəni inkişaf sahəsindəki ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirir.

    Doğrudan da, kitabxana işinin tarixinə aid biliklər bizə təkcə keçmişi öyrənmək üçün yox, müasirliyi yaxşı başa düşmək, əhaliyə kitabxana xidmətini hərtərəfli yaxşılaşdırmaq üçün də zəruridir. Qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanda kitabxanaçılığın tarixi burada zaman-zaman baş verən proseslərlə, mədəniyyət tarixi ilə sıx bağlı olub. Bölgənin çox qədim zamanlardan misilsiz sənət örnəklərinə malik olması ilə bağlı biliklər milli mədəniyyətə varislik hissinin möhkəmləndirilməsində misilsiz əhəmiyyətə malikdir. Çünki gənc nəslin kitabxana tariximizi dərindən öyrənməsi çox vacib məsələlərdəndir.
    Bu mənada, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılovanın bu sahədəki elmi fəaliyyəti xüsusi qeyd edilməlidir. Nəzakət İsmayılova 30 ilə yaxındır ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda tədris-pedaqoji və elmi tədqiqat işi ilə məşğuldur. Onun elmi tədqiqat fəaliyyəti daim elmi ictimaiyyətin diqqətini cəlb edib. Alimin elmi fəaliyyəti Cənubi Azərbaycan ədəbiyyatı və mətbuatı, eyni zamanda kitab, kitabçılıq işi, ümumiyyətlə, kitabxanaşünaslığın nəzəri, təcrübi və metodik problemlərinə həsr olunub. O, indiyədək apardığı tədqiqat işlərinin nəticəsi kimi çox böyük elmi nailiyyətlər qazanıb. Belə ki, Nəzakət müəllimin kitabxanaçılıq işinin nəzəri və təcrübi məsələlərinə aid bir neçə kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, 100-ə qədər elmi-publisistik məqalələri çap olunub. Bu yaxınlarda müəllifin çox nəfis şəkildə “Naxçıvan Muxtar Respublika kitabxanalarının təşəkkülü və inkişaf tarixi” adlı dərs vəsaiti və həmin vəsaitin proqramı çapdan çıxıb. 266 səhifədən ibarət olan dərs vəsaiti Naxçıvanda kitabxanaların tarixini müəyyən edən ciddi elmi tədqiqat işi kimi çox qiymətlidir. 
    Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 29 may 2019-cu il tarixli 10 saylı Qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova və filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətovadır.
    Azərbaycan elminə qiymətli töhfələr verən, universitetin Tarix-filologiya fakültəsinin nəzdində 10 il Kitabxanaçılıq-informasiya kafedrasının müdiri kimi xüsusi xidmətlər göstərən Nəzakət İsmayılovanın yeni dərs vəsaitində Naxçıvanda kitabxanaların tarixi, inkişafı və müasir vəziyyəti çox geniş şəkildə tədqiq edilir. Belə ki, müəllif muxtar respublikamızda ən qədim dövrdən – ilk yazılı kitabələrdən başlayaraq müasir dövrümüzə qədər kitabxanaların təşəkkülü və inkişaf tarixinə dair geniş araşdırma aparıb. Bütövlükdə, zəngin bir tarixi dövrü özündə əks etdirən bu kitab uzunmüddətli gərgin axtarışların bəhrəsidir.
    Kitabda diqqətçəkən cəhətlərdən biri də odur ki, Naxçıvan ərazisində tapılan qədim kitabələrdən bəhs olunur. Müəllif, əsasən, üçünün üzərində dayanaraq qədim kitabələrin ilk aşkar olunan kitabələr sırasında olduğunu qeyd edir. Bunlardan biri Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında, digər ikinci kitabə Batabat yaylağında “Fərhad evi” adlı abidənin üzərində aşkar olunub. Tədqiqat zamanı müəyyən edilib ki, bu abidə heç də əvvəllər qeyd olunduğu kimi karvansara deyil, Dəmir dövrünün qəbir abidəsidir. Abidənin üzərindəki kitabə isə, şübhəsiz ki, dəfn edilənin kimliyi ilə bağlıdır. Üçüncü kitabə isə AMEA Naxçıvan Bölməsinin binası təmir edilərkən binanın təməlində aşkar olunub. Üzərində kitabə olan və tikinti materialı kimi binanın tikintisində istifadə edilən daş kitabə assuriyaşünas mütəxəssislər tərəfindən tədqiq olunub.
    “Naxçıvan Muxtar Respublika kitabxanalarının təşəkkülü və inkişaf tarixi” kitabını vərəqləyərkən belə bir tarixi həqiqət ortaya çıxır ki, Naxçıvan hələ tarixin erkən çağlarından başlayaraq təhsilə, elmə, kitab və kitabxanalara çox böyük qiymət verib, onu qoruyub saxlayıb. Bu isə elm və mədəniyyətin inkişafı üçün çox böyük əhəmiyyət daşıyan amildir. Əl-Ustadın yazdığı “Munisnamə” əsəri buna parlaq nümunədir. Əsərin yeganə əlyazması 800 il Naxçıvanda hifz olunub, 1920-ci ildə İngiltərəyə aparılaraq Britaniya muzeyində “Min bir gecə” adı ilə saxlanılıb, 50 il sonra bu əlyazma ingilis alimi Q.M.Mereditin diqqətini cəlb edib. Kitabın səkkiz əsr Naxçıvanda zədəsiz və itkisiz şəkildə qorunub saxlanılması bölgədə tarixən kitaba və kitabxanaya həssas münasibətə parlaq sübutdur. Bu cür faktlar kitabxana işinin tarixində çox dəyərlidir və fikrimizcə, onların gənc nəslə öyrədilməsi kitaba məhəbbət hissini formalaşdırmaqla yanaşı, kitabxana tariximizlə bağlı qürur, iftixar hissi yaradır.
    Dərs vəsaitində təkcə kitabxanaların tarixi yox, həmçinin yeni kitabxana texnologiyalarına, yeni texnologiyaların tətbiqi məsələlərinə də diqqət yetirilib, xüsusilə xidmət proseslərinin təşkilində elektron kataloq və elektron kitabxanalardan istifadə edilməsində texnoloji prosesin təşkili və idarə olunması, yeni kitabxana texnologiyalarının tətbiqi məsələlərinin öyrədilməsinə geniş yer verilib. 
    “Naxçıvan Muxtar Respublika kitabxanalarının təşəkkülü və inkişaf tarixi” dərs vəsaiti mədəniyyət tariximizdə öz yeri olan dəyərli bir nəşrdir. İstər Naxçıvan Dövlət Universitetində, istərsə də Naxçıvan Müəllimlər İnstitutunda Kitabxanaçılıq-informasiya ixtisası üzrə təhsil alan tələbələrə ölkəmizdə kitabxana işinin tarixinin öyrədilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 
    Müəllifi dəyərli tədris nəşrlərinin işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Aypara BEHBUDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 04.04.2022 18:53