AZ EN RU

Muxtar respublikada kinoa bitkisinin sınaq əkini keçirilib

    Naxçıvan şəhərinin Əliabad qəsəbəsi ərazisində 0,5 hektar ərazidə kinoa əkini həyata keçirilib. Əkin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri tərəfindən təcrübə məqsədilə aparılıb.
    Kinoa bitkisi kifayət qədər susuzluğa davamlı, torpaqdan duzluluğu götürən bitkidir. Bu bitki həm ərzaqlıq, həm də yem bitkisi kimi istifadə edilir. 100-dən çox növü olan bu bitki ağ, qara və açıq-qəhvəyi rənglərinə görə fərqlənir. Vətəni Cənubi Amerikanın qərb sahilindəki and dağları bölgəsi olan bu bitki ilk dəfə Azərbaycana Türkiyə Respublikasından gətirilib və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən əvvəlki illərdə Azərbaycanın digər bölgələrində sınağa cəlb olunub.
    Hazırda Naxçıvan Muxtar Respublikasında təcrübəsi aparılan bu bitki torpaq-iqlim şəraitinə uyğunlaşarsa və məhsuldarlığı yüksək olarsa, gələcəkdə geniş əkin sahələrində əkilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.04.2023 12:46