AZ EN RU

Muxtar respublikada istehlak mallarının ekspertizası diqqət mərkəzində saxlanılır

    İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını tələb edir. Muxtar respublikada bu sahədə mühüm addımlar atılır, daxili bazarın keyfiyyətli məhsullarla təminatına ciddi fikir verilir. 
    Bu istiqamətdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il 85 mal çeşidini əhatə edən 604 səyyari və 2166 halda mal nümunəsi laboratoriya analizindən keçmişdir. Aparılmış laboratoriya təhlilləri, əsasən, 1668 yerli istehsal məhsulunu və 498 idxal məhsulunu əhatə etmişdir. Qeyd olunan dövrdə 927 halda hüquqi və 1239 halda fiziki şəxslər tərəfindən daxil olmuş 2166  halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 2164 nümunənin  keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin isə keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir. 
    Normativ-texniki sənədlərin tələblərinə cavab verməyən məhsullarda nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti sahibkarlıq subyektləri ilə maarifləndirici istiqamətdə işlər aparılmış və metodik köməkliklər göstərilmişdir.
    Muxtar respublika iqtisadiyyatına gündən-günə daha böyük töhfə verən ailə təsərrüfatlarının istehsal etdikləri ərzaq məhsullarından ötən il 273 halda orta nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laboratoriya təhlilləri aparılmışdır.
    Sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının istehsalçılar tərəfindən birbaşa bazarlara təklif edildiyi nəzərə alınaraq 700 halda səyyar laboratoriya təhlilləri aparılmış, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilmişdir.
    2021-ci ildə muxtar respublikadan ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi məqsədilə müxtəlif məhsullar üzrə müvafiq ekspertizalar aparılmış və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 137 hаldа mənşə sertifikatının verilməsi təmin edilmişdir.
    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası muxtar respublikada istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını mütəmadi olaraq davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.01.2022 19:14