AZ EN RU

Muxtar respublikada insan kapitalına yatırım: gələcəyə inamla

    Müasir dünyamızda ən qiymətli sərvət ayrı-ayrı insanlara məxsus əqli mülkiyyət, intellektual sərmayə, bilik və bacarıqlardır. İnsan kapitalı daşınan sərvətdir. İnsan öz bilik və bacarıqlarını özü ilə bir məkandan digərinə daşıyır, öz potensialını uyğun yerlərdə, şəraitlərdə reallaşdırır. Bu yeni növ rəqabətə hazır olmaqdan ötrü hər bir ölkənin yüksəkrəqabətli insan kapitalını formalaşdırması mütləqdir. Bunun üçün müasir təhsilin, innovasiyaları təşviq edən mühitin və insanların sağlamlığının təmin olunması əsas şərt kimi qəbul olunur. Bu gün Azərbaycan dövləti ölkəmizdə insan kapitalının inkişafını stimullaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirməkdədir. Real sektorun tələbinə uyğun kadr hazırlığının aparılması, təhsil sistemində islahatlar burada mühüm yer tutur.

    Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında davamlı inkişafın idarə olunması və bu sahədə uğurların əldə edilməsi ilə bağlı ardıcıl siyasət aparıldı. Məhz bu məqsədlə Azərbaycanda dövlət gənclər siyasəti həyata keçirilməyə başlandı və bu siyasət ölkədə kadr potensialının formalaşdırılması üçün mühüm bir mexanizmə çevrildi.
    Prezident cənab İlham Əliyev ölkəmizə rəhbərliyinin ilk illərindən Azərbaycanın mövcud təbii resurslarının insan kapitalına çevrilməsi zərurətini əsas prioritetlərdən biri kimi irəli sürüb. Müəyyən edilmiş inkişaf hədəfləri, qəbul olunmuş qərarlar, həyata keçirilən strateji layihələr bu prioritetə uyğunlaşdırılır. Dövlətimiz rəqabətli insan kapitalının formalaşdırılmasını qloballaşma dövrünün əsas vəzifələrindən biri kimi görür və bu istiqamətdə ardıcıl addımlar atır.
    Öz maraq və tələbatlarını reallaşdıran gənc nəsil dövlətin innovasion, məntiqi olaraq davamlı inkişafının əsas amilinə, cəmiyyətdə fundamental dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilir. Nəzərə alsaq ki, ölkədə əhalisinin 60 faizdən çoxunu 35 yaşadək olan gənclər təşkil edir, bu qüvvənin və dəyişikliklərin miqyasını təsəvvür etmək o qədər də çətin olmaz. Azərbaycan Respublikasının Prezidenti müasir dövrdə ölkəmizin inkişafında insan kapitalının əhəmiyyətini qeyd edərək deyib: “Qara qızılı insan kapitalına çevirmək, sadəcə, şüar deyil. Bu, reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədimizdir”.
    Bu gün dövlət gənclər siyasətinin muxtar respublikada məqsədyönlü şəkildə davam və inkişaf etdirilməsi sahəsində görülən işlər gənclərin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıqlarını xeyli artırıb. Kadr potensialının formalaşması, inkişafı və qorunması mexanizmi kimi dövlət gənclər siyasəti müasir dövrün tələblərinə uyğunlaşdırılır. Gənclərin innovativ düşüncəli və bilikli yetişməsinə önəm verildiyi kimi, onların ictimai proseslərdə fəal iştirakına da diqqət yetirilir. Davamlı inkişafın təmin olunması dövlətin və cəmiyyətin inkişafının prioritet istiqamətlərindən biri olduğu üçün burada müxtəlif istiqamətlərdə kadr potensialının formalaşması və mövcudluğu strateji əhəmiyyət daşıyır. 
    Muxtar respublikanın kompleks inkişafını hədəfləyən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda həyata keçirilməsi nəzərdə tutulan vacib sahələrdən biri də məhz insan kapitalının inkişafı məsələsidir. Dövlət Proqramına əsasən insan kapitalının inkişafı üçün innovativ texnologiyalara əsaslanan təhsil sisteminin genişləndirilməsi, təhsil müəssisələrində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) əsaslı tədrisin tətbiqinin həyata keçirilməsi, eyni zamanda Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsi nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, Dövlət Proqramında Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi də prioritet istiqamətlərdən biri kimi ön plana çəkilib. Bu isə potensial kadr bazasının formalaşdırılması və insan kapitalına yatırılan investisiyanın öz müsbət nəticəsini verməsi ilə nəticələnəcəkdir. 
    İnsan kapitalının inkişaf etdirilməsi istiqamətində əsas məsələlərdən biri də peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılmasıdır. Bu amil əsasında da peşə təhsili müəssisələrinin mövcud sənaye sahələrinin tələblərinə uyğun olaraq qurulması bu istiqamətdəki boşluğu dolduracaq və ixtisaslı, peşəkar mütəxəssislərin formalaşmasına şərait yaradacaq. 
    Muxtar respublikada təhsil strategiyasının uğurla davam etdirilməsi, gənclərin hərtərəfli yetişdirilməsi üçün şəraitin yaradılması kadr potensialının formalaşmasına birbaşa təsir göstərən amildir. Dövlət İmtahana Mərkəzinin 2023-cü il üçün təqdim etdiyi nəticələrdə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən şəhər və rayonların ilk onluğunda muxtar respublikanın 6 şəhər və rayonunun təmsil olunması bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət nəticələridir. 
    Dövlət başçısının qayğısı ilə həyata keçirilən tədbirlər elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və dövlət kadr siyasətinin inkişafına imkan verir. İnsan resurslarını müasirləşdirmək, səmərəli əməkdaşlıq mexanizmi qurmaq dünya təhsil standartlarına uyğun təhsil modeli formalaşdırmağa şərait yaradır. Qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edir. Beləliklə, təhsil sisteminin inkişafı müxtəlif müəssisələrə uyğun gənclərdən ibarət kadr potensialının yaradılması üçün kifayət qədər dəstək verir, eyni zamanda gənclər siyasəti ilə kadr siyasətinin inteqrasiya olunmuş şəkildə həyata keçirilməsini reallaşdırır. 
    Prezident cənab İlham Əliyevin “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır” fikirlərinə uyğun olaraq yeni təfəkkürlü insanların, kreativ düşüncəyə malik, vətənpərvər kadrların irəli çəkilməsi günümüzün reallığıdır. Dövlət idarəçiliyində gənc­lərin irəli çəkilməsi, mühüm vəzifələrin etibar edilməsi üçün layiqli və ədalətli seçimin aparılması, kadr potensialının davamediciliyinin təmin edilməsi proseduru həyata keçirilir. Muxtar respublikada keçirilən işə qəbul imtahanlarında gənclərin iştirak payı kifayət qədər çoxdur. Müsabiqələr gənclərdən ibarət kadr potensialının formalaşdırılmasına və davamlı inkişafa təminat yaradır. Hazırda muxtar respublikada kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. 
    “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndə­liyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Fərmanı muxtar respublikada yeni idarəçilik mexanizminin yaradılmasına, bu istiqamətdə yeniliklərin tətbiq olunmasına imkan verir. Nəticədə, dövlət idarəçiliyi təkmilləşdirilməklə gənc­lərin üzərinə mühüm vəzifələr düşür, onlar yeniləşmənin əsas daşıyıcılarına çevrilirlər. Bu gün diyarımızın siyasi, eyni zamanda sosial strukturuna nəzər yetirsək, gənclərin müxtəlif sferalarda çoxluq təşkil etdiyini görərik. Bu isə Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirildiyinin göstəricisidir. Sadalanan bu faktlar muxtar respublikada gənclərdən ibarət hazırlıqlı kadr potensialının formalaşdırılması istiqamətində görülən işləri əyani şəkildə sübut edir. 
    Ölkəmizin nəinki bu günü, həm də gələcəyi gənc kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından çox asılıdır. Bu, təbii ki, yalnız idarəetmə və dövlət qulluğu sahəsində deyil, eyni zamanda pedaqoji, mədəniyyət, səhiyyə, mətbuat və digər bütün sahələrdə də keçərlidir. Odur ki, bu vəzifələrə uyğun kadrların hazırlanması işi daim təkmilləşdirilir, praktiki iş təcrübələri artırılır. Səmərəli kadr siyasətinin yürüdülməsi vasitəsilə potensiallı və peşəkar gənc kadrları cəlb etmək, onların bilik və bacarıqlarından səmərəli şəkildə yararlanmaq və səriştəli kadr potensialının formalaşdırılmasını təmin etmək olar. Bu mənada, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet vəzifələrin icrası muxtar respublikada dövlət qulluğu istiqamətində yeniliklərin həyata keçirilməsinə imkan verəcəkdir. Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqələrin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi kadr potensialının formalaşdırılmasına və zənginləşdirilməsinə, bu istiqamətdə vahid siyasətin həyata keçirilməsinə, bir mərkəzdən idarəetmənin müsbət keyfiyyətlərinin meydana çıxmasına yeni baxışı ortaya qoyacaq. Bununla yanaşı, yerli strukturların ölkənin müvafiq dövlət orqanları ilə intensiv təcrübə mübadiləsinin həyata keçirilməsi, əməkdaşların müvafiq təlim və təcrübə səfərlərinin təşkil edilməsi istiqamətində tədbirlər görüləcəkdir. Aparılan struktur islahatları Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmasına imkan verir. 
    Ölkə başçısı cənab İlham Əliyevin “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir…” fikri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. 
    İnsan kapitalı deyərkən ilk yada düşən amillərdən biri, təbii ki, innovasiyalardır. İnnovasiyalar hər bir ölkədə iqtisadi inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edir. Bu, tarixin bütün dövrlərində belə olub. Müasir mərhələdə isə innovasiyalara daha böyük maraq vardır. Azərbaycan dövləti də buna çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır, müxtəlif innovasiya mərkəzləri yaradılır. Naxçıvan Muxtar Respublikasında hələlik zəif olan startap mühitinin inkişaf etdirilməsi, eyni zamanda Azərbaycanda və beynəlxalq arenada özəl sektorun innovasiyasını və inkişafını təşviq etmək üçün tədbirlərin həyata keçirilməsi də gənclər üçün bu isitqamətdə yeni fürsətlər yaradır. 
    Yaradıcı gənclərin öz ideyalarını, bilik və bacarıqlarını həyata keçirmələrinə dəstək verilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi dolayısı ilə innovasiyalara da marağı artırır. Bütün bunlar isə cəmiyyətimizdə insan kapitalının inkişafına xidmət edir.
    Məşhur ingilis iqtisadçı, neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınan Alfred Marşalın “Ən dəyərli kapital insana yatırılan kapitaldır” fikrindən yanaşdıqda muxtar respublikada kadr potensialının formalaşdırılması və insan kapitalının inkişafı istiqamətində Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan vəzifələrin icrası və onlardan gözlənilən nəticələri aşağıdakı kimi yekunlaşdırmaq mümkündür. 
    Dövlət Proqramının insan kapitalının inkişafı istiqamətindəki müddəalarının uğurla icrası muxtar respublikada əmək bazarının tələblərinə uyğun peşə təhsilli gənclərin sayının artmasına, orta təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsinə, ali təhsilin mütərəqqi metodlar əsasında dünya təhsil sisteminə uğurla inteqrasiyasına, ictimai-fəal əhalinin böyük bir hissəsini təşkil edən gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların ideoloji hazırlığı, şəxsi inkişafı istiqamətində fəaliyyətin təşkilinə, gənclərin intellektual və yaradıcı potensialının artması və cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakının təmin edilməsinə, startap layihələrin dəstəklənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi isə Naxçıvan Muxtar Respublikasında startap təfəkkürünün və regionun innovasiya mühitinin inkişafına öz əhəmiyyətli təsirini göstərəcəkdir. 
    Bütün bunlar təcrübəli kadr potensialının və dayanıqlı insan kapitalının formalaşdırılmasına, yekun nəticədə isə bizə gələcəyə daha inamla baxmağa və yeni uğurlara hazır olmağa təminat verir.

Məmməd BABAYEV 

Nəşr edilib : 17.08.2023 20:16