AZ EN RU

Muxtar respublikada ilk dəfə olaraq “Microsoft” korporasiyası tərəfindən vebinar keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri diqqətdə saxlanılır. Bu məqsədlə onlayn kurs və təlimlər keçirilir, əməkdaşların ixtisasartırma kurslarına cəlbi təşkil olunur. Bu tədbirlərin məntiqi davamı olaraq muxtar respublikada ilk dəfə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən nazirliyin və struktur bölmələrinin aidiyyəti əməkdaşlarına “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik”, “Köhnə tətbiqlərin və proqramların müasirləşdirilməsi” və  “Əşyaların interneti və ağıllı qurğuların tətbiqi” mövzularında vebinar keçirilib.
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev Ali Məclis Sədrinin diqqət və qayğısı ilə rabitə və yeni texnologiyalar sahəsinə  göstərilən dövlət qayğısından danışıb, tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi hər zaman diqqətdə saxlanılıb.
    “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfedarasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər Komissiyasının üzvü Qaçay Mirzəyev dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib. Qeyd edilib ki, proqramların müasirləşdirilməsi, yeni tətbiqlərdən istifadə developerlərin işini asanlaşdırır, onların  daha peşəkar, təhlükəsiz, müasir şəkildə işləmələrinə şərait yaradır.
    Təlim iştirakçılarına informasiya kommunikasiya texnologiyalarının yaratdığı kiberrisklərin minimallaşması, mümkün kibertəhditlərin vaxtında aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi, sistemlərin, şəbəkələrin və proqram təminatlarının rəqəmsal hücumlardan qorunması və yaranan təhlükələr zamanı ən müasir kibertəhlükəsizlik tətbiqlərindən istifadə haqqında ətraflı məlumat verilib.
    Vebinarda, həmçinin Microsoftun istifadəyə verdiyi mobil qurğular və veb  üzərində çalışan bir sıra “ağıllı” qurğuların tətbiqi, köhnə tətbiqlər və o cümlədən Əşyaların İnterneti (İoT-İnternet of Things) haqqında danışılıb. Vurğulanıb ki, “Əşyaların interneti” şəbəkə ehtiyacı olmadan məlumatları bir-birinə ötürə bilən sistemlərin hamısını, bir-biri ilə əlaqəli elektronlaşmış cihazları, mexaniki və rəqəmsal cihazları, bənzərsiz identifikatorları özündə cəmləyir.
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2022 19:42