AZ EN RU

Muxtar respublikada ilk dəfə informasiya-kommunikasiya texnologiyalarının BootCamp layihəsinə start verilib

    Naxçıvan Dövlət Universiteti İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə “Ağbulaq” İstirahət Mərkəzində informasiya texnologiyaları üzrə BootCamp layihəsinə  start verilib. Layihənin təşkilatçıları universitetin informasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov layihə haqqında iştirakçıları məlumatlandırıblar. 
    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov belə təlimlərin əhəmiyyətini qeyd edərək müasir dövrdə vacib olan informasiya-kommunikasiya texnologiyaları bacarıqlarının qiymətləndirilməsi və bu sahədə süni intellekt texnologiyalarının geniş istifadə olunduğunu diqqətə çatdırıb.    
    Universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, mobil tətbiqlər tələbələrin İKT sahəsində təcrübəsini artırmaqla yanaşı, tələbələr üçün də məlumatların əlçatanlığını təmin edir. 
    Tədbirə onlayn qatılan İKT Lab Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov qeyd edib ki, mərkəzin əsas missiyası sürətlə dəyişən texnologiyalar dövründə informasiya-kommunikasiya texnologiyaları İKT-də səmərəli istifadəni insanlara öyrətmək və bütün fəaliyyət sahələrində texnologiyaların geniş tətbiqinə nail olmaqdır. Mərkəzin direktoru rəqəmsal bacarıqlar və ofis proqramları, data analitika, şəbəkə və sistem inzibatçılığı, kiber təhlükəsizlik, qrafik dizayn və digər təlim metodlarından danışıb. Rauf Cabarov muxtar respublikada həyata keçirilən BootCamp layihəsinin mühüm əhəmiyyətini vurğulayıb. 
    Qeyd edək ki, layihədə informasiya texnologiyaları sahəsinə gedən yol, proqramlaşdırma təlimləri, əşyaların interneti, startap və ekosistemlərin tətbiqində informasiya-kommunikasiya texnologiyaları kimi mövzular barədə təlimlər həyata keçirilib. Müsabiqə və müsahibə mərhələsindən uğurla keçmiş 50 iştirakçının qatıldığı layihənin sonunda gənclərə sertifikat verilib. Ən yaxşı proqram təminatçısı seçilən 2 iştirakçı isə mükafatlandırılıb. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə 
əlaqələr bölməsi

 

Nəşr edilib : 04.02.2022 22:07