AZ EN RU

Muxtar respublikada həyata keçirilən sənayeləşmə siyasəti real nəticələr verir

    Naxçıvan Muxtar Respublikasının mühüm sənaye potensialı var. Bu potensialdan istifadə bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsini zəruri edir ki, artıq illərdir, bu sahədə mühüm addımlar atılır. Belə ki, sənayenin davamlı inkişafına əsaslanan strategiyanın düzgün seçilməsi, Dövlət proqramlarının vaxtında və uğurlu icrası, sahibkarlığın inkişafı üçün yaradılmış hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxış imkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və digər bu kimi tədbirlər müsbət nəticələrin qazanılmasına geniş imkan açmışdır.

    Bu sırada sosial infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi, sənaye zonalarının yaradılması, iqtisadiyyatda çoxşaxəliliyin təmin edilməsi sahibkarlığın inkişafına əlavə stimul verməklə yanaşı, regionun investisiya cazibədarlığının yüksəlməsinə də səbəb olmuşdur. Nəticədə, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin sayı artır, ixrac bazarlarının coğrafiyası genişlənir. Təsadüfi deyil ki, hazırda təkcə Naxçıvan şəhərində 100-dən artıq ixtisaslaşmış müəssisədə müxtəlif profilli sənaye məhsulları istehsal edilir. Onlar arasında meyvə şirələrindən tutmuş mebelə, daş məhsullarından avtomobillərə, quş ətindən plastik məmulatlara kimi yüzlərlə növ və çeşiddə sənaye məhsulları var. Təkcə elə 2021-ci ildə muxtar respublikada 142 sənaye müəssisəsi açılmışdır. Sənayeləşmə siyasətinə uyğun olaraq daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən müasir sənaye müəssisələrinin yaradılması bu gün də davam etdirilir. 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi isə sənayeləşmə prosesinin daha sürətlə davam etdirilməsinə əlavə zəmin yaratmışdır. Sənaye sektorunun muxtar respublika iqtisadiyyatında prioritet istiqamət kimi qəbul edilməsi sənaye məhsullarının ümumi daxili məhsul istehsalında həcmini də xeyli artırmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 2,4 faiz artmış, sənayenin ümumi daxili məhsul istehsalında payı 27,3 faiz təşkil etmişdir. Söhbət 2 milyard 227 milyon manata yaxın ümumi daxili məhsul istehsalından gedir ki, bu da sənaye məhsullarının həmin payın, təxminən, üçdə biri qədər həcmini əhatə edir. Sənaye məhsullarının bəhs edilən dövrdə istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artıb ki, bu artım faizi də, kənd təsərrüfatı istisna olmaqla digər bütün sahələrdən daha çoxdur. Yeri gəlmişkən, sənaye məhsulu istehsalının 94,5 faizi malların, 5,5 faizi isə xidmətlərin payına düşüb. 

    Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün muxtar respublikada sənayenin inkişafı üçün hərtərəfli şərait mövcuddur. Dövlət tərəfindən iqtisadiyyatın bu sahəsi üzrə kompleks tədbirlər görülür, təşviqedici addımlar atılır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu ilin ilk 9 ayında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 89 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 60 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilir. Ümumilikdə, sənaye sahibkarlığına göstərilən dəstəyin nəticəsində bu dövrdə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 9 milyon 792 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 13,6 faiz çoxdur.

    Bu gün sənayedə istehsalın diversifikasiyasının genişləndirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələrin fəaliyyətə başlaması artıq sənayeləşmə siyasətinin yeni mərhələyə keçid almasını göstərir ki, bu da  özünü real nəticələrdə əks etdirir.  

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 27.10.2022 18:29