AZ EN RU

Muxtar respublikada həyata keçirilən sənaye siyasəti özəl sektorun inkişafına, yeni təşəbbüslərin dəstəklənməsinə və müasir idarəetmə vərdişlərinin tətbiqinə əsaslanır

“Sənaye ili” – 2022

    Naxçıvan Muxtar Respublikası tarixən aqrar region olsa da, zəngin sənaye ənənələri ilə seçilir. Muxtar respublikanın təbii sərvətləri hələ ötən əsrdən başlayaraq burada mineral sular, daşduz, travertin və digər sahələrin sənaye üsulu ilə istehsalına imkan verib. Keçmiş ittifaq səviyyəsində tanınan və satışı həyata keçirilən onlarla Naxçıvan məhsulları, həm də böyük sənaye təcrübəsinin qazanılmasına şərait yaradıb. Lakin ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərin əvvəllərində məlum durğunluq digər sahələr kimi, sənaye istehsalına da öz mənfi təsirini göstərib. Müstəqilliyin ilk illərində iqtisadiyyatın digər sahələri kimi böhran dövrünü yaşayan sənaye sahələrinin inkişaf etdirilməsinin qarşısını alan səbəb həm də muxtar regionun blokada vəziyyətinə salınması olub. 

    Ancaq vurğulamaq  lazımdır ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyası və iqtisadiyyata yeni yanaşmalar region sənayesinin də mövcud reallıqlar daxilində transformasiyasını təmin edib. Əgər ikinci minilliyədək daxili bazar, əsasən, idxal hesabına qorunurdusa, cəmi bir neçə il sonra yerli məhsulların, xüsusilə ərzaq məhsullarının istehsalının artması yeni iqtisadi hədəflərin mövcudluğundan xəbər verirdi. Müqayisənin ən yaxşı təsəvvür elementi olduğunu nəzərə alsaq, bu nümunəni misal gətirməklə mənzərəni tam təsvir etmək mümkündür: 2003-cü ildə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi cəmi 168 min manatdan bir az artıq idi. Həmin dövrdə muxtar respublika üzrə sənaye məhsulunun istehsal həcmi (17 min 600 manat) təxmini olaraq, indiki orta səviyyəli iki-üç ailə təsərrüfatının illik gəliri qədər idi. 2003-2020-ci illərin müqayisəli göstəricilərində maraqlı məqamlardan biri də budur ki, əgər bu dövrdə ümumi daxili məhsul 17,3 dəfə, kənd təsərrüfatı 7,5 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 17,4 dəfə, bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 14 dəfə olsa da, ən böyük artım sənaye məhsullarının istehsal həcmində qeydə alınmışdır: 59,1 dəfə! 

    Bu göstərici onun təsdiqidir ki, ötən illər ərzində dövlətin mühüm sənaye siyasəti olub və bu siyasət həyata keçirilən iqtisadi tədbirlərin ana xəttini təşkil edib. Digər bir misal. Məlumdur ki, sənaye istehsalı artdıqca enerjiyə tələbat da artır və enerji təminatı həll edilmədən yeni sənaye müəssisələrini yaratmaq mümkün deyil. Xatırlayaq ki, 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2020-ci ildə bu göstərici  artıq 9-a çatdırılmışdır. 

    Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına son səfəri zamanı muxtar respublikanın inkişaf temp­lərini yüksək qiymətləndirərək qeyd etdi ki: “…Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb…”

    Yeri gəlmişkən bunu da qeyd edək ki, ötən il muxtar respublikada ümumi daxili məhsul istehsalı   3 milyard 16 milyon 315 min manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri isə 27 faizlik payla sənaye sahəsi tutur. 
    Muxtar respublikanın sənaye siyasətində uğurlu nəticələrə nail olunmasının bir çox səbəbləri var. İlk səbəb ondan ibarətdir ki, muxtar respublikada özəl sektorun inkişafında dövlətin özü maraqlıdır. Elə bu maraqdan irəli gəlir ki, bu gün istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 faiz təşkil edir. Bu faiz ölçüsü, eyni zamanda onu göstərir ki, muxtar respublikada sənaye sahibkarlığına böyük maraq var və dövlətin də dəstəyi nəticəsində sənaye sahəsində çalışan sahibkarlar tərəfindən hər il yeni istehsal sahələri yaradıldığının şahidi oluruq. Xatırladaq ki, ötən il muxtar respublikanın sənaye müəssisələri tərəfindən 1 milyard 69 milyon 655 min 700 manat dəyərində məhsul istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələyir.
    Müasir dövrün sənayeləşməsində əsas trendlərdən biri sahibkarlıq təşəbbüslərinin dəstəklənməsidir. Bu gün muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait hər birimizə məlumdur. Ancaq məsələnin əsl tərəfi budur ki, muxtar respublikada sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində müvafiq dövlət qurumları böyük rol oynayır. Bu da ondan irəli gəlir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hər il ənənəvi olaraq sahibkar­larla görüş keçirir və bu görüşdə özəl sektorun inkişafı ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilir, sahibkarların istək və təklifləri dinlənilir, il ərzində görüləcək işlər müzakirə olunur, yaradılacaq yeni istehsal müəssisələrinin dayanıqlı fəaliyyəti, perspektivləri dəyərləndirilir. 
    Muxtar respublikanın sənaye siyasətində diqqətçəkən məqamlardan biri də sənayeləşməyə yeni yanaşmaların tətbiq olunmasıdır. Çünki hazırkı dövrdə uğurlu sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik, ekoloji təhlükəsizlik meyarlarına uyğun qurulmaqla, həm də yüksək texnologiyaların tətbiqini, elmi araşdırmalarla bağlılığını zəruri edir. Nəzərə alaq ki, hazırda bütün dünya IV sənaye inqilabının ilkin dövrünü yaşayır. Bu sənaye inqilabının hələlik əldə olunmuş yeniliklərini tətbiq etmədən uğurlu və uzunmüddətli sənayeləşmə dövrünə qədəm qoymaq mümkünsüzdür, daha doğrusu, rentabelsizdir. Təsadüfi deyil ki, son illərdə muxtar respublikanın elm və ali təhsil müəssisələrində elmi yeniliklərin təcrübədə, o cümlədən istehsalatda tətbiqi ilə bağlı görülən işlər, texnopark və startap təcrübələrinin geniş yayılmasına dövlətin birbaşa dəstəyi bu qəbildən görülən işlərin mahiyyətini ortaya qoyur. 
    Nəhayət, sənaye siyasətində diqqəti cəlb edən məsələlərdən biri də insan amili və yaxud müasir sənayenin işçisinə necə çevrilməkdir. Əgər biz XX və XXI əsrin sənaye işçilərini və ya sənayedə idarəetməni müqayisə etsək, fərqli mənzərələrlə rastlaşacağıq. Çünki keçmiş dövrlərdən fərqli olaraq bu gün müasir sənayedə çalışan işçi yalnız deyilənləri etmir, həm də işi idarə edir. Planlı iqtisadiyyatdan fərqli olaraq indi istehsal proseslərinə azad sahibkar düşüncəsi ilə yanaşma, komanda ruhu ilə işləmək bacarığı, rəhbər-işçi-müştəri üçbucağında yeni korporativ dəyərlərin yaradılması, sadə dildə desək, müasir biznesin ortaya qoyduğu zərurətlərdir. Buna görə də müasir sənaye həm də yeni idarəetmə vərdişlərini formalaşdırır. Ümumi götürsək, muxtar respublikada təhsilin inkişafında yeni innovasiyaların tətbiqi, peşə təhsili müəssisələrində ixtisaslı kadr hazırlığı, ali və  orta ümumtəhsil müəssisələrində müvafiq  ixtisasların hamiliyə verilməsi və digər bu kimi tədbirlər müasir dövrün işçisini yetişdirməkdə böyük rol oynayır. Nəzərə alaq ki, bu gün muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələblər məzun olub ixtisası üzrə işə başlarkən, artıq adaptasiya dövrü yaşamır, sadəcə, üzərinə rəsmi məsuliyyəti götürür. 
    Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, artıq muxtar respublikada illərdir, oturuşmuş sənaye siyasəti mövcuddur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci ili muxtar respublikada “Sənaye ili” elan etməsi isə  mövcud siyasətin davamlılığını şərtləndirir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 24.02.2022 20:51