AZ EN RU

Muxtar respublikada fiber-optik xətt çəkilişi davam etdirilir

    Muxtar respublikamızda əhalinin, idarə, müəssisə və təşkilatların şəbəkəsindən istifadəsini daha da yaxşılaşdırmaq məqsədilə Naxçıvan şəhərində, muxtar respublikanın  rayon mərkəzlərində və kəndlərində bir sıra qurumlara, o cümlədən yeni inşa olunan kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi davam etdirilir, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Əlincə məhəlləsində 10 nömrəli çoxmənzilli yaşayış binasında, İdris Məmmədov küçəsində 46 nömrəli çoxmənzilli yaşayış binasında, Nizami küçəsində 44 nömrəli çoxmənzilli yaşayış binasında, Heydər Əliyev prospektində olan 16 nömrəli çoxmənzilli yaşayış binasında və Xətai məhəlləsi döngə 9-da “Naxtel” mobil operatoruna məxsus yeni qurulan baza stansiyalarına fiber-optik kabellər çəkilib. Həmçinin müraciətlərə əsasən “Naxçıvan Sement Zavodu” və “Nəxşicahan Med” Məhdud Məsuliyyətli cəmiyyətlərinə, “Şərur broyler” quşçuluq təsərrüfatına, “Dan yeri” Alış-Veriş Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayonlarda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə mərkəzlərinə, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə və Naxçıvan Muxtar Respublika Stadionunda zəruri texniki obyektlərə fiber-optik xətt çəkilişi həyata keçirilib. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin valyutadəyişmə məntəqələrində isə zəruri avadanlıqlar quraşdırmaqla  fiber-optik xətt vasitəsilə bankın ümumi sisteminə qoşulması təmin edilib.
    Bunlarla yanaşı, Culfa rayonunun Ərəfsə kəndində fiber-optik xətlərdə yaranmış nasazlıqlarla bağlı olaraq yenilənmə işləri görülüb. Yeni dəmir rabitə dirəkləri basdırılıb, 380 metr məsafədə yeni fiber-optik xətlər və 400 metrə yaxın müxtəlif tutumlu kabellər çəkilib. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə isə fiber-optik xətt çəkilişi məqsədilə zəruri tədbirlər görülməkdədir.
    Qeyd edək ki, cari ilin 8 ayı ərzin­də fiber-optik xətlər üzərindən təmin edilən GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında Naxçıvan şəhərində həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 19 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.09.2022 19:08