AZ EN RU

Muxtar respublikada ev təsərrüfatlarının uçota alınması tədbiri davam etdirilir

    Rəsmi statistika hesabatı formalarından biri olan ev təsərrüfatlarının uçotu kitabının ümumi yekunlarından ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı müvafiq qərarların qəbulunda, əhalinin milli və sosial mənsubiyyətinin, cins və yaş tərkibinin müəyyən edilməsində, mövcud torpaq sahələrindən istifadə vəziyyətinin öyrənilməsində, təsərrüfata məxsus yaşayış evləri və digər tikililər, heyvanlar, quşlar, eləcə də arı ailələri haqqında məlumatların əldə edilməsində və digər məqsədlər üçün istifadə olunur.
    Muxtar respublikada ev təsərrüfatlarına dair daha dolğun məlumat əldə etmək məqsədilə 28 dekabr 2022-ci il tarixdə müşavirə keçirilmiş, Mərkəzi Qərargah yaradılmış, Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq şəhər və rayon icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah yaradılmışdır.
    Cari ilin yanvar ayının 6-da ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə əlaqədar geniş müşavirə keçirilmiş, təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər və rayon icra hakimiyyətlərinin qarşısında duran vəzifələr izah olunmuş, məsul şəxslər təlimatlandırılmışdır.
    Naxçıvan Muxtar Respublikası üzrə  ilkin variantı 2016-cı ildə təsdiq edilmiş “Ev təsərrüfatlarının uçotu kitabı”nda olan göstəricilərlə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi kitab arasında müəyyən fərqliliklərin aradan qaldırılması məqsədilə yeni kitabların çap olunmasına başlanılmışdır. 
    Sorğunun aparılmasına dair göstərişlər və hazırlanmış slayd işin həyata keçirilməsinə məsul  şəxslərin tanış olmaları üçün şəhər və rayon icra hakimiyyətlərinə göndərilmiş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq şöbəsinin əməkdaşının iştirakı ilə seminarlar keçirilmiş və göstərişlər verilmişdir.
    Muxtar respublikanın inzibati ərazi dairələrində  hər bir ev təsərrüfatı gəzilərək uçotun aparılmasına və əldə olunmuş məlumatların elektron informasiya sisteminə işlənilməsinə başlanılmışdır. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

Nəşr edilib : 12.01.2023 19:25