AZ EN RU

Muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi uğurla həyata keçirilir

“Sənaye ili” – 2022

    Məhsul bolluğu yaratmaq, ərzaq təhlükəsizliyini  təmin etmək inkişaf etmiş hər bir ölkənin əsas prioritet məsələlərindəndir. Məlumdur ki, 90-cı illərdə ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda sosial-iqtisadi durum güclü deyildi, sənaye məhsulları çatışmırdı. “Şərq qapısı” qəzetinin 1994-cü il 11 iyun tarixli nömrəsində “Ərzaq təchizində çətinliklər” adlı məqaləyə nəzər salaq. Burada oxuyuruq ki, blokadada yaşayan muxtar respublika əhalisinin, xüsusilə paytaxt əhalisinin ərzaq təchizatı çox vacib məsələdir. Naxçıvanda yerli sənaye müəssisələrinə ət-süd kombinatından, quşçuluq fabrikindən yeyinti məhsulları da almaq olmur. Bu müəssisələr istehsal etdikləri malları özlərinin firma mağazalarında satırlar. Bununla əlaqədar muxtar respublikanın Ali Məclisi səviyyəsində məsələ qaldırılıb. Əvvəlki aylardan ehtiyat saxlanılan və Bakıdan az miqdarda alınan şəkər tozu, yağ, sabun, yuyucu toz və digər mallar şəhərin bağlı müəssisələrinə, uşaq evinə və veteranlar mağazasına bölünüb. Şəhər əhalisinə deyilib ki, Bakıdan ərzaq və çox işlənən mallar alınan kimi əhaliyə çatdırılacaqdır... Bu dünənin mənzərəsi idi.

    Bugünkü şərait, imkanlar tamamilə fərqlidir. Zamanla qəbul edilən Dövlət proqramları, göstərilən dövlət qayğısı hesabına muxtar respublikamızda yaradılan yüzlərlə sənaye müəssisəsi əhalinin tələbatını ödəməklə bərabər, həm də onların məşğulluqlarının təmin olunmasına əlverişli şərait yaradır. Naxçıvanda istehsal olunan məhsullar adla deyilir, onlardan bir çoxu brend məhsul kimi dünya bazarında özünə çoxdan yer alıb. Bunun əsas səbəbi muxtar respublikamızda ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu islahatların, gördüyü tədbirlərin ardıcıl, davamlı olaraq həyata keçirilməsidir. Bu gün sosial-iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, muxtar respublikada 1995-ci ildə 9133,4 min manatlıq sənaye məhsulu istehsal olunmuşdursa, 2021-ci ildə həmin rəqəm 1 milyard 69 milyon 655 min 700 manata çatdırılıb.  Həmçinin  sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikamızda 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu da onu göstərir ki, diyarımızın istehsal müəssisələrində müxtəlif növdə və çeşiddə məhsulların istehsalı üçün hər bir şərait yaradılıb. 

    Daxili bazarın və dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsində, muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazar­lara çıxarılması və tanıdılmasında mühüm rol oynayan müəssisələrdən biri də “Naxçıvan Məhsulları” publik hüquqi şəxsdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19  aprel tarixli “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar  respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında Sərəncamına əsasən yaradılan müəssisənin fəaliyyəti barədə daha geniş məlumatı publik hüquqi şəxsin direktoru Vüsal Quliyevdən alırıq.
    Müsahibim bildirir ki, “Naxçıvan Məhsulları” publik hüquqi şəxs muxtar respublikamızda ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi sahəsində fəaliyyət göstərir: – Fəaliyyətimizin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və ya emalını həyata keçirmək və stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.
    Müəssisədə istehsal edilən məhsullar barədə məlumat verən müsahibim deyir ki, istehsalat bölməsində 23 adda 38 çeşiddə məhsul istehsal olunur. Belə ki, istehsalat bölməsində pendir, makaron, vermişel, qarışıq tərəvəz turşusu, meyvə qurusu (ərik, alça, gavalı, alma, xurma, qovun), üzüm yarpağı, kompot (ərik, alça, gavalı, gilənar, həmərsin, zirinc, heyva) və cem (ərik, alma) istehsalı, balın, kəklikotu qurusunun qablaşdırılması sahələri fəaliyyət göstərir. Əlavə olaraq, publik hüquqi şəxs tərəfindən muxtar respublikada fəaliyyət göstərən 5 istehsal müəssisəsinin 8 adda məhsulundan ibarət hədiyyəlik çanta hazırlanaraq satışa çıxarılıb. Ötən il “Naxçıvan məhsulları” publik hüquqi şəxsin istehsalat bölməsində, ümumilikdə, 116082 manat dəyərində məhsul istehsal olunub. İstehsal edilmiş məhsulların bir qismi Naxçıvan şəhərində yerləşən iri ticarət obyektlərində və “Naxçıvan məhsulları” satış mağazasında, Bakı şəhərində yerləşən “Naxçıvan Məhsulları” satış mağazasında və 5 iri ticarət obyektində satışa çıxarılmış, bir qismi isə qapalı və sosialyönlü dövlət müəssisələrinin ərzaq təchizatına yönləndirilmişdir. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən publik hüquqi şəxs tərəfindən ötən il ərzində muxtar respublika ərazisində yerləşən ticarət obyektlərinə və istehsal müəssisələrinə 1577,0 ton duzun topdansatışı həyata keçirilib. 
    Vüsal müəllim vurğulayır ki, “Naxçıvan Məhsulları” publik hüquqi şəxs muxtar respublikamızda ailə təsərrüfatlarının fəaliyyətinə dəstək verir. Belə ki, publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən Naxçıvan şəhər Heydər Əliyev prospekti 21 ünvanında yerləşən “Naxçıvan məhsulları” satış mağazasında ailə təsərrüfatlarının məhsulları satışa çıxarılır. Belə ki, ötən il, ümumilikdə, 19 ailə təsərrüfatının 64 adda məhsulunun satışı həyata keçirilib. Ümumiyyətlə, müəssisədə istehsal olunan məhsulların xammalı, əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarından və ailə təsərrüfatlarından tədarük edilir. Ötən il bal və kəklikotu qurusunun qablaşdırılması, meyvə qurusu və kompot istehsalı məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından və ailə təsərrüfatlarından  5 ton, dövlət müəssisələrinin təchizatı məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından 113 ton məhsul tədarük olunub. Qeyd edim ki, dövlət müəssisələrinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində yerli məhsulların payı 75 faizdir. 
    Müsahibim diqqətə çatdırdı ki, “Naxçıvan Məhsulları” publik hüquqi şəxs tərəfindən ötən il ərzində dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların ərzaq məhsulları ilə fasiləsiz təchizatını mərkəzləşdirilmiş qaydada həyata keçirmək məqsədilə muxtar respublikada fəaliyyət göstərən 23 yerli istehsal və topdansatış müəssisəsindən, həmçinin təsərrüfat subyektlərindən ərzaq məhsulu tədarük olunub. Publik hüquqi şəxs tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən muxtar respublikada fəaliyyət göstərən 40 qapalı və sosialyönlü dövlət müəssisələri 1 milyon 175 min 742 manat dəyərində ərzaq məhsulları ilə təmin edilib. Müəssisədə 26 işçi çalışır, işçilər xüsusi geyim forması və gündə bir dəfə yeməklə təmin olunur. Tədarük edilən məhsulların saxlanılması üçün 4 soyuducu anbar, dövlət müəssisələrinin ərzaq təchizatı və məhsul satışı məqsədilə 5 xüsusi təyinatlı avtomobil, məhsulların istehsalı və qablaşdırılması üçün İran, Türkiyə, İtaliya və Azərbaycan markalı  6 avadanlıq mövcuddur. Qapalı və sosialyönlü dövlət müəssisələrinə satışı həyata keçirilən ərzaq məhsullarının keyfiyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və məhsulların aidiyyəti laboratoriyada keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra təchizatı həyata keçirilir. 
    Direktor onu da diqqətimizə çatdırır ki, ötən illər ərzində Naxçıvan məhsullarını tanıtmaq, təbliğ etmək məqsədilə bir çox sərgilərdə də iştirak ediblər. Belə ki, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə birgə Bakı şəhərində dənizkənarı parkda keçirilən kənd təsərrüfatı məhsullarının sərgi-satışında müəssisəmizin istehsalı olan meyvə qurularının sərgi-satışı, Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən 8-ci Beynəlxalq Xəzər enerji forumunda “Kənddən şəhərə” layihəsi çərçivəsində qablaşdırılmış meyvə quruları və bal məhsulunun sərgisi və dequstasiyasını təşkil olunub. Respublikamızda ilk dəfə Gədəbəy rayonunda keçirilən “Milli yaylaq festivalı”nda publik hüquqi şəxsin istehsalı olan meyvə quruları nümayiş edilib və digər tədbirlərdə uğurla iştirakımız olub. 
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli  Fərmanı ilə  təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı” muxtar respublikamızda bundan sonra da sahibkarlığın inkişafında, yerli məhsulların istehsalı və onların satışının təşkilinin stimullaşdırılmasında, məşğulluğun təmin olunmasında və sosial rifahın qorunub saxlanılmasında mühüm rol oynayacaq. “Sənaye ili”ndə bu sahədə həyata keçiriləcək tədbirlər, heç şübhəsiz ki, muxtar respublika iqtisadiyyatına daha böyük uğurlar qazandıracaq. 

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 22.02.2022 19:41