AZ EN RU

Muxtar respublikada əmək yarmarkası keçirilir

    Növbəti əmək yarmarkasında 121 müəssisədən 683, haqqıödənilən ictimai işlər üzrə isə 242 vakansiya təqdim olunub.

    Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agent­liyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilib.
    Yarmarkada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və digər rəsmi şəxslər də iştirak edib.
    Samir Seyidəhmədli yarmarkanın açılışı münasibətilə iştirakçıları təbrik edib, çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda minlərlə iş yerinin yaradılmasının hədəfləndiyini diqqətə çatdırıb.
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bildirib ki, muxtar respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilib. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir.
    Qeyd olunub ki, bazar iqtisadiyyatı şəraitində effektiv sosial siyasətin, o cümlədən sosial ədalət prinsipinin həyata keçirilməsi, əmək qabiliyyətli hər bir insana layiqli iş şəraitinin yaradılması, əhalinin yüksək sosial müdafiəsi, məşğulluq probleminin uğurlu həlli daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət tərəfindən atılan addımlardan biri də əmək yarmarkalarının təşkilidir. 
    Diqqətə çatdırılıb ki, muxtar respublikada işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənc­lərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.
    Qeyd edək ki, 42 dövlət müəssisəsindən 356, 79 özəl müəssisədən 327 olmaqla, ümumilikdə, 121 müəssisədən 683 vakansiya, o cümlədən haqqı ödənilən ictimai işlər üzrə 242 vakansiya yarmarkada işaxtaran və işsiz vətəndaşlara təqdim olunub.

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 12.10.2023 11:00