AZ EN RU

Muxtar respublikada əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

    Muxtar respublikada əmək pensiyaçılarının rifah halının yüksəldilməsi ilə bağlı mütəmadi olaraq tədbirlər görülür, onlara göstərilən xidmətlərin operativliyi təmin edilir. Əmək pensiyalarının vaxtından əvvəl ödənilməsi də bu tədbirlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə üzərinə düşən vəzifələrin icrasını yerinə yetirib və hər ay olduğu kimi, iyun ayında da pensiyaların maliyyələşdirilməsi ilə bağlı işləri vaxtından əvvəl başa çatdırıb. Həmçinin qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Tələb olunan vəsait fondun xəzinə hesabından pensiyaçıların plastik bankomat kartlarına köçürülüb. İstəkləri nəzərə alınaraq kənd yerlərində yaşayan pensiyaçılara isə pensiyaları poçt bölmələri vasitəsilə ödənilib. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi də vaxtından əvvəl başa çatdırılıb. Müavinətlərin sığortaolunanların şəxsi hesablarına və ya yaşadıqları ərazi üzrə poçt ünvanlarına köçürülməsi təmin olunub.
    Qeyd edək ki, pensiya və müavinətlərin ödənilməsi vətəndaşların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə ödəməsindən asılıdır. Bundan başqa, qanunvericiliyə əsasən sosial sığortahaqqı ödəməyən şəxslər gələcəkdə əmək pensiyası hüququndan və bir sıra sığorta hadisələrindən məhrum olurlar. Buna görə də vətəndaşların sosial sığorta sahəsində aktiv iştirak etməsi pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsinə səbəb olmaqla yanaşı, onlara məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ da qazandırır. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtından əvvəl ödənilməsi və pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 08.06.2022 20:21