AZ EN RU

Muxtar respublikada ekoloji normativlərlə bağlı ödənişlər həyata keçirilir

    Ölkəmizdə təbii sərvətlərdən istifadə, təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi, bərpası bu sahədə istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi təmin edilir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə dövlətin ekoloji siyasətinin əsas istiqamətlərindəndir. Bunun üçün ölkə­mizdə müvafiq qanunvericilik bazası mövcuddur. Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarına əsasən 23 qayda təsdiq olunmuşdur. Bu qaydalara əsasən tələblərə uyğun olaraq ekoloji normativlər müəyyənləşdirilmişdir. 
    Normativlər çərçivəsində faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına, mineral xammal bazasının bərpasına ayırmaların əmələ gəlməsi, istifadəsi və digər məsələlərlə bağlı ödənişlərin həyata keçirilməsinə başlanılmışdır. 
    Ekologiya və Təbii Sərvətlər Nazir­liyi tərəfindən 14-31 mart tarixlərdə muxtar respublika ərazisində fəaliyyət göstərən 67 istehsal müəssisəsi ilə müqavilələr bağlanılmışdır. Qeyd olunan müqavilələrdən 5-i mineral xammal bazasının bərpasına  ayırma etməli olan, 49-u çirkləndirici maddələri ətraf mühitə atan və atmosfer havasına zərərli təsirlə əlaqədar xüsusi icazə sənədi alan, 13-ü isə mineral xammal bazasının bərpasına ayırma etməli olan, çirkləndirici maddələri ətraf mühitə atan və atmosfer havasına zərərli təsirlə əlaqədar xüsusi icazə sənədi alan müəssisə olmuşdur. Muxtar respublikada fəaliyyət göstərən müəssisələrin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etdikləri “Atmosfer havasına atılan zərərli maddələrə dair” hesabatlarına görə, ümumilikdə, ekoloji ödənişlərin məbləği müəyyənləşdirilmişdir. Nazir­lik tərəfindən 212 istehsal müəssisəsinə atmosfer havasına zərərli təsirlə əlaqədar xüsusi icazə sənədinin verilməsi və atmosfer havasına atılan çirkləndirici maddələrə görə ekoloji ödənişlərin tətbiq olunması üçün işlər görülür. 
    Bu günə qədər 18 müəssisə tərəfindən atmosfer havasına zərərli təsirlə əlaqədar xüsusi icazə sənədinin alınmasına görə, 4 istehsal müəssisəsi tərəfindən isə mineral xammal bazasından istifadəyə ayırmalara görə ödəmə aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.04.2022 19:18