AZ EN RU

Muxtar respublikada əhalinin internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılır

    Rabitə sistemində yeni texnologiyaların tətbiqi, internet şəbəkəsinin genişlənməsi günümüzün tələbləri sırasındadır.
    Bu məqsədlə Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da yeni nəsil texnologiyalarının qurulması və nəticədə, əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər xidmətlərlə təmin olunması istiqamətində işlər davam etdirilir, genişzolaqlı internet şəbəkəsini genişləndirmək üçün avtomat telefon stansiyalarında internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır. Belə ki, Şahbuz rayonunda əhalinin internetə olan tələbatının təmin edilməsi, eyni zamanda keyfiyyətli və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə bir sıra işlər görülməkdədir. Rayonun Biçənək, Daylaqlı, Şahbuzkənd, Keçili və Külüs kəndlərində fəaliyyət göstərən yeni nəsil “HUAWEİ NGN” tipli avtomat telefon stansiyalarının internet tutumları artırılıb ki, nəticə etibarilə, 448 nəfər internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaranıb.
    Bunlarla yanaşı, tələbata uyğun olaraq Babək rayonunun Didivar, Kültəpə və Uzunoba kəndlərində də mövcud avtomat telefon stansiyalarına müxtəliftutumlu internet plataları artırılıb ki, ümumilikdə, 160 nəfər internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaranıb.
    Qeyd edək ki, cari ilin yanvar ayında Şərur və Babək rayonlarının bir sıra yaşayış məntəqələrində əhalinin internetə olan tələbatının ödənilməsi məqsədilə  mövcud avtomat telefon stansiyalarının internet tutumu artırılıb, nəticə etibarilə, 672 istifadəçinin genişzolaqlı internetlə təmin olunmasına imkan yaranıb.
    Muxtar respublikanın digər rayonlarında da əhalinin internetə olan tələbatının ödənilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir. 

 Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.02.2022 18:30