AZ EN RU

Muxtar respublikada əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün bir sıra işlər görülür

    Muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Əhalinin ərzağa olan tələbatını, əsasən, öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılmış və bu proses davam etdirilir.

    Qeyd edək ki, fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların icrası diqqət mərkəzindədir.
    Kənd təsərrüfatının inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir.

    Bu istiqamətdə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının yaradılması, 1 süd məhsullarının emalı müəssisəsinin fəaliyyətinin bərpası və müxtəlif yeyinti məhsullarının qablaşdırılması sahəsinin yaradılması, Şərur rayonunda 1 dondurma istehsalı sahəsinin, 3 heyvandarlıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Babək rayonunda 1 arıçılıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Ordubad rayonunda 2 heyvandarlıq, 1 limonçuluq təsərrüfatının yaradılması, 1 bağçılıq təsərrüfatının genişləndirilməsi, Culfa rayonunda 1 quşçuluq təsərrüfatının yaradılması, Şahbuz rayonunda 1 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının, 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, 1 heyvandarlıq və 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, Kəngərli rayonunda 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Sədərək rayonunda 1 heyvandarlıq təsərrüfatının yaradılması başa çatdırılmışdır.

    Həmçinin dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 heyvandarlıq təsərrüfatının, 1 unlu-qənnadı məmulatlarının istehsalı sahəsinin genişləndirilməsi, Şərur rayonunda 3 heyvandarlıq, 1 bağçılıq təsərrüfatının yaradılması, 1 meyvə araqları istehsalı sahəsinin, 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Babək rayonunda 2 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 alma sirkəsi istehsalı sahəsinin və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Ordubad rayonunda 1 bağçılıq, Culfa rayonunda isə 1 arıçılıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Şahbuz rayonunda 2 ailə təsərrüfatları məhsullarının emalı sahəsinin, 1 heyvandarlıq təsərrüfatının yaradılması, Kəngərli rayonunda 1 çaxır istehsalı sahəsinin və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.
    Yeni növ və çeşiddə məhsul istehsalına nail olunması, idxalı əvəz­edən məhsulların həcminin artırılması məqsədilə layihələr hazırlanmış, ailə təsərrüfatlarının maarifləndirilməsi məqsədilə Naxçıvan şəhəri, Şərur, Babək və Kəngərli rayonlarında 10 halda ailə təsərrüfatları ilə keçirilmiş görüşdə layihələrin təqdimatı olmuşdur. Bu layihələrin reallaşdırılması və təsərrüfatların fəaliyyətinin stimullaşdırılması məqsədilə cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 ailə təsərrüfatına 611.300,0 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
    Muxtar respublikada aqrar sektorun inkişafı hər zaman ön planda tutulur. Bu sahədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iqtisadi dəyəri yüksək layihələrin həyata keçirilməsinin təşviqi yerli xammal ehtiyatlarından istifadənin genişləndirilməsinə yol açır. Bu məqsədilə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni istehsal xətlərinin yaradılması, 1 süd məhsullarının emalı müəssisəsinin fəaliyyətinin bərpası və müxtəlif yeyinti məhsullarının qablaşdırılması sahəsinin yaradılması, Babək rayonunda 1 plastik qapı-pəncərə istehsalı sexinin fəaliyyətinin genişləndirilməsi, Şərur rayonunda dondurma istehsalı sahəsinin yaradılması başa çatdırılmışdır. Naxçıvan şəhərində “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti-nin, enerji içkilərinin istehsalı sahəsinin yaradılması, akvarium balıqlarının yetişdirilməsi sahəsinin, Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin, bitki yağı istehsalı zavodunun yaradılması, meyvə araqları istehsalı sahəsinin genişləndirilməsi davam etdirilmişdir. Babək rayonunda Babək “Sirab” ASC tərəfindən yeni istehsal xəttinin yaradılması, alma sirkəsi istehsalı sahəsinin genişləndirilməsi, Ordubad rayonunda heyvandarlıq kompleksinin yenidən qurulması və süd məhsullarının emalı sahəsinin yaradılması, Şahbuz rayonunda 1 spirtli içki, mürəbbə və turşu istehsalı sahəsinin yaradılması, 1 çörək (lavaş) istehsalı, kənd təsərrüfatı məhsullarının və təbii bitkilərin konservləşdirilməsi sahəsinin, Kəngərli rayonunda yeni duz istehsalı müəssisəsinin yaradılması, çaxır istehsalı sahəsinin genişləndirilməsi prosesləri də diqqətdə saxlanılır.
    Cari ilin ötən dövrü ərzində yerli xammala əsaslanan istehsal sahələrinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2.794.300,0 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. 
    Hər il təşkil edilən, yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Bayram ərəfəsində təşkil olunmuş satış yarmarkada 208 ailə təsərrüfatçısı birbaşa öz məhsullarını satışa çıxarmaq imkanı əldə etmiş, eyni zamanda ailə təsərrüfatları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerindəcə aparılmışdır.
    Muxtar respublikada aqrar sahədə aparılan uğurlu dövlət siyasəti deməyə əsas verir ki, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra da diqqət mərkəzində saxlanılacaq, ardıcıl tədbirlər həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.07.2022 18:44