AZ EN RU

Muxtar respublikada dövlət icbari şəxsi sığortası sahəsi üzrə ödənişlər həyata keçirilir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 24 may tarixli Fərmanına əsasən deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilib.
    Cari ildən başlayaraq dövlət icbari şəxsi sığortası sahəsində sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortaedənlərin uçotunun aparılması, sığortaedən tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə verilməsi, sığorta ehtiyatlarının yaradılması fond tərəfindən həyata keçirilir.
    Qanunvericiliyə uyğun olaraq 2022-ci il yanvarın 1-dən sonra baş vermiş sığorta hadisələrinə fond tərəfindən baxılır. Belə ki, icbari şəxsi sığorta ödənişlərini almaq üçün müraciət etmiş şəxslərə ödənişlər həyata keçirilir və qanunla müəyyən edilmiş məbləğdə vəsaitlərin həmin şəxslərin bank hesabına köçürülməsi təmin edilir.
    Məlumat üçün bildirək ki, sığortaolunanlara dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Deputatlar, həmçinin məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları 5 illik əməkhaqqı miqdarında sığorta olunur. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası isə 11 min manat məbləğində həyata keçirilir. Deputatlara fərdi qəza zamanı, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına xidmətdə olduğu zaman, hərbi qulluqçulara isə hərbi xidmətdə olduğu zaman həlak olduqda, yaxud alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində vəfat etdikdə 100 faiz, I dərəcə sağlamlıq imkanları məhdudluq yarandıqda 80, II dərəcə sağlamlıq imkanları məhdudluq yarandıqda 60, III dərəcə sağlamlıq imkanları məhdudluq yarandıqda isə 40 faiz həcmində sığorta ödənişi verilir. Həmçinin sığortaolunana aldığı xəsarət növlərinə uyğun olaraq qanunvericilikdə müəyyən olunmuş faiz miqdarında sığorta ödənişi verilir. Hərbi qulluqçulara ağır xəsarət aldıqda sığorta ödənişinin 25, az ağır xəsarət aldıqda 15, yüngül xəsarət aldıqda isə 5 faizi miqdarında sığorta ödənişi verilir. Məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına isə ağır xəsarət aldıqda 20,  az ağır  xəsarət aldıqda 15, yüngül xəsarət aldıqda isə 10 faiz miqdarında sığorta ödənişi ödənilir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 19.05.2022 20:00