AZ EN RU

Muxtar respublikada dayanıqlı inkişaf təmin olunub

    Naxçıvan Muxtar Respublikasında əhalinin sosial rifahının və iqtisadi sahədə səmərəli təşəbbüskarlığın təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən işlər sosial infrastrukturun yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artırılmasına gətirib çıxarır. Əldə edilən nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edilməsidir. Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi cari ilin birinci yarım ilində də diqqətdə saxlanılmış, həyata keçirilən tədbirlər yeni nailiyyətlərə yol açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir”.

    Muxtar respublikada tikinti-quruculuq işlərinin geniş vüsət alması, abadlıq tədbirlərinin həyata keçirilməsi şəhər və rayonların simasını başdan-başa dəyişir. Görülən işlər insanların rahatlığını təmin edir, müasir infrastrukturun formalaşmasına səbəb olur və turizmin inkişafı üçün yeni imkanlar açır. Birinci yarım ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə keçirilən tədbirlərdə Şərur rayonunun Çərçiboğan kəndində yeni tam orta və uşaq musiqi məktəbləri, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, eləcə də Şərur Rayon Mədəniyyət Sarayı, “Naxçıvan Saray” kompleksi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin, Kəngərli Rayon Baytarlıq İdarəsinin, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yeni inzibati binaları, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası, idman və 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksləri, Şahbuz şəhərində hərbçi ailələri üçün xidməti yaşayış binası istifadəyə verilmişdir. Bu dövrdə Ali Məclisin Sədri, ümumilikdə, müxtəlif təyinatlı 17 obyektin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmiş, 4 obyektin tikinti və yenidənqurma layihələrinə baxmışdır. Dövlət proqramının icrası istiqamətində 4 inzibati binada yenidənqurma, 7 inzibati binada təmir işləri, 1 yaşayış binasının fasadının üzlənməsi başa çatdırılmışdır. 
    Naxçıvan Muxtar Respublikasında həyata keçirilən irimiqyaslı layihələrin başlıca məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılmasıdır. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tədbirlərin icrası ilin birinci yarısında da davam etdirilmiş, Ali Məclis Sədrinin iştirakı ilə 15 mart və  9 iyun tarixlərdə keçirilən tədbirlərdə 15 şəhid ailəsi və qaziyə mənzillər təqdim olunmuşdur. Həmçinin bu dövrdə 16 qaziyə avtomobil verilmiş, 4 qazinin kredit borcu silinmiş, 4 şəhid ailəsi və 6 qazinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Birinci yarım ildə 182 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin olunmuş, əlavə olaraq əvvəlki dövrdə aktiv verilən və təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən 1 ailəyə otdoğrayan, 5 ailəyə arpa-buğda qıran aqreqat verilmişdir. 

    Sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlarda özəl sektorun xüsusi çəkisi vardır. Sahibkarlığın inkişafı muxtar respublikada məhsul bolluğunun yaradılmasına və əhalinin səmərəli məşğulluğunun təmin olunmasına imkan verir. Dövlət proqramında da sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi və onların ixrac fəaliyyətinin genişləndirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Ümumilikdə, birinci yarım ildə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə 15 milyon 978 min 160 manat məbləğində güzəştli şərtlərlə kreditlər verilmişdir. İxracyönümlü fəaliyyət göstərən 13 müəssisə tərəfindən 14 adda məhsul 9 xarici ölkəyə və Bakı şəhərinə ixrac olunmuşdur. Bu məqsədlə həmin müəssisələrə 95 mənşə sеrtifikаtı, həmçinin ixrac potensialının artırılması məqsədilə 5 hüquqi şəxsə təqdim etdikləri investisiya layihələri çərçivəsində, ümumilikdə, 11 təsdiqedici sənəd verilmişdir. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ixrac potensiallı məhsullar üzrə 1108 laboratoriya təhlili aparılmış, təsərrüfat subyektlərinə məhsulların texniki normaları və standartları üzrə 50 halda informasiya dəstəyi göstərilmişdir. Sahibkarların xarici ölkələrdə ticarət tərəfdaşlarının tapılmasına dəstək məqsədilə 19 beynəlxalq tədbirdə 47 sahibkarlıq subyektinin 71 nümayəndəsinin iştirakı təmin olunmuşdur. İxracyönümlü məhsul istehsal edən sahibkarlıq subyektlərinin nümayəndələri üçün ISO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair 2 maarifləndirici seminar keçirilmişdir. 
    Yanvar-iyun aylarında muxtar respublikada yerli xammala əsaslanan 6 istehsal sahəsinin yaradılması,             3 istehsal sahəsinin genişləndirilməsi, 2 istehsal sahəsinin bərpası başa çatdırılmış, 13 istehsal sahəsinin yaradılması və 7 istehsal sahəsinin genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 90 layihə üzrə işlər başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 267 iş yeri açılmışdır. 
    Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin intensiv xarakter almasına səbəb olmuşdur. Birinci yarım ildə muxtar respublikada 590 milyon 692 min 100 manat dəyərində sənaye məhsulu istehsal olunmuş, Şərur Sənaye Məhəlləsində işlər davam etdirilmişdir. Bu günədək sənaye məhəlləsində üçmərtəbəli inzibati bina, 3 istehsal korpusu, eləcə də transformator, foseptik quyu, mühafizə otağı, yanğın və içməli su anbarı üçün, ümumilikdə, 273 kvadratmetr sahədə yardımçı tikililər inşa olunmuşdur. Hazır­da burada 2 mebel və 1 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. Bitki yağı, məktəbli ləvazimatları, corab, süd məhsulları, kağız kisə və karton tara istehsalı, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Qeyd edilənlərlə yanaşı, Naxçıvanda yeni Duz İstehsalı Müəssisəsinin tikintisi də davam  etdirilməkdədir. 

    Dayanıqlı iqtisadi mühitin formalaşdırılmasına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə təsir edən mühüm faktorlardan biri kənd təsərrüfatıdır. Aqrar sektorun inkişafı həm ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, həm ixrac potensialının artırılmasına, həm də sənaye sahəsində etibarlı xammal bazasının yaradılmasına imkan verir. Birinci yarım ildə Naxçıvanda 152 milyon 692 min 100 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 31 heyvandarlıq, 2 quşçuluq təsərrüfatının yaradılması, 13 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 11 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının yaradılması, 11 heyvandarlıq təsərrüfatının genişləndirilməsi,   1 heyvandarlıq kompleksinin və  1 quşçuluq fermasının yenidən qurulması davam etdirilmişdir. Pro­qramın icrasına uyğun olaraq aqrar sahədə 2540 sığorta müqaviləsi bağlanmışdır. Bu dövrdə 5897 baş iribuynuzluda süni mayalanma işləri aparılmış, ötən dövrdən mayalanan 7938 baş cins bala doğulmuşdur. Culfa Rayon Baytarlıq İdarəsi üçün inzibati binanın tikintisi davam etdirilmişdir. 
    İlin birinci yarısında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 93 müxtəlif texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılmış, 99 texnika və texnoloji avadanlığın güzəştli şərtlərlə mülkiyyətçilərə verilməsi təmin olunmuşdur. 
    Aqrar sektorun davamlı inkişafına təsir edən amillərdən biri də ailə təsərrüfatlarıdır. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısı yerli istehsalın genişləndirilməsinə, əhalinin məşğulluğunun artırılmasına və ailə biznesinin qurulmasına şərait yaradır. Birinci yarım ildə ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 50 təsərrüfata, ümumilikdə, 766 min 300 manat həcmində güzəştli şərtlərlə kredit verilmişdir. Bu dövrdə ailə təsərrüfatları 6174 tara ilə təmin olunmuş, 28 təsərrüfata istehsal etdikləri məhsulların etiketinin hazırlanmasında köməklik göstərilmişdir. “Naxçıvan Məhsulları” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarından 13 adda ərzaq məhsulları alınaraq qapalı dövlət müəssisələrinin təchizatına yönəldilmişdir. Cari ilin birinci yarısında 48 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, 30 ailə təsərrüfatının icarəsinə verilmiş 7 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. 

    Kənd təsərrüfatı məhsulları istehsalının sabit şəkildə artırılmasına meliorasiya-irriqasiya tədbirləri mühüm təsir göstərir. Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə keçirilən tədbirdə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 2200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyası və təzyiqli boru xətti istifadəyə verilmişdir. Əlavə olaraq birinci yarım ildə Böyükdüz və Xok kəndlərinin 3200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisinə başlanılmışdır. Proqramın icrası məqsədilə 2 subartezian quyusu qazılaraq istifadəyə verilmiş, Babək rayonunun Nehrəm qəsəbəsində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 19 kilometr paylayıcı boru xətti çəkilmiş, 187 hovuz və hidrant quraşdırılmışdır. Çeşməbasar və Güznüt kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma sisteminin tikintisi üçün hamarlama işləri aparılmış, 8 kilometr müxtəlif diametrli plastik borular qaynaq edilmişdir. Bu dövrdə 151 kilometr kanal, 102 kilometr ara arx və 4 kilometr kollektor lildən təmizlənmiş, 4 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmişdir. Ümumilikdə, 64 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Qeyd edilənlərlə yanaşı, ilin birinci yarısında 12 kilometr içməli su xəttində, 2 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 29 kilometr içməli su xətti çəkilmiş, 1151 sayğac quraşdırılmış, 183 evin su xəttinə birləşməsi aparılmışdır. 
    Dövlət proqramında yol təsərrüfatı və nəqliyyatın inkişafı sahəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması da sosial-iqtisadi inkişafa təkan verən amillərdəndir. Nəqliyyat sosial-iqtisadi təhlükəsizliyin əsas təminatlarından biri hesab olunur. Bu sahədə müasir infrastrukturun və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin mövcudluğu bir tərəfdən istehsal məhsullarının alıcıya vaxtında çatdırılmasına, digər tərəfdən fəaliyyətin səmərəli təşkilinə imkan verir. Birinci yarım ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Dövlət Nəqliyyat Xidmətinə 6 yeni elektrobusun, Naxçıvan Beynəlxalq Hava Limanına teleskopik trapın və maşın-mexanizmlərin təqdim edilməsi ilə bağlı tədbirlərdə iştirak etmişdir. Bu dövrdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, ümumilikdə, 16 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır. Xanlıqlar - Şərur şəhəri - Yengicə - Şəhriyar - Kürçülü-Kərimbəyli - Dəmirçi kənd avtomobil yolunun tikintisi davam etdirilmişdir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yararsız vəziyyətdə olan 1198 ağac şpal yeni şpallarla əvəz edilmiş, Culfa Lokomotiv Deposunda lokomotivlər 19 dəfə texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda 27 vaqon təmir olunmuşdur. 
    Coğrafi və əlverişli iqlim şəraiti muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Fasiləsiz enerji təchizatı sosial-iqtisadi inkişafın digər mühüm istiqamətini təşkil edir. Müasir dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması keyfiyyətli enerji istehsal etməyin ilkin şərtidir. Proqramda nəzərdə tutulan enerji təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə mayın 5-də Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Birinci yarım ildə muxtar respublikada 21 kilometr yeni elektrik xətləri çəkilmiş, 126 kilometr elektrik xətləri təmir edilmiş, 8 transformator yarımstansiyası quraşdırılmış, 2 kilometr hava elektrik xətləri yeraltı xətlərlə əvəz olunmuşdur. Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilmişdir. Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir. Bu sahədə işlər davam etdirilir. Çünki təbii resurslardan istifadə edərək muxtar respublikanın elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəmək mümkündür”.
    İnformasiya texnologiyalarının tətbiqi müasir idarəetmənin əsas tələblərindəndir. Muxtar respublikada dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması və internetdən istifadənin genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Proqramda nəzərdə tutulan rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində yanvar-iyun aylarında Naxçıvanda 23 kilometr, o cümlədən “Evədək optika” layihəsi çərçivəsində 16 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmiş, 3 min abonent internetlə təmin olunmuş, 935 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilmişdir. Bu dövrdə 9 dövlət qurumunun rəsmi internet saytı yenilənmişdir. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara 315 dinləyicinin cəlb edilməsi bu sahədə kadr hazırlığının da diqqətdə saxlanıldığının mühüm göstəricisidir. 

    Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə yanvar-iyun aylarında 3 qeyri-yaşayış sahəsinin və 54 nəqliyyat vasitəsinin özəlləşdirilməsi təmin edilmişdir. Həmçinin bu dövrdə 53 qeyri-yaşayış sahəsi üzrə yeni icarə müqavilələri bağlanmış, 241 qeyri-yaşayış və 3 torpaq sahəsi üzrə bağlanmış icarə müqavilələrinin müddətləri uzadılmışdır. Ümumilikdə, dövlət əmlakının özəlləşdirilməsindən 482 min manat vəsait daxil olmuş, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 86 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Şərq qapısı

 

Nəşr edilib : 03.08.2022 19:08