AZ EN RU

Muxtar respublikada daha 14 nəfərə dövlət icbari şəxsi sığorta ödənişi edilib

    Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən uğurlu siyasət əhalinin sosial müdafiəsini gücləndirib, insanların yaşayış tərzi davamlı olaraq yüksəlib, yoxsulluq səviyyəsi aşağı düşüb. Dövlətimiz təqaüdçülər, əmək qabiliyyətindən məhrum olanlar, eləcə də şəhid ailələri və müharibə iştirakçılarının qarşısındakı sosial öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirir. 
    Muxtar respublikada da bu sahədə qazanılan uğurlardan bəhrələnməklə, ilk növbədə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, insanların rifah halının yaxşılaşdırılmasına mühüm önəm verilir, sosial məsələlərin həllinə böyük diqqət yetirilir. Bu sahədə aparılan tədbirlərdən biri kimi aidiyyəti şəxslərə dövlət icbari şəxsi sığortasının qanunvericiliyə uyğun təyin edilməsi və vaxtında ödənilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu dövlət icbari şəxsi sığorta ödənişlərinin vaxtında ödənilməsini təmin edərək onu almaq hüququ yaranan şəxslərin sosial rifahının yaxşılaşdırılması üçün müvafiq işlər görür. Belə ki, fond iyul ayında dövlət icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan 14 hərbi qulluqçuya sığorta ödənişi həyata keçirib. Bunlardan 12-nə sağlamlıq imkanlarının məhdudluğuna görə, 2-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib. Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün 51 min 700 manat vəsait yönəldilib. Ümumiyyətlə, ilin əvvəlindən fond tərəfindən 18 nəfərə dövlət icbari şəxsi sığorta ödənişi həyata keçirilib. Qeyd edək ki, dövlət icbari şəxsi sığorta ödənişi ilə əhatə olunan şəxslərin 7-si İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Bu da onu göstərir ki, muxtar respublikada müharibə iştirakçılarına, şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir, onların sosial məsələlərinin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
    Fond bundan sonra da dövlət icbari şəxsi sığortası sahəsində üzərinə düşən vəzifələri yerinə yetirəcək, aidiyyəti şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər görəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət 
Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 03.08.2022 18:30