AZ EN RU

Muxtar respublikada bu ilin 5 ayında əmək pensiyaçılarına və sığortaolunanlara 84 milyondan artıq vəsait ödənilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin 5 ayı ərzində əmək pensiyalarına  və onlara əlavə olunan maddi yardıma 82 milyon 294 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 1 milyon 866 min manat olmaqla, ümumilikdə, 84 milyon 160 min manat vəsait yönəldilib.
    Yaşa görə 50 milyon 152 min manat, sağlamlıq imkanlarının məhdudluğuna görə 21 milyon 719 min manat, ailə başçısını itirməyə görə pensiya alan şəxslərə isə 10 milyon 423 min manat vəsait ödənilib. Sığorta prinsipi ilə əmək pensiyası alan şəxslərə rübdə bir dəfə 50 manat, qulluq stajına görə əlavə alanlara isə əmək pensiyasının 10 faizi miqdarında  maddi yardımın verilməsi təmin edilib. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə ayrılan vəsaitin 135 min manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 589 min manatı hamiləliyə və doğuma görə, 332 min manatı uşağın anadan olmasına görə, 162 min manatı uşağa qulluğa görə, 648 min manatı isə dəfn üçün müavinətə yönəldilib.
    Qeyd edək ki, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilə qədər qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği və qulluq stajına görə əlavələr dövlət büdcəsi, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına verilir. Müavinətlər isə yalnız sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir. Müavinətlərdən əmək qabiliyyətini müvəqqəti itirilməyə görə müavinət sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
    Bu ilin əvvəlində əmək pensiyalarının artırılması və 2022-ci ildən başlayaraq pensiyaçılara maddi yardımın verilməsi bu qəbildən olan əhali qrupunun sosial müdafiəsini daha da gücləndirib.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 22.06.2022 18:53