AZ EN RU

Muxtar respublikada birinci rübdə 87 elektron imza sertifikatı verilib

    Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir.
   Muxtar respublikada elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi uğurla həyata keçirilir. Elektron imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və üçüncü tərəfə informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmasıdır. İmzadan bütün vətəndaşlar, o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. Muxtar respublikada cari ilin birinci rübündə 5-i sahibkar, 16-sı hüquqi şəxs və 66-sı dövlət qurumu olmaqla, ümumilikdə, 87 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.
   Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.04.2023 21:40