AZ EN RU

Muxtar respublikada birinci rübdə 1646 abonent genişzolaqlı internetlə təmin olunub

    Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də nailiyyətlər əldə olunub. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün kifayət qədər imkanlar və şərait yaradılıb. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində sakinlər müasir rabitə xidmətləri ilə təmin olunurlar. Həmçinin yeni inşa olunan kənd mərkəzlərində rabitə evləri istifadəyə verilir, yeni avtomat telefon stansiyaları quraşdırılır. 
    Muxtar respublikada əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi 2023-cü ilin ilk rübündə də uğurla davam etdirilib. Belə ki, birinci rüb ərzində əhalinin internet xidmətlərinə olan tələbatının təmin edilməsi məqsədilə Naxçıvan şəhərində, Culfa və Kəngərli rayonlarında mövcud avtomat telefon stansiyalarının internet tutumu artırılıb ki, nəticə etibarilə, ümumilikdə, 550-dən artıq istifadəçinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb. İlk rüb ərzində 487 abonent yeni stasionar telefon xətti ilə, 1646 abonent isə genişzolaqlı internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə 38 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. 
    Qeyd olunanlarla yanaşı, nazirliyin aid mütəxəssislərinin iştirakı ilə muxtar respublikanın şəhər, rayon və kəndlərində monitorinqlər aparılıb, rabitə xətlərində yaranmış nasazlıqlarla bağlı olaraq yenilənmə işləri görülüb, yeni fiber-optik xətlər çəkilib, yeni paylayıcı şkaflar quraşdırılıb, istismara yararsız rabitə xətləri yeni xətlərlə əvəz edilib, yeni abonent qutuları əlavə edilməklə rabitə xətt təsərrüfatında olan digər nasazlıqlar aradan qaldırılıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və 
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.04.2023 23:08