AZ EN RU

Muxtar respublikada bank sektorunun davamlı inkişafı təmin olunub

    Muxtar respublikanın sosial-iqtisadi həyatında, makroiqtisadi sabitliyin qorunmasında  böyük rola malik olan bank sektorunun inkişafı diqqət mərkəzində saxlanılır. Daim dövlət qayğısı ilə əhatə olunan bank fəaliyyətinin  stimullaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir, yeni bank və filiallar yaradılır, maddi-texniki baza gücləndirilir.
    1 avqust 2022-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən 23 bank strukturu mövcud olmuşdur ki, bunun da  20-si bank və bank filialları, 2-si bank olmayan kredit təşkilatı, 1-i isə kredit ittifaqıdır. 
    Muxtar respublikanın banklarında kreditlər, əmanətlər, hesablaşma və kassa xidmətləri, təcili pul köçürmələri, bankomat, ödəniş terminalları, pos-terminal, ödəniş kartları, lizinq əməliyyatları, müştəri ödənişlərinin idarəetmə sistemi, kommunal xidmətlər, internet bankçılıq, mobil bankçılıq, SMS bankçılıq, 3D Secure, xarici valyuta mübadiləsi xidmətləri aparılır.
    Azərbaycan Respublikasının ilk regional bankı olan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci il 11 sentyabr tarixdə fəaliyyətə başlamışdır. Milli və beynəlxalq banklararası ödəniş sistemlərinin üzvü olan bankın Bakı şəhərində filial, şöbə və mübadilə şöbəsi, Naxçıvan şəhərində filial və mübadilə şöbəsi, Şərur, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarında filialları fəaliyyət göstərir.
    Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində təkcə 2020-ci ildən ötən dövr ərzində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur, Kəngərli və Şahbuz rayon filiallarının, Kapital Bankın Ordubad filialının inzibati binalarının tikintisi başa çatdırılmış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilmişdir. 
    Aktivlərinin həcminə görə ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində yeni filialının cari ilin iyun ayında fəaliyyətə başlaması muxtar respublikada sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişafına, eləcə də vətəndaşların maliyyə imkanlarına əlçatanlığının təmin olunmasına müsbət təsir göstərməkdədir. 
    2022-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 165 milyon 65 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 5,4 dəfə çoxdur.

Yanvar-iyul ayları üzrə iqtisadiyyata 
kredit qoyuluşu, min manat

    Cari ilin  7 ayında verilmiş kreditlərin 13 milyon 650 min 100 manatı və yaxud 8,3 faizi qısamüddətli, 151 milyon 415 min 400 manatı və yaxud 91,7 faizi uzunmüddətli kreditlər olmuşdur. 
    Cari ilin ötən dövründə ümumi kreditlərin 28 milyon 64 min 600 manatı sahibkarlıq subyektlərinə verilmişdir ki, bunun da 11 milyon 84 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 980 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planının, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın uğurlu icrası maliyyə sabitliyinin və ümumi inkişafın təminatında mühüm rol oynayıb.
    İcrası uğurla davam etdirilən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq görülən işlərin nəticəsidir ki, nağdsız ödənişlərin həcmi 2018-ci ilin yanvar-iyul aylarında 21 milyon 200 min 476 manat olduğu halda,      2022-ci ilin müvafiq dövründə bu göstərici 105 milyon 171 min 668 manat təşkil etmişdir. Cari ilin yanvar-iyul aylarında nağdsız ödənişlərin həcmi bir il öncəyə nisbətən 59,8 faiz artmışdır.

    1 avqust 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 213846-ya çatmışdır ki, bunun da 206144-ü və ya 96,4 faizi aktiv hesablardır. 1 avqust 2018-ci il tarixə isə açılmış bank hesablarının sayı 75401, aktiv hesabların sayı isə 66338 vahid təşkil etmişdir.
    1 avqust 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1598 olmuşdur  ki, bu da 1 avqust 2018-ci il tarixə olan göstəricidən 329 vahid çoxdur.
    Muxtar respublikada bank sektorunda əldə olunmuş uğurlu nəticə kimi 2022-ci ilin yanvar-iyul aylarında dövriyyəyə buraxılan pul kütləsi ilə bankların kassalarına daxil olan pul kütləsi arasında fərq azalmış, məxaricdə emissiyanın xüsusi çəkisi 13,4 faiz təşkil etmişdir. Bu göstərici 2018-ci ilin yanvar-iyul aylarında isə 30 faiz olmuşdur.
    1 avqust 2022-ci il tarixə muxtar respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında 13 milyon 167 min 900 manat əhali əmanəti mövcud olmuşdur ki, bu da 1 avqust 2018-ci il tarixə olan göstəricidən 94,6 faiz çoxdur.
    Bank sektoru üzrə həyata keçirilən tədbirlərin davamlılığı iqtisadiyyatın daha da gücləndirilməsinə  və davamlı inkişafın qorunub saxlanılmasına, əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaradır.

 Naxçıvan Muxtar Respublikası 
   Dövlət Statistika Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 05.09.2022 17:55