AZ EN RU

Muxtar respublikada badminton üzrə növbəti təlim

    Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Naxçıvan Muxtar Respublikasında təşkil olunub. 
    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində federasiyanın məşqçiləri Ürfan Rzabəyli, Kərim Musayev və Nihadə Həsənova tərəfindən keçirilən təlimdə ilk olaraq 40 məktəbli badmintonun nəzəri və praktik biliklərinə yiyələnib. İki gün davam edəcək təlimdə 80 məktəbli iştirak edəcək.
    Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır. 
    “Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 24.11.2022 20:20