AZ EN RU

Muxtar respublikada aqrar sektor müasir dövrün tələblərinə uyğun, innovasiya yönümlü inkişaf etdirilir

Kənd təsərrüfatının 2023-cü ilin 7 aylıq mənzərəsi bir çox məsələlərə aydınlıq gətirir

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin 7 ayı ərzində kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, eləcə də təsərrüfat adamlarını, fermerləri düşündürən məsələlərlə bağlı suallarımızı muxtar respublikanın kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşovaya ünvanladıq. Geniş, əhatəli müsahibəni oxucularımıza təqdim edirik:
    – Xəyalə xanım, bir daha xoş gördük sizi. Bildiyimiz kimi, ötən il dekabrın 22-də ölkə Prezidentinin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının dövlət idarəçiliyi sistemində dəyişiklik edilərək Nümayəndəlik institutu yaradıldı. Aparılan islahatlar çərçivəsində bu il fevralın 28-də Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini təyin edildiniz, eyni zamanda sizə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verildi. Ötən bu qısa dövr ərzində hansı dəyişik­liklərin baş verdiyini müşahidə etdiniz, ümumilikdə, kənd təsərrüfatı sahəsində hansı irəliləyişlərin əldə olunduğunu söyləmək olar?
    – Xoş gördük, təyinatımdan keçən müddət ərzində verdiyimiz təkliflər əsasında Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı sahəsində bir sıra struktur islahatları həyata keçirildi, tabeli qurum və təşkilatların fəaliyyəti gücləndirildi. Bu dövrdə əsas diqqət mərkəzimizdə olan məsələ vətəndaşlarla yerlərdə görüşlərin təşkil edilməsi, mövcud problemləri birgə müzakirə edərək həllinə nail olmaq idi. Bu məqsədlə təsərrüfat sahibləri ilə görüşlər keçirilib, onların problemləri dinlənilib, müvafiq tədbirlər görülüb, aqrar sahənin müasir dövrün tələblərinə uyğun, innovasiya yönümlü inkişafının təmin edilməsi məqsədilə tövsiyələr verilib. Suvarma ilə bağlı problemlərin həlli istiqamətində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri də cəlb olunub,  Babək rayonunun Qahab kəndində suvarma suyuna olan tələbatın təmin edilməsi üçün əlavə su verilib. Şərur rayonunun Zeyvə kəndində əkin həyata keçirən xarici investorun nümayəndələri ilə yerli təsərrüfat sahibləri arasında münasibətlərin dostluq çərçivəsində inkişaf etdirilməsi üçün həmin kənddə sahələrə baxış keçirilib və tövsiyələr verilib. Sədərək rayonunda balıqçılığın və camışçılığın inkişaf etdirilməsi imkanlarının müəyyənləşdirilməsi üçün rayon ərazisində mövcud su hövzələrinin ətrafına baxış keçirilib, investorların cəlb olunması istiqamətində işlərə başlanılıb. Təsərrüfat sahiblərinin qaldırdıqları məsələlərlə bağlı rayon və şəhər icra hakimiyyətlərinə müraciətlər ünvanlanaraq gübrə, toxum, pestisid istehsal vasitələrinə olan tələbat müəyyənləşdirilib və müvafiq tədbirlər görülüb.
   Təyinatımdan sonra mənim və ümumiyyətlə,  bütün naxçıvanlı təsərrüfat adamları üçün ən əlamətdar hadisələrdən biri mayın 17-19-da Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri idi. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, fermerlər, ailə təsərrüfatçıları olaraq  ilk dəfə idi ki, Bakı şəhərində keçirilən beynəlxalq bir tədbirdə birgə iştirak edirdik. Sərgilərdə 60 nəfər heyətlə, çoxlu sayda bir-birindən dəyərli, müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları ilə biz muxtar respublikanı təmsil etdik. Həm hazır məhsullar, həm də təbii bitkilər pavilyonumuzda yer almışdı. Sərgidə ölkə başçısının bizim pavilyona gəlişi, məhsullarımızı yüksək qiymətləndirməsi bizə, bütün naxçıvanlılara böyük diqqət və dəstək oldu. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin sərgidə uğurla iştirak etməsi ilə əlaqədar bizimlə görüşdə yüksək təəssüratlarını bölüşməsi, mühüm tövsiyə və tapşırıqlar verməsi bizi yeni belə uğurlara ruhlandırdı, stimul verdi.
    – İstərdim növbəti sualı bu gün təsərrüfat sahiblərini ən çox düşündürən bir məsələ üzərində qurum. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunanadək Naxçıvanda subsidiyaların verilməsi qaydası ölkəmizin digər yerlərindən fərqlənəcək. Bununla bağlı müvafiq qaydalar müəyyənləşib. Həmin qaydalar barədə qısa məlumat verməyinizi istərdik. 
    – Bəli, bu gün bütün təsərrüfatçıların diqqətində olan vacib məqama toxundunuz. Bu məsələ ilə bağlı deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində elektron informasiya sistemi yaradılana və Azərbaycan Respublikasının “Elektron kənd təsərrüfatı” informasiya sisteminə  inteqrasiya olunanadək “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin müvəqqəti Qaydası”nın layihəsi, əsaslandırılması və hüquqi ekspertiza sənədi hazırlanaraq  baxılması, o cümlədən müvafiq qərarın qəbul edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Nazirlər Kabinetinə göndərilib və təsdiq edilib. Sözügedən qaydalarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın tələblərinə əsasən 2018-ci ildə fəaliyyət göstərən arıçılara ödənilməyən subsidiyaların cari ildə verilməsi nəzərdə tutulub. Qaydalara əsasən Aqrar Subsidiya Şurasının yaradılması istiqamətində nümayəndələrin ayrılması üçün qurumlara müraciət ünvanlanıb, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Maliyyə nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından, o cümlədən Ailə Təsərrüfatları İctimai Birliyinin üzvündən ibarət şura yaradılıb. Şuranın qərarı əsasında payızlıq və yazlıq əkinlər aparan fermerlərə gübrələrin verilməsi təmin olunub, payızlıq əkinlər üzrə nəzərdə tutulan subsidiya məbləğinin 25 faizi fermer kartlarına köçürülüb, yazlıq əkinlər üzrə isə davam etdirilir...
    – Bəs ayrı-ayrı əkin növləri üzrə subsidiyalaşdırmanın vəziyyəti necədir?
    – Qeyd edim ki, operativ məlumatlara əsasən indiyədək 3439,6 hektar yaz əkini (18 hektar buğda, 387,7 hektar arpa, 6,3 hektar noxud, 740 hektar qarğıdalı, 2,8 hektar günəbaxan, 23,6 hektar yer fıstığı, 217,3 hektar soğan, 562,1 hektar kartof, 468,48 hektar bostan bitkiləri, 51,9 hektar tütün və sair əkinlər) aparılıb. Yazlıq əkinlərə gübrələrin verilməsi təmin olunub, nəzərdə tutulan subsidiya məbləğinin 25 faizinin fermer kartlarına köçürülməsi istiqamətində işlər davam etdirilir. Həmçinin muxtar respublika ərazisində meyvə bağlarının və üzüm plantasiyalarının mövcud vəziyyəti araşdırılaraq təhlil olunub. Təhlillər nəticəsində muxtar respublika üzrə 953,7 hektar meyvə bağının (ondan 575,8 hektarı intensiv, 377,9 hektarı ənənəvi), 281,8 hektar üzüm plantasiyasının (ondan 15,9 hektarı intensiv, 265,9 hektarı ənənəvi) olduğu müəyyən edilib və həmin sahələrə subsidiyaların verilməsi istiqamətində işlərə başlanılıb. 2022-ci ildə Şərur, Babək və Kəngərli rayonlarında 12 istehsalçı tərəfindən 73,3 hektar sahədə tütün əkini həyata keçirilib və nəticədə, 82881,4 kiloqram quru tütün toplanılıb. Toplanılan tütün Şərur rayonu üzrə 2 istehsalçı tərəfindən 8 hektar sahədən 5185,3 kiloqram, Babək rayonu üzrə 1 istehsalçı tərəfindən 12,1 hektar sahədən 7334,9 kiloqram və Kəngərli rayonu üzrə 9 istehsalçı tərəfindən 53,2 hektar sahədən 70361,2 kiloqram olub və “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinin qəbul məntəqəsinə təhvil verilib. Lakin həmin ildə istehsalçılar təhvil verdikləri quru tütünə görə subsidiya ala bilməyiblər. Bu səbəbdən həmin istehsalçılara 14978, 31 manat (subsidiya 14918, 63 manat, bank xidməthaqqı 59,68 manat) olmaqla subsidiyanın verilməsi təmin edilib. Bundan başqa, yeni doğulmuş buzovlara və arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilib. Lakin sənədləşmələrin düzgün aparılmaması və digər səbəblərdən bu günədək həmin istehsalçılar subsidiya ala bilməyiblər. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ləğv olunduğuna görə arı ailələrinə və buzovlara görə subsidiyaların verilməsinin təmin edilməsi istiqamətində işlər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.
    – Siz də təsdiq edərsiniz ki, məhsuldarlığın əldə olunmasında əsas faktorlar sırasında əkinlərin aqrotexniki qaydalara uyğun becərilməsi, keyfiyyətli gübrələrlə vaxtlı-vaxtında təminat da yer alır. Bununla bağlı aidiyyəti təşkilat tərəfindən hansı işlər görülüb?
    – Operativ məlumatlara əsasən payızlıq əkinlər üzrə 20762 hektar (12213 hektar buğda, 8549 hektar arpa) əkin aparılıb, həmin əkinlərin 12811,6 hektarına payızda, 14754,4 hektarına mart-may aylarında su verilməsi təmin olunub, alaq otlarına qarşı 7088,8 hektar əkin sahəsində mübarizə tədbirləri aparılıb, həmçinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti  tərəfindən əkin həyata keçirən 5 istehsalçıya 2022-ci ilin dekabr ayında,  ümumilikdə, 91 hektar sahəyə 13377 manat dəyərində 8918 kiloqram gübrə verilib. Bununla yanaşı, cari ildə payızlıq taxıl əkinləri üçün nazirlik tərəfindən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə muxtar respublika üzrə subsidiya məsələlərinin tənzimlənməsi üçün 6800 istehsalçıya 20658,68 hektar taxıl əkini sahəsinə 6197,6 ton gübrənin (3408682,20 manat dəyərində) verilməsi təmin edilib.
    – Ölkəmizin əsas aqrar regionlarından hesab olunan Naxçıvanda kənd təsərrüfatının xüsusilə taxılçılıq sahəsi geniş inkişaf edib, fermerlər tərəfindən bu sahəyə diqqətin daha çox olduğu özünü məhsul tədarükündə də göstərir. Bu baxımdan cari biçin dövrünü necə xarakterizə etmək olar? 
      –  Əlbəttə ki, sizin də qeyd etdiyiniz kimi, muxtar respublikada cari ildə taxıl biçininin vaxtında həyata keçirilməsi, itkisiz yığılaraq anbarlara daşınması, o cümlədən biçindən sonra tələb olunan aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə əlaqədar işlərin koordinasiyasını təmin etmək nazirliyin əsas vəzifələrindəndir. Bu məqsədlə nazirlikdə Mərkəzi Qərargah yaradılıb. 1 avqust 2023-cü il tarixədək muxtar respublikada, ümumilikdə, 19478,4 hektar əkin sahəsində taxıl biçini həyata keçirilib, 48736,8 ton məhsul toplanılıb, orta məhsuldarlıq 25 sentner/hektar olub. Şərur rayonu üzrə 4184,3, Babək rayonu üzrə 5883, Culfa rayonu üzrə 1821,7, Ordubad rayonu üzrə 856, Şahbuz rayonu üzrə 580,2, Kəngərli rayonu üzrə 3584, Sədərək rayonu üzrə 1880,7, Naxçıvan şəhəri üzrə isə 688,4 hektar sahədə taxıl biçini aparılıb. Fermerlər tərəfindən toxumun düzgün seçilməməsi, aqrotexniki qulluq qaydalarının vaxtında və düzgün aparılmaması, o cümlədən suvarma suyunun çatışmazlığı məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Bu səbəblər üzündən 1456 hektar sahədə bitkilər quruyub. Taxıl biçini başa çatdıqdan sonra aparılmış taxıl əkinləri və yekun nəticələrə dair müşavirənin keçirilməsi nəzərdə tutulur.
    – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr və 2006-cı il 7 mart tarixli qərarları ilə bir sıra müvafiq məsələlərə dair məlumatların müəyyənləşdirilməsi və ehtiyac duyulan preparat və vaksinlərə tələbatın öncədən ödənilməsinin təmin edilməsi məqsədilə Naxçıvanda işçi qrupu yaradılıb. Həmin işçi qrupunun fəaliyyəti nədən ibarətdir?
    – Bu məsələyə bir qədər açıqlama gətirərək bildirim ki, müvafiq qanunvericiliyə əsasən qeyd edilən məsələlərə dair məlumatların müəyyənləşdirilməsi və ehtiyac duyulan preparat və vaksinlərə tələbatın öncədən ödənilməsinin təmin edilməsi məqsədilə 7 rayon və bir şəhər üzrə işçi qruplar yaradılıb. İşçi qrupların tərkibi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin, Naxçıvan Yaşıllaşdırma Xidmətinin, rayon və şəhər icra hakimiyyətlərinin əməkdaşlarından təşkil edilib. İşçi qruplar tərəfindən aparılan fitosanitar və epizootik  monitorinqlər zamanı bitkiçilik, heyvandarlıq,  quşçuluq və arıçılıq təsərrüfatlarının qeydiyyatının aparılması, əkin təyinatlı torpaqların, bitkiçilik təsərrüfatlarının, saxlanma sahələrinin, örüş-otlaq sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi təmin olunur. Fitosanitar monitorinq üzrə işçi qrupları muxtar respublika üzrə, ümumilikdə, 118 kənd və 4 qəsəbədə monitorinqi yekunlaşdırıblar. Monitorinq zamanı ərazidə su və mikroelement çatışmazlığı, karantin tətbiq edilməyən zərərli orqanizmlər (meyvə yanığı, dəmgil xəstəlikləri, həmçinin mənənələr, yastıcalar) aşkar edilib, təsərrüfat sahiblərinə mübarizə tədbirlərinə dair tövsiyələr verilib. Hazırda monitorinqlər davam etdirilir. Epizootik monitorinq üzrə işçi qrupları Naxçıvan şəhərində, digər rayonların isə 135 kənd və 2 qəsəbəsində monitorinqləri yekunlaşdırıb. Monitorinq aparılmış ərazilərdə olan heyvan və quşlarda hər hansı bir yoluxucu xəstəliklərə rast gəlinməyib. Lakin qeyd olunan şəhər və rayonların yaşayış məntəqələrində sahibsiz itlər və vəhşi heyvanlarla (qaban, tülkü, çaqqal, canavar və ayı) mübarizənin aparılmasının çətin olduğu bildirilib, məsələnin həlli istiqamətində aidiyyəti üzrə məlumat verilib. Hazırda monitorinqlər davam etdirilir.
    – Dünya praktikasında kənd təsərrüfatı sahəsində ən dözülməz vəziyyət yoluxucu xəstəliklərin yayılmasıdır. Xüsusilə idxal əməliyyatları zamanı yayılmanın baş verməsi daha aktiv hal alır. Naxçıvanda bununla bağlı hansı qabaqlayıcı tədbirlər görülüb?
    – Qeyd etdiyiniz məsələ həm təsərrüfat sahibləri, həm də aidiyyəti təşkilatlar üçün olduqca həssas, aktual və önəmlidir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari ilin ötən dövründə yoluxucu xəstəliklərin ərazimizə daxil olmaması üçün lazımi tədbirlərin görülməsi diqqətdə saxlanılıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən son zamanlar bir sıra ölkələrdə heyvan sağlamlığına təhlükə yaradan dabaq xəstəliyinin “SAT-2” serotipinin aşkarlandığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ilə birgə tədbirlər görülüb, riskli ölkələrdən daxil olan aidiyyəti nəqliyyat vasitələrinin, o cümlədən piyada keçidlərinin dezinfeksiyası ilə bağlı tədbirlərin (dezobaryerlərin qurulması) həyata keçirilməsinin təmin olunması üçün  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi məlumatlandırılıb. Ehtiyat tədbirlərinin görülməsi məqsədilə dabaq xəstəliyinin “SAT-2” serotipi üçün vaksinlərin alınması planlaşdırılıb, şəhər və rayon icra hakimiyyətlərinə heyvandarlıq təsərrüfatlarının diqqətdə saxlanılması üçün tövsiyələr verilib.
    – Söhbətin əvvəlində sizin də qeyd etdiyiniz kimi, 2023-cü ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində bir sıra struktur islahatları olub, vahid idarəçilik altında yeni təşkilatlar formalaşdırılıb. Həmin təşkilatlar sırasında fermerlərin ən çox müraciət etdiyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti də yer alıb. Həmin qurumun nazirliyin tabeliyində fəaliyyəti necə qurulub, texnika və texnologiyaların satışı prosesində hansısa dəyişiklər gözlənilirmi?
    – Bəli, cari ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib, qurumun adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb və Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb. “Naxçıvan Aqroservis” ASC-də aparılmış monitorinqlər zamanı cəmiyyətin texnika parkında xeyli sayda texnika va texnoloji avadanlıqların əvvəlki illərdə olduqca baha qiymətə fermerlərə təklif olunması səbəbindən onların uzun müddət satışının həyata keçirilmədiyi aşkar edilib. Bu texnika və avadanlıqların  qiymətlərinə yenidən baxılması üçün müvafiq komissiyanın yaradılması məqsədilə aidiyyəti üzrə müraciət olunub. Komissiya təşkil edildikdən və mövcud bazar qiymətlərinə uyğun qiymətlər müəyyənləşdirildikdən  sonra texnika və avadanlıqlar lizinq və nağd qiymətlərlə satışa çıxarılacaq. Məlumat üçün bildirim ki, “Naxçıvan Aqroservis” ASC-nin texnika parkında hazır­da 402 texnika va texnoloji avadanlıq mövcuddur.
    – Bildiyimiz kimi, Kənd Təsərrüfatı Nazir­liyi fermerlərə bütün aqraryönümlü tədbirlərdə dəstək olmaqla yanaşı, həm də elmi-tədqiqat işlərini də yerinə yetirir. Bu sahədə yeniliklər varmı?
    – Cari ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb, Əliabad qəsəbəsi ərazisində 0,5 hektar sahədə kinoanın, 0,6 hektarda Naxçıvan düyüsünün, 0,3 hektar ərazidə isə yem sorqosunun sınaq əkini həyata keçirilib. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində Naxçıvan Muxtar Respublikasının florasını zənginləşdirməklə yanaşı, 44 günlük Vətən müharibəsində şəhid olan Azərbaycan övladlarının xatirəsini yaşatmaq, Azərbaycan Ordusunun Zəfər simvolunun nəsildən-nəslə ötürülməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xarıbülbül bitkisinin muxtar respublikaya gətirilməsi təmin olunub, nazirliyin aidiyyəti laboratoriyasında bitkinin analizləri aparılıb, analizlər nəticəsində karantin və ya digər zərərli orqanizmlər aşkar edilməyib. Bundan sonra sınaq məqsədilə xarıbülbülün Akademik Həsən Əliyev adına “Araz” Elm-­İstehsalat Birliyində, Naxçıvan Bioresurslar İnstitutunda, Culfa rayonunun uyğun ərazisində, həmçinin Batabat yaylağında elmi-tədqiqat işlərinə başlanılıb.
    – Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayrılıb. Proqramın aqraryönümlü hazırkı icra vəziyyəti barədə nə deyə bilərsiniz, perspektiv planda nələr nəzərdə tutulur?
    – Qeyd etdiyiniz Dövlət Proqramında bitkiçiliyin, o cümlədən üzümçülüyün və şərabçılığın, heyvandarlığın, arıçılığın, baramaçılıq və ipəkçiliyin inkişafı, kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi, spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi, kənd  təsərrüfatı istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması, fermerlərə məsləhət xidmətlərinin göstərilməsinin təşkili, aqroparkların yaradılması, suvarma sistemlərinin yaxşılaşdırılması və digər bu kimi məsələlər nəzərdə tutulub. Hazırda proqramdan irəli gələn məsələlərin icrasına başlanılıb, alt tədbirlər planı hazırlanıb, alt tədbirlərdə ehtiyac duyulan bir çox məsələlərin həlli ilə yanaşı, aqrar sahənin inkişafında əsas olan əkin təyinatlı torpaqların istifadəsiz saxlanılmasının qarşısının alınması və mütərəqqi suvarma və əkin texnologiyalarından istifadə ilə bağlı təkliflər də verilib. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o cümlədən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə hazırlanmış “Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2023-2025-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlər Dövlət Proqramının alt tədbirlər planına daxil edilib.
    – Dövlət Proqramında qarşıya qoyulan vəzifələr sırasında xüsusilə baramaçılıq və ipəkçiliyin inkişafı diqqəti çəkir. Məlumdur ki, vaxtilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ipəkçiliyin əsas məskənlərindən sayılıb, ancaq, təəssüf ki, son illərdə bu sahəyə diqqət o qədər çox olmadığından bu qədim, ənənəvi sahə məhv olmaq üzrədir. Yəqin ki, bu məsələ sizin də diqqətinizdən yayınmayıb...
    – Bəli, təəssüf ki, qədim ənənəvi məşğuliyyət sahəsi olan baramaçılığın inkişafında əvəzsiz rol oynayan Ordubad Barama Toxumu Zavodu diqqətsizlikdən yararsız hala düşüb. Bu sahəni yenidən dirçəltmək məqsədilə həmin zavoda, o cümlədən baramaqurutma, baramaaçma və ipək istehsalı istiqamətli fabrikə baxış keçirilib, fəaliyyətin bərpasının təmin olunması istiqamətində yerli və xarici investorlarla danışıqlar aparılıb. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə baramaçılığın və ipəkçiliyin inkişafında əsas olan tut bağlarının salınması həyata keçirilib. Belə ki, 2023-cü il 29 mart tarixdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında yaradılmış əməkdaşlıq çərçivəsində Ordubad rayonunun Əylis düzündə 1,2 hektar ərazidə Türkiyədən gətirilmiş 3 növ, ümumilikdə, 600 ədəd tut ağacından “Azərbaycan-Türkiyə ipək bağı” salınıb. Bağ mütəmadi olaraq nəzarətdə saxlanılıb və suvarma suyu ilə təmin olunub. Baramaçılığın inkişafında yem bazasının təşkili üçün bağın sahəsinin növbəti mövsümdə genişləndirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Ordubad rayonunda vaxtilə mövcud olmuş baramaçılıq və ipəkçilik müəssisələrinin bərpası və bu fəaliyyət üzrə qədim ənənələrin davam etdirilməsi üçün investorların cəlb olunması istiqamətində işlər davam etdirilir.
    – Mətbuatda da xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 8-i və 9-da Naxçıvanda ilk dəfə “Aqro festival” keçiriləcək. Bu festivalın əhəmiyyəti barədə hazırlıq işləri ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
    – Festivalda müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçiriləcək. Festivalda qardaş Türkiyə Respublikasından və Azərbaycanın digər bölgələrindən olan təsərrüfatçılar da iştirak edəcək. Sonda festival iştirakçılarının rəyi ilə sertifikatlar təqdim olunacaq, iştirak etmək istəyən şəxslərə bilet əldə edilməsi və hotel seçimində istiqamət veriləcək. Məqsəd qardaş ölkənin bu sahədə təcrübəsini mənimsəmək, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmaq, yeniliklərlə əyani tanış olmaq yolu ilə muxtar diyarımızda aqrar sektorun daha da inkişafına nail olmaqdır. 
    – Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayır, suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!

Nail ƏSGƏROV

Nəşr edilib : 08.08.2023 11:38