AZ EN RU

Muxtar respublikada aqrar sahə uğurla inkişaf etdirilir

1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur. 
    “Azərbaycanın təbiəti, torpağı, aqrar bölmənin imkanları kənd təsərrüfatında yüksək məhsul istehsal etməyə şərait yaradır”, – deyən ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan aqrar sahədə keçmiş itti­faqın kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır. 

    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafını diqqətdə saxlayır. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açmışdır. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali   Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət pro­qramları, Tədbirlər planları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılmışdır. 

    Muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2022-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılmışdır. Cari ilin 9 ayı ərzində muxtar respublikada 109 min 880 ton dənli və dənli-paxlalı, 7 min 40,4 ton dən üçün qarğıdalı, 351,7 ton dən üçün günəbaxan, 100,5 ton tütün, 77 min 746 ton tərəvəz, 54 min 998 ton kartof, 33 min 789 ton bostan məhsulları, 41 min 806 ton meyvə, 10 min 271,6 ton üzüm istehsal olunmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 0,6, tütün istehsalı 40 faiz çox olmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.

    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi məqsədilə meyvəçiliyin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin meyvə məhsullarına olan  tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir. 
    Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təchizatı əkinçiliyin inkişafını təmin edən əsas amillərdəndir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yenilənir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaqların su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kənd­ləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Nehrəm qəsəbəsi, Şahbuz  rayonunun Külüs, Mahmudoba, Nursu kəndləri ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.
    Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının istehsalı məqsədilə heyvandarlığın inkişafı diqqətdə saxlanılır. Əsasən, heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bunlar da muxtar respublikada mal-qaranın baş sayının artırılmasına və əsas növ heyvandarlıq məhsullarının istehsalının çoxalmasına imkan yaradır. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Pro­qramı”nın da əsas məqsədlərindən biri heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsidir. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 127 min 184-ə, xırdabuynuzlu heyvanların sayı isə 784 min 935-ə çatdırılmışdır ki, bu da 1 oktyabr 2021-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,4 və 1,8 faiz üstələmişdir. Cari ilin ötən dövründə 38 heyvandarlıq təsərrüfatının yaradılması, 28 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 12 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması, 10 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. 1 quşçuluq təsərrüfatı yaradılmış, 1 quşçuluq təsərrüfatının isə yenidən qurulması işləri davam etdirilir. Bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 14 milyon 234 min 900 manat güzəştli kredit verilmişdir. Bunun da 11 milyon 762 min 200 manatı heyvandarlığın inkişafı üçün ayrılmışdır ki, bu da bir il öncəki göstəricilərdən 6,9 faiz çoxdur. 
    Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Bu məqsədlə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı baytarlıq tədbirlərinin vaxtında aparılması prosesləri uğurla davam etdirilir. Heyvandarlığın inkişafında əsas amillərdən biri də heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırma tədbirlərinə üstünlük verilməsidir. Bu iş muxtar respublikada daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sen­tyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Babək rayonu ərazisində yeni süni mayalandırma mərkəzinin tikilib istifadəyə verilməsi və baytar mütəxəssislərin süni mayalandırma avadanlıqları ilə təmin olunması heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində daha geniş imkanlar açmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu il heyvandarlıq təsərrüfatlarında süni yolla 9 min 759 baş inək, düyə və camış mayalandırılmışdır. Əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 11 min 820 baş sağlam bala alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 və 4,9 faiz çox olmuşdur. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülmüşdür. Hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2022-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 21 min 512,5 ton, süd istehsalı 75 min 794,5 ton, yun istehsalı 935,9 ton, yumurta istehsalı isə 92 milyon 430 min ədəd olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9 faiz, süd istehsalı 1,4 faiz, yun istehsalı 1,2 faiz, yumurta istehsalı isə 3,4 faiz çox olmuşdur. 
    Muxtar respublikada arıçılığın inkişafı diqqətdə saxlanılmış, arı ailələrinin sayı 100 min 86-ya çatdırılmış, bu sahə üzrə qəbul olunan Dövlət proqramının icrası istiqamətində işlər davam etdirilmişdir. 2022-ci ilin            9 ayında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 9 arıçılıq təsərrüfatının yaradılması, 5 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-sentyabr aylarında 547 min 200 manat kredit verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur. Təsərrüfat sahiblərinin istehsal etdikləri balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları-bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxaldılmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur.
    Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur”. Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkar­lara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə cəmiyyətin xətti ilə 3546 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 2673-ü nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 144-ü cari ilin 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlərin tətbiqi isə bu sahədə fəaliyyətin səmərəli təşkilinə hesablanıb. 
    Əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün vacib amillərdən biri torpaqların qida maddələri ilə təminolunma dərəcəsinin müəyyən edilməsidir. Bu məqsədlə əkindən əvvəl müvafiq qaydalara uyğun olaraq götürülmüş torpaq nümunələri laboratoriya analizindən keçirilməlidir. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri olan “Araz” Elm-İstehsalat Birliyi, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində yaradılan yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda əkin sahələrindən götürülmüş torpaq nümunələri və toxum materialları analiz edilir. Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkili, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövrdə məhsul istehsalçıları 13012,8 ton mineral gübrə ilə təmin olunmuşdur. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 63 manat yardım verilməsi taxıl istehsalına marağı daha da artırmışdır. 
    Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarı keyfiyyətli yerli meyvə-tərəvəz məhsulları ilə təmin etməyə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 400 ton olan 50 soyuducu anbar və sahəsi 146 min 629 kvadratmetr olan 38 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və istehsal olunan məhsulların ixrac potensialının artırılması ilə kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Artan tələbatın qarşılanmasında, istehlak sahəsində əlçatanlığın təmin olunmasında istehsal anlayışı müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan təsdiq olunan Dövlət proqramının böyük əhəmiyyəti vardır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında həlledici rol oynayır. Etibarlı ərzaq təminatının yaradılması hesabına ixrac potensialı da artırılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin ötən dövründə muxtar respublikada 431 milyon 347 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. 
    Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi kiçik və orta sahibkarlığın inkişafına, ən əsası isə özünüməşğulluğun təmin olunmasına və yerli istehsalın artmasına şərait yaratmışdır”.

Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.10.2022 23:50