AZ EN RU

Muxtar respublikada aqrar sahə uğurla inkişaf etdirilir

    Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə, öz növbəsində, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, sahibkarlar və ailə təsərrüfatçıları üçün güzəştli kredit imkanları da diqqət mərkəzinə çəkilib.

    Kənd təsərrüfatının inkişafından danışarkən onu da mütləq vurğulamaq lazımdır ki, indiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox Dövlət proqramları qəbul edilərək uğurla icra olunmuşdur. Hazırda icrası davam etdirilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”,  “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas etibarilə muxtar respublikada kənd təsərrüfatının inkişafını nəzərdə tutur. 

    Müvafiq Dövlət proqramlarının icrasından bəhs edərkən qeyd olunmalıdır ki, təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə 37 layihə üzrə 5 milyon 414 min manat  güzəştli kredit verilmişdir ki, bunun da  540 min 500 manatı kənd təsərrüfatının inkişafı üçün ayrılmışdır. Bu vəsaitin 317 min manatı heyvandarlıq, 70 mini quşçuluq, 99 min 500-ü bağçılıq, 31 min manatı arıçılıq təsərrüfatlarının, 15 mini soyuducu anbarın, 8 mini süd emalı müəssisəsinin yaradılmasına yönəldilmişdir.
    Cari ilin ötən dövründə süd emalı müəssisəsinin, 24 heyvandarlıq,          1 quşçuluq, 1 istixana, 1 bağçılıq,   1 limonçuluq təsərrüfatının yaradılması, 4 heyvandarlıq, 4 istixana  təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin 8 heyvandarlıq, 1 arıçılıq, 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması və 2 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksinin yenidən qurulması, 3 bağçılıq təsərrüfatının yaradılması, 1 bağçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.
    Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir. Bu tədbirlər 2022-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 14 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 283 min 500 manat  dövlət maliyyə dəstəyi göstərilmişdir. 
    Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ildə Şərur Sənaye Məhəlləsində yerli xammal hesabına qarğıdalı və günəbaxan yağı da istehsal ediləcəkdir. Bunun üçün xammal ehtiyatının yaradılması da qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə yağlılığı yüksək olan qarğıdalı və günəbaxan sortları əkininin genişləndirilməsi məqsədilə ailə və fermer təsərrüfatları ilə maarifləndirici görüşlər keçirilib, istehsal olunacaq qarğıdalı və günəbaxan məhsulları müəssisə tərəfindən dəyəri nağd ödənilməklə satın alınacaqdır.
    Strateji ərzaq növü olan taxıl və kartof əkinləri 2021-ci ildə də muxtar respublikanın əkin sistemində üstün yer tutmuşdur. Belə ki, ötən il ümumi əkin sahəsinin 50,9 faizi taxılçılığın payına düşmüşdür. Muxtar respublikada istehsal edilən buğdanın hər il müəyyən olunmuş qiymətlər əsasında mərkəzləşdirilmiş qaydada satın alınması, muxtar respublikada taxılın saxlanılması üçün anbarların inşası görülən əhəmiyyətli tədbirlərdəndir. Muxtar respublikanın ayrı-ayrı rayon və kəndlərində istifadəyə verilən 20 un dəyirmanı da istehsalçılarla əlaqəni gücləndirmişdir. Nəticədə, mövsüm ərzində istehsal edilmiş 105808 ton dənli və dənli- paxlalı məhsulların 67 min 474 tonu buğda olmuşdur. 
    Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhalinin tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək üçün muxtar respublikada  əlverişli torpaq sahələri ayrılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində  3470 hektar sahədə kartof əkilmiş və 54689 ton məhsul götürülmüşdür.
    Bu il də muxtar respublikada kartof əkininin başlanılması və əkinçilərin yüksək məhsuldarlığa malik kartof toxumları əldə edə bilmələri üçün hazır­lıq işləri başa çatdırılmış, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Fəaliyyətə başladığı tarixdən bu günədək komissiyaya 265 sahibkar tərəfindən 763 hektar ərazidə əkin aparılması məqsədilə müraciətlər olunmuş, artıq 707 hektar ərazidə ölçülər dəqiqləşdirilmiş, 2121 ton rüsumsuz toxumluq kartof gətirilməsi üçün kvota sənədləri Dövlət Gömrük Komitəsinə göndərilmiş, 1644 ton kartofun gətirilməsi təmin edilmiş və hazırda bu proses davam etdirilir.
    Məlumdur ki, aqrar sektorda məhsuldarlığın artırılmasına təsir göstərən mühüm amillərdən biri də istehsalçıların müasir texnika ilə təmin olunmasıdır. Bu sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, məhsuldarlığı artırmaq, istehsalçıları lazımi texnika ilə təmin etmək məqsədilə yaradılan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Xaricdən alınıb gətirilən kənd təsərrüfatı texnikası, avadanlıq və mexanizmlər hüquqi və fiziki şəxslərə icarəyə verilir, lizinq yolu ilə istehsalçılara satılır. Lizinq yolu ilə verilən texnika və texnoloji avadanlığın dəyərinin 10 il müddətində ödənilməsi sa­hibkarların ürəyincədir.
    Aqrar sektorun inkişafında mühüm vəzifələrdən biri soyuducu anbarların yaradılmasıdır. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar republikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu  21,400 ton olan 50 soyuducu anbar yaradılmışdır ki, bunun da tutumu 14,070 tonu meyvə-tərəvəz məhsullarının tədarükü üzrə ixtisaslaşmış, tutumu 7,330 tonu ümumi təyinatlı anbarlardır. Cari ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunun Çəmənli və Babək rayonunun Badaşqan kəndlərində ümumi tutumları 750 ton olan 2 soyuducu anbarın yaradılması davam etdirilir.
    Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Müasir istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ilin ötən dövrü ərzində Şərur rayonunun Qarxun, Arpaçay, Mahmudkənd yaşayış məntəqələrində ümumi sahəsi 3494 kvadratmetr olan 4 istixana təsərrüfatının yaradılması və genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin Babək rayonunun Zeynəddin kəndində gülçülük istixana təsərrüfatı da genişləndirilmişdir. Ümumilikdə, muxtar respublikada 159 min 569 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 37 istixana təsərrüfatı fəaliyyət göstərir.
    Hər il təşkil edilən, yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımının qarşısını alan, bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhəri və rayon mərkəzlərində təşkil olunan yarmarkalarda ailə təsərrüfatçılarına gətirdikləri məhsulların satışı üçün nümunəvi şərait yaradılmış və məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə istehlakçılara təklif edilmişdir.
    Bütün bunlar onu göstərir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır və bu sahədə yaradılmış baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.

Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 
baş məsləhətçisi

Nəşr edilib : 12.04.2022 17:39