AZ EN RU

Muxtar respublikada aparılan islahatlar böyük məşğulluq imkanları yaradacaq

  

 Naxçıvan Biznes Mərkəzində keçirilən əmək yarmarkası zamanı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov “Şərq qapısı” qəzetinə müsahibə verib: – Muxtar respublika sakinlərinin məşğulluğunun təmin olunması üçün növbəti əlamətdar bir hadisə – əmək yarmarkası keçirilir. Əmək yarmarkası muxtar respublika tarixində ilk dəfə bu qədər geniş və əhatəli keçirilir. Vətəndaşlara, imtiyazlı şəxslərə təqdim olunan vakansiyaların profillərinə, müxtəlifliyinə, sayına görə ən böyük tədbir hesab olunur. Hesab edirəm ki, bu tədbir cənab Prezidentin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş Tədbirlər Planının bir hissəsidir. Həmin Tədbirlər Planında muxtar respublikanın sosial-iqtisadi inkişafı, habelə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı vasitəsilə Naxçıvan Muxtar Respublika sakinlərinin rifahının yüksəldilməsi, habelə onların keyfiyyətli, dayanıqlı məşğulluq imkanlarının təmin olunması nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan işlər təkcə  həyata keçirilən əmək yarmarkası ilə kifayətlənmir. Analoji tədbirlər ilin növbəti dövründə də davam etdiriləcəkdir. Hesab edirəm ki, muxtar respublikada son dövrlər həyata keçirilən islahatlar, o cümlədən sahibkarlıq mühitinin yaxşılaşdırılması muxtar respublika sakinlərinə böyük məşğuliyyət imkanları yaradacaq. Bu məşğulluq əhali rifahının yüksəldilməsi ilə nəticələnəcək. Dövlət Proqramı çərçivəsində yalnız yeni iş yerlərinin  açılması yox, həmçinin vətəndaşlara başqa aktiv məşğulluq tədbirləri ilə bağlı məşğulluq imkanlarının artırılması da nəzərdə tutulur. Bununla əlaqədar olaraq peşə məsləhət xidmətləri həyata keçiriləcək. Peşə ixtisas bacarıqlarının artırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin proqramı müəyyənləşib. Peşə hazırlıq mərkəzi ilə muxtar respublika sakinlərinin peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ciddi Tədbirlər Planı formalaşdırılıb. Habelə özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublikanın aztəminatlı ailələrinə, həmçinin sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən bu kateqoriyadan olan digər imtiyazlı şəxslərə fərdi təsərrüfatlarının yaradılması, onların kiçik biznesinin formalaşdırılması, bununla da dayanıqlı, keyfiyyətli özünəməşğulluq fəaliyyətlərinin təmin olunması üçün işlər həyata keçirilir. Müqayisə üçün qeyd edək ki, son 5 il ərzində muxtar respublikada mindən artıq bu istiqamətdə fərdi təsərrüfat yaradılıbsa, 2023-cü ildə planımız ondan ibarətdir ki, 1500 fərdi təsərrüfatın yaradılması üçün imtiyazlı şəxslər və aktivlər təqdim olunsun. Burada xüsusi spesifik hadisə ondan ibarətdir ki, istər iqtisadi, sosial, istərsə də aqrar mühit ilə əlaqədar olaraq çox unikal aktivlərin təqdim olunması nəzərdə tutulur. Bu istiqamətdə müvafiq dövlət orqanları mərkəzi icra hakimiyyəti orqanları ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çox sıx əməkdaşlığı var. Muxtar respublika sakinlərinə bildirmək istəyirəm ki, ilin ikinci hissəsində nazirlik tərəfindən muxtar respublikada məşğulluq, sosial siyasət, habelə sosial sığorta sahələrində böyük islahatlar həyata keçiriləcəkdir. Qeyd edim ki, bu əmək yarmarkası olduqca izdihamlı keçir. Bir daha vətəndaşlara iş seçimində uğurlar arzu edirəm. Hesab edirəm ki, işaxtaran şəxslərlə işəgötürənlər arasında ölkə üzrə vahid sistem vasitəsilə çox düzgün və keyfiyyətli xidmət nəticəsində əməli nəticələrə nail olacağıq. 
    Onu da qeyd edim ki, “Dost” İş Mərkəzi vətəndaşların, uzun müddət işsiz qalan şəxslərin müvəqqəti işlə təmin olunması ilə bağlı bir mərkəzdir. “DOST” vasitəsilə təqdim olunan vakansiyalarda haqqıödənilən iş müvafiq qanunvericiliklə tənzimlənən mexanizmdir. Onun əsas məqsədi cəmiyyətdə müəyyən iş imkanlarına məhdud şəxslərin müvəqqəti məşğulluğunun təmin olunmasıdır. Hesab edirəm ki, müvəqqəti dövrdə də olsa, muxtar respublika sakinlərinin məşğulluğunun təmin olunması əhəmiyyətli bir prosesdir. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 22.06.2023 13:32