AZ EN RU

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

    Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması noyabr ayında da diqqətdə saxlanılmış, tədbir, konfrans, monitorinqlər keçirilmişdir.
    Hesabat ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında muxtar respublikada həyata keçirilən sosialyönümlü layihələrdə sərmayə kapitalı alan 15 qadının 1227 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları, həmçinin 112 qadının 2626 əl işi olmaqla, ümumilikdə, 127 qadının 3853 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənmişdir. Üçgünlük festivalda 51 qadının 3249 manat dəyərində ailə təsərrüfatı məhsulları və əl işi satılaraq dəyəri iş sahiblərinə ödənilmişdir. 
    23 noyabr 2022-ci il tarixdə “Naxçıvan Saray” xidmət kompleksində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin bağlanış konfransı keçirilmişdir. Tədbirdə layihə iştirakçılarından 41 qadının 1592 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənmiş, 29 qadının 712 manat dəyərində əl işi və ailə təsərrüfatı məhsulları satılmışdır. Ümumilikdə, hesabat dövründə özünüməşğulluğu təmin edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, “Ailə təsərrüfatı məhsulları” festivalında, eləcə də “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin bağlanış konfransında 83 istedadlı qadının 4007 manat dəyərində  əl işi və ailə təsərrüfatı məhsulları satılmış və dəyəri iş sahiblərinə ödənilmişdir.
    Komitə tərəfindən Naxçıvan Tibb Kollecində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir”, Kəngərli rayonunda yaşayan sağlamlıq imkanları məhdud qadınlar üçün isə dekorativ-tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə 25 qadına “Fiziki əngəl qurub-yaratmaq şövqünə mane deyil” mövzularında maarifləndirici tədbirlər keçirilmişdir. Ötən ay muxtar respublikada tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi də davam etdirilmişdir. Belə ki, Naxçıvan şəhəri, Culfa, Kəngərli və Sədərək rayonları üzrə qadınlarla əlaqə saxlanılmış, onlardan 3-nün kompüter istifadəçisi və 2-nin bərbər-manikürçü peşə təhsilinə yiyələnməsi üçün məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilmişdir. Hesabat ayında komitə tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi ilə bağlı Azərbaycan və ingilis dillərində buklet və “Naxçıvan Muxtar Respublikasında qadınların özünüməşğulluqlarına dəstək: layihələr və nəticələr” adlı albom-kataloq hazırlanmışdır.
    Noyabr ayında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən 3 uşaq müəssisəsində və valideyn himayəsindən məhrum olmuş                   1 uşağın evində, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədrisə cəlb edilmiş 9-u Şahbuz və 7-si Kəngərli rayonu üzrə olmaqla, 23 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 16 müəssisədə monitorinqlər keçirilmiş, uşaq hüquqlarının pozulması halına rast gəlinməmişdir. Həmçinin muxtar respublikada yaşayan 9 sağlamlıq imkanları məhdud uşağın məktəbəqədər təhsil müəssisələrinə cəlbi ilə bağlı evlərində monitorinq keçirilmiş, 1 uşaq məktəbə, 3 uşaq isə məktəbəqədər müəssisəyə cəlb edilmişdir. Bundan başqa, ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə Kəngərli rayonunun Xok kənd tam orta məktəbində valideyn, şagird və müəllimlər arasında maarifləndirici tədbir keçirilmişdir. 
    Ümumdünya Uşaq Günü ilə əlaqədar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə 2022-2023-cü tədris ili ərzində təhsil, incəsənət və idman sahəsində uğur qazanan 15 uşaq təltif olunmuşdur. Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi də diqqətdə saxlanılmış, 9-u şəhid övladı, 1-i sağlamlıq imkanları məhdud, 14-ü təkvalideynli, 32-si sosial qayğıya ehtiyacı olan, 4-ü çoxuşaqlı ailədən olmaqla, ümumilikdə, 60 uşağa qış geyimi verilmişdir.
    “Muzey günləri” çərçivəsində komitə əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 14.12.2022 20:28