AZ EN RU

Muxtar respublikada 2023-cü ildə aparılan arxeoloji qazıntıların yekunları təqdim olunub

    AMEA Naxçıvan Bölməsində muxtar respublikada fəaliyyət göstərən beynəlxalq və yerli ekspedisiyaların 2023-cü il üzrə yekunları ilə bağlı hesabat iclası keçirilib.
    İclası giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik muxtar respublikada cari ilin yay mövsümündə fəaliyyət göstərən arxeoloji ekspedisiyaların apardığı tədqiqatlardan bəhs edib. Bildirib ki, beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Sədərək rayonu ərazisində Sədərək yaşayış yerində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və ABŞ-ın Pensilvaniya Universitetinin müəllimi, dosent Lauren Ristvetin rəhbərliyi ilə tədqiqat aparmışdır. Bundan əlavə, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Tumbultəpə yaşayış yerində, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə II Plovdağ yaşayış yerində, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlovun rəhbərliyi ilə Meydantəpə yaşayış yerində 3 yerli arxeoloji ekspedisiya fəaliyyət göstərmişdir. Ekspedisiyaların fəaliyyətini yüksək qiymətləndirən bölmə sədri aparılan arxeoloji tədqiqatların Naxçıvanın qədim dövr tarixinin öyrənilməsinə mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
    Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Azərbaycan-ABŞ və Tumbultəpə arxeoloji ekspedisiyalarının yekunlarını təqdim edib.
    Əvvəlcə Sədərək yaşayış yerində aparılan araşdırmaların yekunlarından bəhs edən alim abidənin strukturu, qazıntılar zamanı aşkar olunan Orta Eneolit dövrünə aid keramika nümunələri, məişət əşyaları barədə məlumat verib. Diqqətə çatdırılıb ki, araşdırmalar 100 kvadratmetr sahədə aparılmışdır. Bildirilib ki, aparılan araşdırmalar urartulara və skiflərə aid edilən bir çox maddi mədəniyyət nümunələrinin Manna dövlətinə məxsus olduğunu təsdiq edir. Sədərək Kültəpəsində aparılan araşdırmalar zamanı aşkar edilən, şəhərlər üçün xarakterik olan üç sıra daş döşəməli küçələr də bunun bir nümunəsidir.
    Tumbultəpə yaşayış yerinin isə mövsümi yaşayış yeri kimi istifadə olunduğunu bildirən alim diqqətə çatdırıb ki, tədqiqat zamanı Son Eneolit dövrü insanlarının dördkünc formalı evlərdə yaşadığı müəyyən edilmişdir. Eneolit dövrünün son mərhələsinə aid maddi mədəniyyət nümunələri indiyədək muxtar respublikada bir sıra arxeoloji abidədən məlumdur. Ovçulartəpə mədəniyyətinin son mərhələsinə aid olan bu tapıntılar həmin mədəniyyətin geniş bir coğrafiyada yayıldığını göstərir. Tumbultəpə yaşayış yerinin tapıntıları isə bu mədəniyyətin lokal xarakter daşımadığını bir daha təsdiq edir.
    Yığıncağa onlayn qatılan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli rəhbərlik etdiyi Xaraba Gilan arxeoloji ekspedisiyasının II Plovdağ yaşayış yerində apardığı tədqiqatların yekunları barədə məlumat verib. Vurğulanıb ki, burada aşkar olunan qəbir abidələri və yaşayış yerləri daşla inşa olunmuşdur. Bəzi yerlərdə Orta Tunc dövrünün evləri inşa edilərkən İlk Tunc dövrü evlərinin daşlarından istifadə olunmuşdur. Erkən Tunc dövrünün daşla işlənmiş irihəcmli fərdi yaşayış evləri bir-birinə bitişik deyil, müəyyən intervalla eyni horizontda yerləşmişdir. Orta Tunc dövründən başlayaraq evlərin içərisində daşla dairəvi formada işlənmiş, ərzaq saxlamaq üçün xüsusi yerlər – anbarlar meydana gəlmişdir. Bu qədim ənənə Naxçıvan ərazisində müəyyən dəyişikliklərlə sonrakı bütün dövrlərdə də davam etmişdir. Bəhlul İbrahimli, həmçinin yaşayış yerində aşkar olunan keramika nümunələri və daş qutu qəbir barədə də məlumat verib.
    AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlov “Zoom” proqramı vasitəsilə tədbir iştirakçılarını rəhbərlik etdiyi antik Naxçıvan arxeoloji ekspedisiyasının Meydantəpə yaşayış yerində gördüyü işlər, əldə olunan nəticələrlə tanış edib.
    Alim bildirib ki, qazıntılar nəticəsində əldə edilmiş tapıntıların hamısı eramızdan əvvəl IV-bizim eranın III əsrlərinə aiddir. Tapıntılar Azərbaycanın, o cümlədən Naxçıvanın antik dövr tarixinin, mədəniyyətinin, memarlığının, təsərrüfat həyatının, beynəlxalq əlaqələrinin öyrənilməsi üçün mühüm elmi əhəmiyyətə malikdir.
    Sonra çıxış edən AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov arxeoloji ekspedisiyaların işini yüksək qiymətləndirərək əldə olunan yeni elmi nəticələrin bir sıra tarixi faktların dəqiqləşdirilməsinə verdiyi töhfədən söz açıb.
    Sonda çıxış edən ekspedisiya rəhbərləri tədbirin təşkilinə və fəaliyyətlərinə göstərilən diqqətə görə minnətdarlıq ediblər.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 13.09.2023 19:50