AZ EN RU

Muxtar respublika üzrə yaşı yüzdən yuxarı və ilk dəfə səs verəcək bu qədər seçici qeydiyyata alınıb

Məlum olduğu kimi bu il ölkəmizdə fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həm də ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın bütün bölgələrini əhatə edəcək.

Naxçıvan Muxtar Respublikasında da növbədənkənar prezident seçkilərinə böyük hazırlıq işləri görülür. Seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Maraqlıdır, bu il keçiriləcək növbədənkənar prezident seçkilərində muxtar respublika üzrə ilk dəfə iştirak edəcək nə qədər seçici qeydiyyata alınıb? Bundan əlavə, seçkilərdə yaşı 100-ü ötmüş neçə vətəndaşımız iştirak edəcək?

“Şərq qapısı” qəzeti bununla bağlı muxtar respublikada yerləşən dairə seçki komissiyaları ilə əlaqə saxlayaraq bu suallara cavab tapmağa çalışıb.

1 saylı Şərur-Sədərək dairə seçki komissiyasının sədri Niyaz Əsgərov bizimlə söhbətində bildirdi ki, bu dairə üzrə ilk dəfə səsverənlərin sayı 2801 nəfərdir. Yaşı 100-dən yuxarı seçici qeydə alınmasa da ən çox seçicinin qeydə alındığı seçici məntəqəsi 1-15 saylı məntəqədir ki, bu məntəqədə 1448 seçicinin səsvermədə iştirak edəcəyi gözlənilir.

2 saylı Şərur-Kəngərli seçki dairəsində isə 100 yaşını haqlamış iki seçici var. Onlardan biri Kəngərli rayon Qıvraq qəsəbə sakini Hüseynəliyeva Şərəf Muxtar qızı (01.07.1920), digəri isə Şərur rayon Çəmənli kənd sakini Quliyeva Misri Qulu qızıdır (01.07.1923). Adıçəkilən dairə seçki komissiyasının sədri Kənan Qəhrəmanovdan aldığımız məlumata görə, dairə üzrə ilk dəfə seçkilərdə iştirak edəcək vətəndaşların sayı 2925 nəfərdir. Ən çox seçicinin qeydiyyata alındığı məntəqə isə Şərur rayonunun Çərçiboğan kəndində yerləşən 2-10 saylı seçki məntəqəsidir ki, burada da 1450 nəfərin adı seçici qeydiyyatına alınıb.

3 saylı Babək-Şahbuz-Kəngərli dairə seçki komissiyasından aldığımız məlumata görə, bu dairə üzrə ilk dəfə seçkilərdə iştirak edəcək vətəndaşların sayı 2664 nəfərdir. Dairə üzrə 100 yaşdan yuxarı seçici qeydə alınmasa da, ən çox seçicinin səs verəcəyi ünvan Babək şəhərindəki 3-2 saylı və Kəngərli rayonun Xok kəndində yerləşən 3-56 saylı seçki məntəqələridir ki, bunların da hər birində 1403 seçicinin səs verəcəyi gözlənilir.

4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə də yaşı 100-dən yuxarı seçici qeydə alınmayıb. Dairə üzrə ilk dəfə seçkilərdə iştirak edəcək seçicilərin sayı isə 2972 nəfər təşkil edir. 4-28 saylı seçki məntəqəsi isə dairə üzrə ən çox seçicinin səs verəcəyi məntəqə kimi müəyyənləşib ki, burada da ümumi seçici sayı 1466 nəfər təşkil edir.

5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə 100 yaşdan yuxarı cəmi bir nəfər qeydə alınıb. Bu seçici Babək rayonunun Qahab kəndində 5-18 saylı seçki məntəqəsində qeydə alınmış Fərzəliyeva Fatma Şıxəli qızıdır (01.07.1923). 5-43 saylı məntəqənin seçici siyahısında qeydə alınmış Hacıyeva Simuzər Seyidkərim qızı isə (01.07.1924) Naxçıvan şəhər sakinidir. Bu dairə üzrə 3517 nəfər ilk dəfə olaraq öz səs hüququndan istifadə edəcək. Dairə üzrə ən çox seçicinin qeydiyyata alındığı məntəqə Culfa rayonunun Ərəzin kəndində yerləşən 5-38 saylı seçki məntəqəsidir. Bu məntəqədə 1468 seçici səs verəcək.

Nəhayət, 6 saylı Ordubad-Culfa seçki dairəsindən adığımız məlumata görə, bu dairə üzrə 63 seçki məntəqəsi yaradılıb. Dairə üzrə ümumi seçicilərin sayı 46 min 138 nəfər təşkil edir. Ən yaşlı seçici 1923-cü il təvəllüdlü Səfərov Abdulla Qasım oğlu Culfa rayonunun Yaycı kəndində yaradılmış 6-46 saylı məntəqədə qeydə alınıb. İlk dəfə səs verəcək seçicilər dairə seçki komissiyası üzrə 2635 nəfərdir. Seçki dairəsi üzrə seçicilərin ən çox səs verəcəyi yer 6-18 saylı seçki məntəqəsidir ki, Ordubad rayonunun Dəstə kəndində yerləşən bu seçki məntəqəsində 1491 seçici qeydiyyata alınıb.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 24.01.2024 11:44