AZ EN RU

Muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. İyunun 16-17-də bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Agentlikdən "Şərq qapısı"na bildirilib ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışı müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq  heyvanların satışı və kəsimi  xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim ediləcək. Bununla yanaşı, bir sıra regionlarda Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Qurban bayramı günlərində muxtar respublika üzrə 8 ünvanda fəaliyyət göstərəcək qurbanlıq  heyvanların satışı və kəsimi  yerlərindən 5-də həm kəsim, həm satış, 2-də qurbanlıq  heyvanların yalnız satışı,1-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Nəşr edilib : 15.06.2024 12:48