AZ EN RU

Muxtar respublika sərhədləri etibarlı müdafiə edilir - FOTOLAR

    Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda ilk milli sərhəd qurumları yaradılmışdır.
    1988-ci ildən etibarən avtomobil və dəmir yolu ermənilər tərəfindən bağlanan, iqtisadi blokadaya salınan Naxçıvan Muxtar Respublikasının sərhədyanı yaşayış məntəqələri erməni işğalçıları tərəfindən mütəmadi şəkildə atəşə tutulur, basqınlara və talanlara məruz qalırdı. Muxtar respublikanın ərazisində olan 75-ci motoatıcı diviziyanın və 41-ci sərhəd dəstəsinin hərbçiləri isə Moskvanın siyasətinə uyğun olaraq Naxçıvanı erməni təcavüzündən qorumurdu. Belə bir vəziyyət muxtar respublikanın müdafiəsinin milli qüvvələr hesabına təşkil olunması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirdi. 
    Heç təsadüfi deyildir ki, uzaqgörən dövlət xadimi Ali Məclisin Sədri seçildikdən cəmi dörd gün sonra 1991-ci il sentyabrın 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdir. Bununla da Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulmuşdur. 1992-ci il avqustun 22-də Naxçıvandakı 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçmiş və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Dəstəsi ləğv olunmuş, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilmişdir. 
    Ulu öndər Heydər Əliyev Naxçıvanda ilk sərhəd dəstəsinin yaradılması barədə demişdir: “Azərbaycan müstəqillik yolu ilə getməyə başlayanda respublikamızda sərhəd dəstələri yaratmaq zərurəti meydana çıxdı. O cümlədən burada Azərbaycanın ərazisindən ayrı düşmüş və o illərdə, elə indi də blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da bu problemi həll etmək lazım idi. Biz bu problemi həll etdik. 41 nömrəli sərhəd dəstəsinin bütün əmlakı, bütün qurğular, silahlar, sursatlar, ləvazimatlar, texnika Naxçıvan Muxtar Respublikasının sərəncamına keçdi... Əminəm ki, Naxçıvan sərhəd dəstəsi günü-gündən inkişaf edəcək, sərhədlərimiz etibarlı şəkildə qorunacaqdır”.
    Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ali rəhbərliyə ikinci qayıdışından sonra da bu sahədə işlər davam etdirilmiş, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirmişdir. Ulu öndərin 1996-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasına 3 günlük səfəri zamanı sərhəd dəstəsinə gəlməsi və şəxsi heyət qarşısında çıxış etməsi sərhəd dəstəsinin tarixinə ən əlamətdar hadisələrdən biri kimi yazılıb. Müdrik siyasətçi sərhəd dəstəsinə gəlməklə bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikasının sərhədlərinin mühafizəsinə xüsusi diqqət və qayğı göstərir. Ulu öndər sərhəd dəstəsinin fəaliyyətindən razılıqla danışaraq demişdir: “Sizin hamınız zabit heyəti və şəxsi heyət çox iş görmüş, yararlı sərhəd dəstəsi yaratmısınız. Gördüyünüz bu işlərə görə sizə təşəkkür edir və əmin olduğumu bildirmək istəyirəm ki, əldə etdiyiniz nailiyyətlər daha da artacaq. Burada Azərbaycan Silahlı Qüvvələrinin böyük bir dəstəsini nümunəvi dəstəyə çevirəcək, qoruyacaqsınız. Mən buna əminəm”.
    Bu gün isə ulu öndərin siyasi irsini uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. “Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edilməsi deməkdir”, – deyən ölkə başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalamış, normativ-hüquqi baza təkmilləşdirilmiş, maddi-texniki təminat və döyüş hazırlığı artırılmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında Sərhəd Diviziyası, 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, Naxçıvanda sərhədlərimizin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoymuşdur. 
    Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün də muxtar respublikamızda uğurla davam etdirilir, hərbi qulluqçulara hərtərəfli dövlət qayğısı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Göstərilən diqqət və qayğı nəticəsində qərargah binası, xəstəxana, müasir tələblərə cavab verən uşaq bağçası tikilmiş, mərkəzləşmiş istilik sistemi yaradılmış, sərhədçi ailələri üçün istirahət parkı salınmış, hamam-camaşırxana kompleksi yenidən qurulmuş, çörək sexi istifadəyə verilmişdir. Həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri aparılmış, avtomobil parkında təmir emalatxanaları, anbarlar, avtomobillərin saxlanılması üçün yeni saxlanclar, qarovul və qazanxana binaları inşa edilmişdir. 2007-2012-ci illər ərzində ən müasir tələblərə uyğun 9 sərhəd zastavası kompleks şəkildə tikilmiş, Culfa sərhəd komendantlığı yenidən qurularaq istifadəyə verilmişdir. Hərbi infra­struktur quruculuğu istiqamətində görülən işlər son illər də diqqət mərkəzində saxlanılmış, 2018-ci ildə Qaraçuq sərhəd komendantlığı, 2019-2021-ci illər ərzində 3-cü, 6-cı, 8-ci və 15-ci sərhəd zastavaları ən müasir şəkildə inşa edilmiş və sərhədçilərin istifadəsinə verilmişdir. 12-ci sərhəd zastavasının içməli su ilə təmin olunması məqsədilə arteziyan quyusu qazılmış, “Ordubad” sərhəd komendantlığı, 22-ci və 23-cü sərhəd zastavaları əsaslı təmir olunmuşdur. Cari ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ən müasir tələblərə cavab verən yeni əsgər yataqxanası, idman kompleksi, “Şərur” sərhəd komendantlığının xidməti-yaşayış kompleksi sərhədçilərin istifadəsinə verilmişdir. 5-ci sərhəd zastavasının inşası başa çatdırılmışdır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədilə dövlət sərhədi boyunca siqnalizasiya sistemi yaradılmış və müasirtipli kameralar quraşdırılmışdır. Müasir tələblərə uyğun yeni qərargah binaları, əsgər yataqxanaları, anbarlar, hamam-camaşırxana, yardımçı binalar, sərhədçi ailələri üçün tam şəraitli yaşayış binaları tikilib istifadəyə verilmişdir. 
    Şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Yaradılan müasir infrastruktur və maddi-texniki təchizat döyüş hazır­lığının yüksəldilməsinə və peşəkar kadr təminatına öz töhfəsini vermişdir. Sərhəd komendantlıqlarının xidməti ərazilərində qarşılıqlı fəaliyyət planına əsasən “Dövlət sərhədinin pozulması halları baş verdikdə sərhəd bölmələrinin hərəkəti və sərhəd axtarışının keçirilməsi” mövzusunda Sərhəd Diviziyasının sərhəd komendantlıqlarının sərhəd zastavaları və Çevik əməliyyat taborunun şəxsi heyətinin iştirakı ilə təlim məşqləri keçirilmişdir. Təlimdə əldə olunan təcrübə, şəxsi heyətin qazandığı vərdişlər dövlət sərhədinin etibarlı mühafizəsinə təminat yaratmışdır. Müxtəlif ixtisaslar üzrə Mərkəzi Qərargahda keçirilən təlim toplanışlarında zabit heyətinin hazır­lanması və təkmilləşdirilməsində Sərhəd Diviziyasının aidiyyəti üzrə bölmələrinin iştirakı təmin olunmuşdur. Gizir hazırlığı və Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarında Sərhəd Diviziyası üçün mütəxəssislərin hazırlanması və bu kurslarda hərbi qulluqçuların təhsil alması təşkil olunmuşdur. 
    Bu gün hər bir sərhədçi ulu öndərimizin və müstəqilliyimizin əmanəti olan dövlət sərhədlərimizi ayıq-sayıq qorumaqla həm də beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, qaçaqmalçılığa qarşı mübarizə aparır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparmalı, fədakarlıq göstərməlidir”.
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti yaradılan şərait və göstərilən yüksək qayğını daim öz üzərində hiss edərək daha da ruhlanır, bundan sonra da Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı sərhədlərini etibarlı qoruyacaq, ayıq-sayıqlıq nümayiş etdirəcəkdir.

“Naxçıvan” Əlahiddə 
Sərhəd Diviziyası

Nəşr edilib : 19.08.2022 18:06